Məhkəmə qərarları › İş №3(001)-663/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-663/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-663/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs İXM-nin 535.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş 29 yanvar 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol baxılması üçün həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 28 yanvar 2025-ci il tarixdə, saat 17:50 radələrində Binəqədi rayonu, Ə.ünvan 3 ünvanının qarşısında sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş A.Ə.Kosayev izahatında göstərdi ki, 28 yanvar 2025-ci il tarixdə, saat 17:50 radələrində Binəqədi RPİnin 5-ci Polis Bölməsinin əməkdaşları ünvan 4 ünvanında küçədə iki nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiklərini görüb dərhal onlara yaxınlaşmış, həmin şəxslərin spirtli içki qəbul etdiklərini hiss edib onları sakitliyə, nizam-intizama dəvət etsələr də, həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, əl-qol hərəkəti etməyə çalışmışlar. Buna görə də, polis əməkdaşları həmin şəxsləri 5-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə aşkar edilmişdir ki, həmin şəxslər Məmməd və Tural Kamallı qardaşlarıdır. Hər iki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Sonda A.Ə.Kosayev inzibati məsuliyyət məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o və qardaşı polisə tabesizlik göstərməmişlər. Belə ki, o, yoldan keçən “Prius” markalı avtomobilin sürücüsü ilə mübahisə etmiş, həmin maşındakı şəxslər maşından düşəndə polis əməkdaşları gəlib onu və qardaşını 5-ci PB-yə aparmışlar. Həmin vaxt nə o, nə də qardaşı uca səslə söyüş söyməmişdir. Sonda Şəxs məhkəmədən qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Binəqədi RPİ-nin 5-ci PB-də cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 yanvar 2025-ci il tarixdə əməliyyat tədbiri ilə əlaqədar saat 17 radələrində Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində olarkən 64A ünvanının qarşısında 2 nəfər şəxsin sərxoş vəziyyətdə səs-küy saldıqlarını görüb, onlara keçiriləcək əməliyyat tədbiri ilə əlaqədar həmin ərazidən uzaqlaşmalarını təklif etmişlər. Bu zaman hər iki şəxs onlara qəti etirazlarını bildirməklə, uca səsli söyüşlərini davam etdirmişlər. Onlar həmin şəxsləri sakitliyə dəvət etsələr də, həmin şəxslər onların qanuni tələblərinə tabe olmadıqlarından 5ci PB-yə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid Orxan Mehdiyevin ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 28 yanvar 2025-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə xidməti ərazidə olan zaman Binəqədi rayonu, Ə.ünvan 3 ünvanında 2 nəfər şəxsin içkili halda uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi pozduqlarını müşahidə etdik. Dərhal həmin şəxslərə yaxınlaşaraq onları intizama dəvət etdik. Lakin, onlar buna məhəl qoymayaraq yenə də öz çirkin əməllərini davam etdirdilər. Bununla da, bizə tabesizlik edərək əl-qol hərəkətləri də etdilər. Bu səbəbdən həmin şəxslər tabesizlik göstərdikləri üçün tərəfimizdən 5-ci PB-yə dəvət olundular. Bölmədə məlum oldu ki, həmin şəxslər iki qardaş – X4 və Şəxsdur. - 28 yanvar 2025-ci il tarixli, AZA 019099 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 28 yanvar 2025-ci il tarixdə, saat 18:20-də inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan, o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyət yaranır. İşin faktiki halları ilə Şəxs polisin qanuni tələbinə tabe olmaması öz təsqidini tapdığından, o, həmin maddənin sanksiyası həddində inzibati xəta üzrə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 gün müddətində inzibati həbs edilməli, tutulmasının əvvəli 28 yanvar 2025-ci il tarixdən, saat 18:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 yanvar 2025-ci il tarixdən, saat 18:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar