Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6648/2024 13.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1971-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Şikayət verən X2 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:
3. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, barəsində polis tərəfindən xx.xx.2024-cü il saat 11:28-də protokol tərtib edilsə də surəti ona verilməmişdir. Həmin tarixdə o, polislərin yanından keçib köməkçi yoldan binaların qabağına dönmüşdür. Ümumilikdə polislə 2 dəfə məsələsi olmuş və onu iki dəfə guya içkili olması ilə bağlı saxlamışlar. O isə hər dəfəsindən içki içmədiyini bildirdikdə xüsusi texniki vasitədən istifadə etməklə onu müayinə etmişlər. Sonuncu dəfə də həmin polis əməkdaşları onunla qərəzləri olduğundan saxlayıb guya telefondan istifadə etməsini əsas gətirib protokol yazmışlar. Halbuki bu əsassızdır. Həmin vaxt o, telefondan istifadə etməmiş və telefon da əlində olmamışdır. Polis əməkdaşları onu saxlayıb müxtəlif bəhanələrlə cərimə yazmaq istəmişlər, lakin heç bir qüsur olmadığından əsassız olaraq bu yola əl atmışlar. Həmçinin həmin gün polislər onu sadəcə cərimələyəcəklərini bildirmiş və ona heç bir protokol verməmişlər. Ən azından cərimələnəcəyini bilməli, hüquqları izah edilməli idi. Bundan sonra o, avtomobili sürüb getmiş və yalnız “ASAN PAY” vasitəsilə cərimələnməsindən məlumatı olmuşdur. Cəriməni müəyyən etdikdən sonra polisə ərizə ilə müraciət etmiş və barəsində olan qərarı əldə etmişdir. Məhkəmədə barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
4. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir.
5. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə şikayətdən və şikayət vermiş şəxsin izahatından müəyyən olunur ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, dinlənilmədən, müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X2 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması X1 hüquqlarının pozulmasına və qanunvericiliyin tələblərinə riayət olunmadan araşdırma aparılmasına dəlalət edir.
6. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
7. Bununla yanaşı, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən heç bir cavab verilməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
8. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci və 134.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir.
14. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şikayət qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova