Məhkəmə qərarları › İş №3(001)-6653/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6653/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6653/2024 13.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 nümayəndəsi X1, şikayət vermiş şəxs X2 iştirakları ilə, xx.xx.1964-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. X4 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, telefon vasitəsilə yol polisinə dəvət olunmuş və orada 102 xidmətindən hadisə törətməsi, hadisə yerindən yayınması ilə bağlı məlumat daxil olduğu bildirilmişdir. O da, 102 xidmətinin çox gözəl, operativ işlədiyini, bəlkə başqa bir hadisə törətmiş olduğunu və nə üçün 1 həftə sonra reaksiya verdiklərini bildirmiş və təklif etmişdir ki, əgər hadisə törədib, yayınmışdırsa, onu da, zərərçəkmişi də dəvət edib avtomobilə baxış keçirsinlər. Yol polisi əməkdaşına bildirmişdir ki, hadisə yerini tam yuxarıdan çəkən TŞ 260 və 168 kameraları vardır və həmin görüntülərə birlikdə baxılmalıdır. Polislər isə ona hadisə yerindən təxmini 250-300 metr aralıda olan TŞ kameralarının görüntülərini göstərirlər. Guya avtoşluq etməsi ilə bağlı polislər oğluna və ona zənglər etmişlər. Polis idarəsində görüntüyə dəfələrlə baxılmasını və araşdıraraşdırmanın aparılmasını tələb etmiş, lakin ona mobil telefonda olan görüntü göstərilmişdir. Həmçinin avtomobillərə də baxış keçirməmişlər. Onun avtomobilində cızıq belə yoxdur. Vaxt etibarilə də böyük uyğunsuzluq vardır. Həmin vaxt avtomobili iş yerinin qarşısında olmuş, ona göstərilən kadrla bağlı da şübhələri vardır. Orada avtomobili anidən manevr edir. Həmçinin qarşı tərəfi görməmişdir. Bəlkə o heç nə tələb etməyəcəkdir. Qarşı tərəfin təqdim etdiyi görüntüdən görünür ki, o, sola dönmə işığını yandırmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən təxminən 1 həftə sonra polisə çağırılmışdır. Çağırılma səbəbi guya onun kiminsə avtomobilini vurub yayınması olmuşdur. Əlavə etdiyi fotoşəkil onların qeyd etdiyi vaxtda iş yerinin kamerasından avtomobilinin görüntüsüdür. Hadisə vaxtı ilə 15 dəqiqə fərq vardır. İş yeri “Eurohome” ticarət mərkəzinin yanında yerləşir. Hadisə yeri ilə iş yeri arasında təxmini olaraq üç kilometr yarım məsafə vardır. Arxadan, uzaqdan olan görüntülər göstərilmişdir ki, buradan dönüb avtomobili vurmuşdur, lakin o, 40 ildir ki, avtomobil idarə edir və oradan necə dönməli olduğunu bilir. Təqdim edilmiş görüntüyə müdaxilə olunması ilə bağlı şübhələri vardır. İdarə etdiyi avtomobil ilə anidən manver etmək olmaz. Həmçinin görüntüdə qəza ilə bağlı heç nə görünmür. O, Ordubadi küçəsində bir-iki gündə bir olur və oradan keçdiyi tarixi dəqiq xatırlamır. O, heç bir inzibati xəta törətməmişdir. Ona görə də, məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 nümayəndəsi X3 bildirmişdir ki, şəxs tərəfindən təqdim edilmiş fotogörüntüdə istənilən tarix yazıla bilər. Yol nəqliyyat hadisəsində sübut etmə yükü onların üzərinə düşür və bununla bağlı görüntünü məhkəməyə təqdim etmişlər. Həmin görüntüdə hadisə açıq-aşkar görünməkdədir. Orada nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın **-XU-*** olması görünür. Şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsinin üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq üzərində böyük formada dövlət qeydiyyat nişanı qeyd olunmuşdur. Orada qarşısında maneə olur və sola manevr edir. Bu zaman “BYD” markalı nəqliyyat vasitəsinin sağ ön hissəsinə zədə vurur. “BYD” markalı nəqliyyat vasitəsi dayanır və orada tıxac yaranır. Bu barədə izahatlar və protokol, eləcə də hadisənin sxemi məhkəməyə təqdim edilmişdir. Qarşı tərəf ona təqdim olunmuş protokola sonradan həmin yazıları əlavə etmiş və beləcə özbaşına düzəlişlər edərək məhkəməyə sürətini təqdim etmişdir. Bizim təqdim etdiyimiz sənəddə isə heç bir qeyd yoxdur, şəxs idarədə hər hansı bir qeyd aparsa idi, onu silə bilməzdilər. Odur ki, şikayət əsassız olduğundan məhkəmədən onun təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş

4. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 09:00-da “KİA K2700” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir.

5. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir.

6. X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə verdiyi izahatdan görünür ki, X4 izahatında xx.xx.2024-cü il tarixdə saat 09:00-da Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində qeydə alınmış videogörüntüyə baxaraq, hadisə ilə əlaqədar məlumatının olmadığını, bilərəkdən hadisə yerindən yayınmadığını, görüntünün tam aydın olmadığını, daha diqqətli araşdırmanın aparılmasını xahiş etdiyini, hadisə baş vermiş olduğu halda bunu görmədiyini və bilərəkdən hadisə yerini tərk etmədiyini bildirmişdir.

7. Hadisə yerinin sxemi və təqdim edilmiş bir ədəd diskə köçürülmüş videogörüntüdən görünür ki, dövlət qeydiyyat nişanı **-XU-*** olduğu açıq şəkildə görünün yük avtomobili qarşısına çıxan maneədən yayınmaq üçün sola manevr edərkən arxadan hərəkətdə olan minik avtomobilinə tərəf hərəkət edir və bu zaman minik avtomobili qəza işıqlarını yandıraraq hərəkəti dayandırır və yük avtomobili həmin ərazidən uzaqlaşır. Məhkəmənin əsaslandırması və mövqeyi

8. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.

9. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X2 heç bir inzibati xəta törətməməsi, avtomobilin hadisə zamanı iş yeri ərazisində dayanması, görüntülərdə əks olunan avtomobilin onun avtomobili olmaması kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş TŞ kameraları vasitəsilə əldə edilmiş videogörüntüyə baxış keçirilərkən xx.xx.2024-cü il tarixdə saat 09:00-da Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində müəyyən edilmiş yük avtomobilinin dövlət qeydiyyat nişanının **-XU-*** olması və bunun görüntüdə aydın şəkildə görünməsi şəxsin təqsirsiz olması ilə bağlı göstərdiyi sübutların təkzib edilməsi üçün kifayət edir. Bununla yanaşı, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş materiallardan müəyyən edilir ki, iznibati xəta tərödən şəxsin inzibati xəta hadisəsindən sonra olsa belə müvafiq polis idarəsində hadisə ilə bağlı izahatı alınmışdır. Qeyd edilən hallarla X4 şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlərdə təkidlə heç bir inzibati xəta törətmədiyini, avtomobilinin hadisə zamanı iş yerinin yanında olmasını bildirməsi ilə inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını sübut edir.

10. Göründüyü kimi, X4 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.

17. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.

18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar