Məhkəmə qərarları › İş №3(001)-6647/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6647/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6647/2024 22.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, hakim köməkçisi (məhkəmə iclas katibi) X12 oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qubadlı rayonunun Qarakişilər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.2 və 511.1.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 332.2 və 511.1.3-cü maddələri ilə tərtib edilmiş 22 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs 16 iyun 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21074” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq etməklə, nəticədə İXM-in 332.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin polis mayoru X6 izahatında göstərdi ki, Şəxs 16 iyun 2024-cü il tarixdə nəqliyyat vasitəsinin idarəetmək hüququ olmadan idarə etdiyi “VAZ 21074” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmaqla avtoxuliqanlıq etmişdir. Həmin vaxt onun hərəkətləri avtomobildə olan şəxslər tərəfindən video ilə qeydə alınmış, sonradan Şəxs özü həmin videonu sosial şəbəkədə paylaşmışdır. Beləliklə, həmin fakt videogörüntü vasitəsilə aşkarlanmış, 22 noyabr 2024-cü il tarixdə Şəxs Polis İdarəsinə dəvət olunaraq, izahatı alınmış, o, öz əməlini etiraf etmiş, beləliklə, barəsində hazırki protokol tərtib edilərək, toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilmişdir. Sonda N.A.Abdullayev protokol üzrə əladətli məhkəmə qərarının çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilmiş Şəxs törətmiş olduğu əməli etiraf edərək, izahatında göstərdi ki, avtomobil onun atasına məxsus olmuş, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda, həmin avtomobili dükana getmək adı ilə götürmüş, avtomobildə dostları olmuş və o, avtomobildə qəfil tormozlamalar etməklə, təkərlərin yola sürtünməsi nəticəsində səslər yaratmışdır. Bu əməlləri dostu tərəfindən telefonla kameraya çəkilmiş, həmin video onun tərəfindən sosial şəbəkədə paylaşılmışdır. 22 noyabr 2024-cü il tarixdə polis idarəsindən onun atasına zəng gələrək, onlar idarəyə dəvət olunmuşlar. Hazırda törətmiş olduğu əməldən səmimi peşman olmaqla, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında müdafiəçi X2 Nihad Oqtay oğlunun törətmiş olduğu inzibati xətanı səmimi etiraf etməsinin, əməlindən peşmanlıq hissi duymasının və yaşının az olmasının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 22 noyabr 2024-cü il tarixli, İPX ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, Şəxs 16 iyun 2024-cü il tarixdə, saat 14:00-da nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-21074” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 332.2-ci və 511.1.3-cü maddələrində göstərilən inzibati xətaları törətmişdir. Şəxs protokola onunla razı olmasında dair müvafiq qeyd aparmışdır. İş materiallarına əlavə edilmiş hadisənin görüntülərini əks etdirən diskdən görünür ki, Şəxs idarə etdiyi avtomobillə İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi həmin maddə ilə inzibati məsuliyyət yaradır. - 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması həmin maddə ilə inzibati məsuliyyət yaradır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 332.2 və 511.1.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Onun əməlləri həm özünün etirafı, həm də iş materiallarında olan, polisə verdiyi izahat, videogörüntü və tərtib edilmiş protokolla öz təsdiqini tapır. İnzibati Xətalar Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. - 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs səmimi peşmanlığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, İXM-in: 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırki halda Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə münasibətdə məhkəmə qeyd edir ki, avtoxuliqanlıq ictimai qayda, ictimai təhlükəsizlik əleyhinə olan inzibati xəta hesab edildiyindən, bu inzibati xətanın törədilməsinə görə inzibati tənbeh xətanın törədildiyi gündən dörd ay keçənədək verilə bilər. İş materialları ilə sübut edilmişdir ki, Şəxs tərəfindən sözügedən inzibati xəta 16 iyun 2024-cü il tarixdə törədilmiş, onun bu hərəkətlərinə görə inzibati xəta haqqında protokol isə 22 noyabr 2024-cü il tarixdə, yəni 5 aydan çox vaxt keçdikdən sonra tərtib edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəları nəzərə alınmaqla, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilsə də, onun barəsində bu maddə ilə başlanmış icraata yuxarıda göstərilən əsasla xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, İXM-in 43-cü maddəsində rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlərin dəqiq dairəsi müəyyənləşdirilmişdir. İXM-in 44-cü maddəsinə uyğun olaraq həmin Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun barəsində bu maddə ilə başlanmış icraata həmin Məcəllənin 53.1.6-cı maddəsi ilə xitam verilməli, həmçinin, Şəxs barəsində tərtib edilmiş 22 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol İXM-in 332.2-ci maddəsi ilə inzibati xəta haqqında icraatın aparılması üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməlidir. Həmçinin, Şəxs dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 2 (iki) saata görə 12 (on iki) manat ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs barəsində tərtib edilmiş 22 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə münasibətdə həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən müddətin keçməsi ilə bağlı xitam verilsin. Şəxs barəsində tərtib edilmiş 22 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol” və ona əlavə edilmiş sənədlər İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə icraatın aparılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 göndərilsin. X1 məhkəmə iclası zamanı göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə 12 (on iki) manat məbləğində pul vəsaiti ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə olunsun. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar