Məhkəmə qərarları › İş №3(001)-6618/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6618/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6618/2025 01.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş X1 iştirakı ilə, X1 Binəqədi rayon X8 X4 Xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi rayon X8 X4 Xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsi ilə (yolayrıcını keçmə qaydalarının pozulması) təqsirli bilinərək 100 manat cərimə edilmişdir. E.B.Sadıqov həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında E.B.Sadıqov şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 22 iyul 2025-ci il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Cəfər Xəndan küçəsində hərəkətdə olarkən yolayrıcında heç bir avtomobil olmadığını görüb, yolayrıcına daxil olmuşdur. Lakin, yol patrul xidməti əməkdaşı onu dayandıraraq, barəsində İXM-nin 327.2-ci maddəsi ilə əsassız protokol tərtib etmiş, həmin protokol əsasında da məlum qərar qəbul olunmuşdur. Hazırda həmin qərarın ləğv edilməsini, təyin edilmiş cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin: - 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 78.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. - 100.3-cü maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. - 100.4-cü maddəsinə əsasən, protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. - 100.5-ci maddəsinə əsasən, nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. - 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. - 106.0-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; Qanunvericiliyin sadalanan müddəalarından belə nəticəyə gəlinir ki, inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılar. Şəxsin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılığı isə inzibati xəta haqqında protokolda onun izahatı ilə müəyyənləşdirilir. Hazırki halda inzibati xəta haqqında 22 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli protokol nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, protokolun heç bir hissəsində nə onu tərtib etmiş, nə də barəsinə icraat aparılan şəxsin imzası, habelə icraat aparılan şəxsin izahatı mövcud deyildir. Belə olan halda protokolun tərtib olunduğu tarixdə inzibati tənbeh tətbiq etmə barədə qərarın qəbul edilməsi qanunsuz olmuşdur. İXM-nin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.... İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, 22 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol” qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından, həmin protokol əsasında qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv olunmalı, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Binəqədi rayon X8 X4 Xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar