Məhkəmə qərarları › İş №3(001)-6637/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6637/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6637/2025 18.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs iştirakı ilə, Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına vəzifəli şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında işə baxılmasına dair təyin olunmuş məhkəmə iclasına gəlməsi ilə bağlı bildiriş göndərilmişdir. X1 məxsus əlaqə nömrəsinə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in tərəfə çatmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət edilməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, borclu "xxxx" MMC-nin direktoru vəzifəsini 2021-ci ilin sentyabr ayından 2025-ci ilin aprel ayına qədər icra etmişdir. Hazırda MMC-nin direktoru olmadığını nəzərə alaraq, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Binəqədi rayon İcra Şöbəsində izahat verən zaman icra məmuru orada olmamışdır. Ondan izahatı alan şəxsə həmin MMC-nin direktoru olmadığını bildirsə də, hansı səbəbdən barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi ona məlum deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2931/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 58005 manat borc, 10440,90 manat ƏDV, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 5024 manat, 100 manat hüquqi yardım xərci, 400 manat mediasiya xərci olmaqla, cəmi 73969,9 manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, "xxxx" MMC barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu könüllü qaydada nəzərdə tutulmuş müddət ərzində ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2931/2023 saylı icra vərəqəsinin icrası ilə əlaqədar olaraq ona məxsus hesablar üzərinə həbs qoyulmuş və qərar icra olunması üçün "xxxx" ASC, “X8 Azərbaycan” QSC və "xxxx" ASC-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu "xxxx" MMC-nin dövlət və xarici valyuta ilə olan bank hesablarında olan pul vəsaitlərinin üzərinə 73969,9 manat həcmində manat ekvivalentinə uyğun həbs qoyulmuş, həmin həcmdə satışı bank və qeyri-bank təşkilatlarına həvalə edilərək borc tələbi həmin pul vəsaitlərinə yönəldilməklə (inkasso sərəncamlarında göstərilən hesablara” köçürülməsinin təmin edilməsi qərara alınmışdır. “X8 Azərbaycan “ QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan görnüür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2931/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-nin cari hesabına həbs qoyulmuşdur və vəsait daxil olduqca daxil olan vəsaitə 73969,9 AZN məbləğində həbs qoyulacaqdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2931/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-nin müəyyən edilmiş hesablaşma hesabına qoyulan inkasso sərəncamlarının icraya qəbul edilməsi təmin olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2931/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-nin hesablarına həbs qoyulmuşdur. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2931/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-nin müəyyən edilmiş hesablaşma hesabına qoyulan inkasso sərəncamlarının 2 ay müddəti bitdiyi üçün qüvvədən düşmüş hesab edilmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi bazasından olan xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, 24 aprel 2025-ci il tarixdən "xxxx" MMC-nin qanuni təmsilçisi X4r. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2931/2023 saylı icra vərəqəsinə əsasən, cavabdeh "xxxx" MMC-dən 58005 manat borc, 10440,90 manat ƏDV, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 5024 manat, 100 manat hüquqi yardım xərci, 400 manat mediasiya xərci olmaqla, cəmi 73969,9 manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs izahat verərək bildirmişdir ki, MMC-nin direktoru hazırda o deyildir. Bundan başqa iş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” bazasından olan xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X4r. Göründüyü kimi, hazırda borclu hüquqi şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs olmadığından, o, hüquqi şəxs "xxxx" MMC-nin öhdəliklərinin icra edilməməsinə görə İXMnin 528.1-ci maddəsi ilə vəzifəli şəxs qismində məsuliyyətə cəlb oluna bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar