Məhkəmə qərarları › İş №3(001)-6649/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6649/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6649/2024 25.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Rəhimova Aynurə Şirzad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X7 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2(001)-14039/2017 saylı icra sənədi üzrə borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 25 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, yuxarıda göstərilən icra sənədi üzrə 12480 manat, ödəniş gününə məzənnə üzrə 1198 ABŞ dolları məbləğində vəsait və 15 manat məbləğində dövlət rüsumu Şəxs tutularaq X5 ödənilməlidir. Lakin, borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında icra məmuru izahatında göstərdi ki, sözügedən icra sənədi 06 yanvar 2022-ci il tarixdə İcra Şöbəsinə daxil olmuş, həmin tarixdə onun tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilməklə, borcluya “tələbin könüllü icrası barədə bildiriş”lə birlikdə göndərilmişdir. Lakin, təyin edilmiş müddət ərzində tələb borclu tərəfindən icra edilmədiyindən, məcburi icra hərəkətləri başlanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 8(001)-713/2023 saylı qərardadına əsasən, icra sənədinin icrası ilə əlaqədar borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Görülmüş icra tədbirləri nəticəsində icra sənədinin icrasını təmin etmək mümkün olmadığından, hazırki protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ifadəsində göstərdi ki, o, bu işlə bağlı 8 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, amnistiyanın tətbiqi ilə cəzasının 5 il hissəsini çəkmiş, cəzasını çəkdikdən sonra isə iş tapa bilmədiyindən maddi vəziyyəti çox pis olmuşdur. Hazırda fərdi əməklə məşğul, cüzi qazanc əldə edir. İcra sənədində göstərilən məbləği ödəmək niyyətində olsa da, maddi imkanı hələ ki buna yol vermir. Sonda B.Nurlan məhkəmədən onun vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs dövlət hesabına təyin olunmuş müdafiəçi X6 B.Nurlanın icra sənədinin icrasından qərəzli olaraq yayınmadığını, sadəcə maddi imkanının olmadığını qeyd edib, onun əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2(001)- 14039/2017 saylı icra sənədinə əsasən, 12480 manat və ödəniş gününə məzənnə üzrə 1198 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manatın cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməsi qərara alınmışdır. 06 yanvar 2022-ci il tarixdə icra məmuru X7 tərəfindən həmin icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, qərar həmin tarixdə “tələbin könüllü icrasına dair bildiriş”lə birlikdə borcluya göndərilmiş, 24 yanvar 2022-ci il tarixdə tələbin icrası və əks halda borclunun İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq borcluya göndərilmişdir. Eyni məzmunlu xəbərdarlıq 14 avqust 2023cü il tarixdə də borclunun ünvanına göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 8(001)- 713/2023 saylı qərardadına əsasən, icra məmurunun təqdimatı əsasında yuxarıda göstərilən icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmamış övladı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, borclu icra vərəqəsi üzrə müəyyən edilmiş tələbi icra etməmiş, icra sənədinin icraatına başlandığı andan hər hansı ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını, bununla belə, borclunun icra sənədini icra etmək niyyətini ifadə etməsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, Şəxs dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 2 (iki) saata görə 12 (on iki) manat ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. X1 məhkəmə iclası zamanı göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə 12 (on iki) manat məbləğində pul vəsaiti ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə olunsun. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar