Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6650/2024 25.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Rəhimova Aynurə Şirzad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki yetkinlik yaşına çatmamış uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2lığında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1 Sevinc Rafiq qızının barəsində İXM-nin 535.1-ci maddəsi ilə 25 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 24 noyabr 2024cü il tarixdə, saat 23:30 radələrində ünvan 3 ünvanına nalayiq ifadələr işlədərək, polisin qanuni tələblərinə tabe olmamış, nəticədə İXM-nin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında polis mayoru P.C.İbrahimov izahatında göstərdi ki, 24 noyabr 2024-cü il tarixdə saat 23:20 radələrində Türkiyə Respublikasının vətəndaşı olan Ali Yılan adlı şəxs ona zəng edərək, keçmiş həyat yoldaşı Şəxs əlindən bezdiyini, gələcəkdə aralarında baş verə biləcək problemin böyüməməsini istədiyini və keçmiş həyat yoldaşının yaşadığı məhəlləyə gələrək baş verə biləcək problemin aradan qaldırılmasını istədiyini bildirərək, onunla öz yaşadığı məhlədə görüşüb bununla bağlı qabaqlayıcı və proflaktiki söhbət etmək istədiyini xahiş etmişdir. O, da həmin ünvana gedərək Ali Yılanla söhbət edərkən, sonuncunun keçmiş həyat yoldaşı Şəxs həmin ünvanın yaxınlığında yerləşən ünvana gələrək Ali Yılana məxsus, 4 nəfər qadının kirayədə yaşadığı mənzilə qanunsuz daxil olaraq onları söyüb təhqir etmiş, qışqıraraq onlardan dərhal mənzili tərk etmələrini istəyərək qanunsuz əməllərini davam etdirmişdir. Şəxs sakitliyə, nizam-intizama dəvət olunsa da, o deyilənlərə məhəl qoymamış, ona qarşı və polisin ünvanına nalayiq ifadələr işlədərək əl-qol hərəkətləri ataraq, özünü doğrayıb, qanını onun üzərinə tökəcəyini, özünə xəsarət yetirərək onun üstünə atacağı ilə hədələyib tabesizlik etmiş, küçədə qışqıraraq ətrafda yaşayan şəxslərin narahatçılığına səbəb olmuşdur. Bütün bunlara görə o, 4-cü Polis Şöbəsininn əməliyyat qrupu və post-patrul xidmətini hadisə yerinə çağırmış və Şəxs 4-cü Polis Şöbəsinə gətirilmişdir. Şöbədə Şəxs izahatı alınmış və barəsində İXM-in 535.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində 25 noyabr 2024-cü il tarixdə, saat 00:15-də “inzibati qaydada tutma haqqında protokol” tərtib edilmiş, saat 16 radələrində buraxılmışdır. X7 Hacılarovaya qarşı heç bir zor, şiddət tətbiq edilməmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ifadəsində göstərdi ki, deyilənlər hamısı şər-böhtandır. Polis əməkdaşı onu döyüb. 1 ay əvvəl o, Ali adlı şəxs tərəfindən döyülməyi ilə bağlı 102 xidmətinə şikayət etmişdir. Həmin şikayətlə bağlı şöbəyə yaxınlaşıb ərizə yazmış, oradan demişlər ki, polis əməkdaşı Pərviz müəllim onu izahatının alınması üçün 1-2 günə çağıracaqdır. 1 həftə keçməsinə baxmayaraq, polis əməkdaşı onu çağırmamışdır. Buna görə də, o, yenidən 102 xidmətinə şikayət etmişdir. Bundan sonra polis əməkdaşı ona zəng edərək dəvət edəcəyini bildirmişdir. Lakin yenə də polis əməkdaşından səs çıxmamışdır. Sonra o, yenidən 102 xidmətinə şikayət etmiş, şikayətini Emin adlı polisin icraatına vermişlər. O, 102 xidmətinə zəng edib şikayətində bildirmişdir ki, onun keçmiş həyat yoldaşı ona məxsus evin kirayə haqqını alır və o, buna görə həmin ünvana gedir, xahiş edir ki, həmin ünvana polis göndərilsin. Bundan sonra o, həmin ünvana getmiş, Pərviz adlı polis həmin ünvanda onun keçmiş həyat yoldaşı Alinin qarşısında dayanmış və onu itələmişdir. O, Pərvizə evinin sənədlərini göstərmiş, lakin Pərviz “bu sənəd sayılmır” cavabını vermiş, ona hücum etməyə başlamışdır. O da özünü müdafiə etmək üçün qışqırmış, 102 xidmətinə şikayət edib, polis əməkdaşının onu təhqir etdiyini, döydüyünü bildirmişdir. Pərviz telefonu əlindən alıb 14 yaşlı oğlunun gözü qarşısında onu döymüşdür. Gecə səhərə qədər onu və oğlunu polis bölməsində saxlamış, səhəri gün birbaşa məhkəməyə gətirmişlər. Mənim heç bir qanunazidd əməlim olmadığından, barəmdə olan icraata xitam verilməsini xahiş edirəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Şəxs ondan polis bölməsinə şikayət etmiş, o da bununla bağlı polis bölməsində izahat vermişdir. O, xarici vətəndaş olduğuna görə öz adına torpaq sahəsi ala bilmədiyi üçün keçmiş həyat yoldaşı Şəxs adına torpaq sahəsi almış, həmin torpaq sahəsində öz büdcəsi hesabına ev tikdirib kirayə vermişdir. Hazırda Sevinclə nikahları pozulmuşdur. Sevinc ona hədə-qorxu gəlir, onu məcbur edir ki, evin kirayə pulunu özü almalıdır. Evdə yaşayan kirayəçilərə hücum edir, onları evdən çıxartmaq istəyir. Buna görə o, polis sahə rəisinə zəng edib bu barədə tədbir görülməsini xahiş etmişdir. Kirayəçi yenidən ona zəng edib, Sevincin evi dağıtdığını bildirmiş, o, polis sahə rəisi Pərviz müəllimlə birlikdə həmin ünvana getmişdir. Orada Sevinc onu vurmuş, polis əməkdaşına əl-qol atmış, söyüşlər söymüşdür. Polis əməkdaşı Sevinci polis bölməsinə dəvət etdikdə, sonuncu getməkdən imtina etmiş, onu və polis əməkdaşını vurmuşdur. Sevincin bütün hərəkətləri kamera görüntüsündə əks olunmuşdur. Məhkəmə iclasında Şəxs dövlət hesabına təyin olunmuş müdafiəçi Vəkil bildirdi ki, hazırki inzibati iş natamamdır, qanunsuzdur. Hüquqlarını müdafiə etdiyi şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuş, tutulduğu zaman müdafiəçi ilə təmin olunmamışdır. Bundan başqa, Şəxs boşanmışdır, himayəsində iki övladı var, uşaqlarını tək başına böyüdür. O, polis əməkdaşı tərəfindən döyülmüşdür və bədənində xəsarət izləri vardır. Bununla bağlı ekspertiza keçirilməsini, polis əməkdaşı barəsində xüsusi qərar çıxarılmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Tədqiq edilən sübutlar: - Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən tərtib edilmiş 25 noyabr 2024-cü il tarixli raportda göstərilmişdir ki, 24 noyabr 2024-cü il tarixdə, saat 23:50 radələrində efir vasitəsilə verilmiş göstərişə uyğun olaraq deyilən əraziyə yaxınlaşmışlar, orada 2 nəfər şəxsin əməliyyat qrupuna, polisin ünvanına qarşı nalayiq ifadələr işlədək səs-küy saldığının şahidi olmuşlar. Həmin şəxslər 4-cü Polis Bölməsinə təhvil verilmiş, onlardan biri Şəxs, digəri X5r. - “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs 25 noyabr 2024cü il tarixdə, saat 00:15-də inzibati qaydada tutulmuşdur. -“Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs himayəsində 17 iyun 2008-ci il təvəllüdlü Cansu və 30 yanvar 2010-cu il təvəllüdlü Əlican adlı iki uşağı vardır. - Məhkəməyə təqdim edilmiş videogörüntülərdən görünür ki, Şəxs gecə saatlarında keçmiş həyat yoldaşı X8 ilə mübahisə edir, polis işçisi onu sakitliyə, nizam-intizama dəvət etsə də, o deyilənlərə məhəl qoymayaraq, özünü doğrayıb, qanını polis işçininin üzərinə tökəcəyi ilə hədələyərək tabesizlik edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarını, şahidi dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, şahid ifadəsi, eləcə də iş materialları ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xəta üzrə özünü təqsirli bilməməsinə təndiqi münasibət bəsləyərək, hesab edir ki, onun bu hərəkəti özünümüdafiə xarakteri daşıyır. Buna baxmayaraq, onun himayəsində iki azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal olaraq nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün müəyyən edilmiş cərimə cəzasının maksimum həddi 200 manat olduğundan, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq, hesab edir ki, Şəxs 100 manat məbləğində inzibati cərimə edilməlidir. Həmçinin, Şəxs dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 (iki) saata görə 12 (on iki) manat ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə Şəxs 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Müdafiəçi Vəkil məhkəmə iclası zamanı göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə 12 (on iki) manat məbləğində pul vəsaiti ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə olunsun. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə, qərar şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-6650/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6650/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver