Məhkəmə qərarları › İş №3(001)-6654/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6654/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6654/2024 20.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X10 Xidmətinin nümayəndəsi X8, şikayət vermiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X3 iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X11 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 3000 manat məbləğdə cərimə olunması barədə xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X11 şikayətini onunla əsaslandırmışdır ki, onlar SOCAR-ın sifarişini Kəlbəcərdə həyata keçirirlər. Magistral qaz boru kəmərləri Kəlbəcər ərazisindən çəkilir və sifarişçi kimi SOCAR-ın Qaz İxrac İdarəsi çıxış edir. Qaz İxrac İdarəsi podratçı kimi “X23 Servis” MMC adlı bir müəssisəni cəlb etmişdir. “X23 Servis” MMC subpodratçı kimi onları cəlb etmişdir. Onlar da öz növbəsində başqa subpodratçıları cəlb etmişlər. “X6” MMC texnika təminatçısı kimi subpodratçılarıdır, hətta həmin şirkətin də subpodratçısı var və fiziki şəxsdir. Həmin şirkət subpodratçısı olan fiziki şəxsi onlara cəlb etmiş və hansı isə operator onunla müqavilə bağlamışdır. Bu zəncirdə məsuliyyət onların üzərindədir. Əmək müfəttişliyinə də bunu izah etmişdir. Hər dəfə işçi çıxıb-girəndə, yeni işçi cəlb olunanda onlar aidiyyəti üzrə email vasitəsilə SOCAR-ın Qaz İxrac İdarəsinə məlumat vermişlər. SOCAR-da bu proses 15 gün çəkir və portala işçilər SOCAR tərəfindən daxil edilir. Onlar iki işçi ilə bağlı SOCAR-a müraciət etmişlər və işçilərin portal icazələri 2 ayda bir yenilənir. SOCAR-da sənəd dövriyyəsi 15 gün, bəlkə də daha çox davam edir. X26 İdarəsinə müraciət olunur və onlardan SOCAR-a məlumat gedir. Bu müddət ərzində də işçi işdən çıxa bilər. Amma SOCAR-ın bundan xəbəri olmur və onları portala vurur. SOCAR portala məlumat daxil edərkən, işçinin finini sistemə vurduqda VÖEN-lə uzlaşmamasını, yəni əmək müqaviləsinin olmamasını görür. Bu məsələlərdə SOCAR da, “X23 Servis” MMC-də məsuliyyət daşımırlar. Onlara tutulan iradın İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə heç bir əlaqəsi yoxdur. Portal icazəsinin qüvvədə olduğu 2 ay ərzində qeyd olunan şəxslər işdən çıxmış, lakin onların portal icazələri ləğv olunmamışdır. Bununla bağlı da heç bir qanuni tələb yoxdur. Müqaviləsi ləğv olunmuş işçinin portaldan çıxarılmaması qanunsuz işçi işlətmək deyildir. Belə haldan şübhələnirlərsə araşdırılmalıdır. Bunlar təqsirsizlik prezumpsiyasını pozur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, həm subpodratçıların, həm də işçilərinin məsuliyyəti onların üzərindədir. Onun heç bir məsuliyyəti yoxdur. Onlar ancaq məlumat verir, SOCAR isə portala daxil edir. İşçiləri ilə müqaviləni cəmiyyət olaraq bağlayırlar, subpodratçıları isə aidiyyəti üzrə müqaviləni özləri bağlayır. Bəli, icazə işçinin adına gəlir. Portala şəxslər SOCAR tərəfindən qeyd edilir. SOCAR-a müraciət tarixlərinin hamısı emaildə vardır. Məsuliyyət məsələsi müqavilə ilə tənzimlənmir. SOCAR-ın da onların emailinə müraciəti vardır. Portala məlumat daxil etməyi subpodratçılara həvalə etmirlər. Bu məsələdə SOCAR məsuliyyət daşımalıdır. İyun ayından deyiblər ki, işçilər işdən çıxanda onlara məlumat verilsin və həmin vaxtdan etibarən məlumat da SOCAR-a verilmişdir. Portal icazəsini SOCAR ləğv etməlidir. Portal istifadəsinin ötürülməsi ilə bağlı bir neçə dəfə müraciət etmişlər, lakin məsələ hələ ki, həll olunmamışdır. Şəxslərin adı ƏMAS-dan çıxarılıb, lakin SOCAR portaldan çıxarmamışdır. Ümumi şəxslərin sayı 9 nəfərdir. X11 onu da izahatına əlavə etmişdir ki, eyni məzmunlu protokol onun barəsində vəzifəli şəxs kimi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə isə hüquqi şəxs kimi tərtib edilmişdir. Cəmiyyət barəsində protokola aidiyyat qaydalarına uyğun olaraq Nərimanov Rayon Məhkəməsində baxılmış və məhkəmənin 3(005)-3682 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. X11 qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

3. Məhkmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X10 Xidmətinin nümayəndəsi X17 verilmiş şikayətin əsassız olduğunu qeyd edib, məhkəmədən onun təmin edilməməsini xahiş etmişdir. X17 fikrini onunla əsaslandırmışdır ki, ölkə üzrə ən səlahiyyətli qurum Daxili İşlər Nazirliyidir və Qarabağ ərazisinə girişə icazə də yalnız onlara həvalə edilən portalla mümkün olur. Bu portalda statusu müəyyənləşdirəcək alt sistemlər mövcuddur və əgər şəxsə portalda icazə işçi statusu ilə verilibsə bunu təsdiq edəcək əmək müqaviləsi olmalıdır. X10 Xidməti isə müəyyən dövr aralığında portaldan əldə etdikləri çıxarışlarla əmək müqavilələrini tutuşdurur və ziddiyyət mövcuddursa müvafiq cərimələr tətbiq edirlər. X17 onu da qeyd etmişdir ki, X10 Xidməti üçün sübut əhəmiyyəti kəsb edən portal çıxarışıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bəzi əməkdaşlarının “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər.

5. № PG-ND-1 saylı, 12 aprel 2023-cü il tarixli “Nəqliyyat-Xidmət müqaviləsi”-dən görünür ki, sifarişçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə ekspeditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xidmət müqaviləsi bağlanmışdır.

6. XM № 001/24 saylı, 05 yanvar 2024-cü il tarixli “Xidmət müqaviləsi”-dən görünür ki, sifarişçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xidmət müqaviləsi bağlanmışdır.

7. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X1 əmək müqaviləsinə “əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.

8. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “qaynaqçı köməkçisi” vəzifəsində işləmiş X12 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “tərəflərdən birinin təşəbbüsü” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü ilə kimi qeyd olunmuşdur.

9. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “qaynaq inspektoru” vəzifəsində işləmiş X2 ilə xx.xx.2023cü il tarixdə əmək müqaviləsi bağlanmış və “əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü ilə kimi qeyd olunmuşdur.

10. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “qaynaqçı köməkçisi” vəzifəsində işləmiş X9 ilə xx.xx.2024cü il tarixdə əmək müqaviləsi bağlanmış və “tərəflərdən birinin təşəbbüsü” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü ilə kimi qeyd olunmuşdur.

11. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru” vəzifəsində işləmiş X5 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “tərəflərdən birinin təşəbbüsü” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü ilə kimi qeyd olunmuşdur.

12. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “direktor” vəzifəsində işləmiş X13 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “tərəflərdən birinin təşəbbüsü” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü ilə kimi qeyd olunmuşdur.

13. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “iş icraçısı” vəzifəsində işləmiş X4 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “tərəflərdən birinin təşəbbüsü” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü ilə kimi qeyd olunmuşdur.

14. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “satış bölməsinin rəhbəri” vəzifəsində işləmiş X15 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “tərəflərdən birinin təşəbbüsü” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən işçilərin işğaldan azad edilmiş ərazilərə giriş icazəsi alınmış, lakin həmin şəxslərin əmək müqaviləsi bildirişləri Nazirliyin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməmişdir. Nəticədə işçilər müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin görilməsinə cəlb edildiyinə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

16. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti iş materialları ilə birlikdə əhatəli şəkildə araşdıraraq hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

17. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

21. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

22. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Çünki, məhkəmə iclasında toplanmış sübutlardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Qarabağ bölgəsində fəaliyyət göstərən şirkətlərdən biridir və o, subpodratçı şirkətdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bir sıra cəmiyyətlər arasında subpodrat müqaviləsi və xidmət müqaviləsi bağlanmışdır. Bu münasibətlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sifarişçidir. İşğaldan azad edilmiş ərazilərə iş icazəsinın alınması ilə bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyəti yoxdur. İşçilərin iş icazələri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məşğul olur. Toplanmış sübutlarla müəyyən edilir ki, Qarabağ bölgəsinə giriş icazəsi üçün göndərilmiş müraciətə bir neçə həftə ərzində cavablar gəlir, müraciət əvvəlcə SOCAR-a göndərilir, daha sonra SOCAR DİN-ə göndərir. Bu səbəbdən icazə uzun müddətə əldə edilir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, son zamanlar təhvil verilən siyahıların Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən DİN-in portalına yükləməsində problemlər yaranmışdır. Siyahıların yüklənməsindəki gecikmə isə mövcud problemlərin yaranmasına səbəb olmuşdur. İcazənin uzun müddətə əmələ gəlməsi həmin müddət kəsiyində isə işçinin işdən könüllü ayrılması və ya işdən çıxarılma halının ola bilməsi mövcud vəziyyətin yaranmasına səbəb olur. Şəxs işdən çıxarıldıqdan sonra isə SOCAR tərəfindən şəxsin adı portala vurulduqda onun əmək müqaviləsi olmadan icazə üçün müraciət etməsi kimi görünür. Nəticədə də Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi zəruri araşdırma aparmadan yalnız portal çıxarışına əsasən inzibati xətanı aşkarlayaraq protokol tərtib edir. Məhkəmə qeyd edir ki, hər bir halda protokol tərtib etməmişdən əvvəl inzibati xəta onu törədənin diqqətinə çatdırılmalı, barəsində protokol tərtib edən şəxsə hüquq və vəzifələri izah edilməlidir. Qanunvericiliyin bu tələbi prosessual qənaət prinsipinə tam uyğun olmaqla gələcəkdə tərəflər arasında yaranacaq anlaşılmazlıqların həllinə də xidmət edir.

23. Qərardan şikayət verən tərəfin məhkəməyə təqdim etdiyi sübutlar və əsaslandırmasına baxmayaraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X11 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bəzi əməkdaşlarının əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X11 barəsində inzibati xəta haqqında protokol tərtib edərkən yalnız DİN tərəfindən verilmiş məlumata əsaslanmış və X10 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, müxtəlif zamanlarda "xxxx" Qapalı Səhmdar Cəmiyyətində çalışmış işçilərin əmək müqaviləsinə “əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə xitam verilmişdir. Bununla da, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bəzi əməkdaşlarının əmək müqaviləsi olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilməmişdir.

24. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

25. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

27. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

29. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

31. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.

32. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X11 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

33. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:

"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X11 tərəfindən verilmiş şikayət təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar