Məhkəmə qərarları › İş №3(001)-6655/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6655/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6655/2024 20.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, 25 oktyabr 2024-cü il tarixdə saat 17:51-də onlara qaimə-faktura göndərilmişdir. Saatla əlaqədar olaraq həmin gün ödənişi həyata keçirmək mümkün olmamışdır. 26 oktyabr 2024-cü il tarixdə həmin ödəniş tərəflərindən tam şəkildə həyata keçirilmişdir. Bununla bağlı müvafiq qəbzlər mövcuddur. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinə nümayəndə yaxınlaşmış və bildirmişdir ki, ödəniş onlara gec göndərilmişdir. AQTA-nın AQTİS informasiya sistemi mövcuddur. AQTİS informasiya sistemində sahibkarın kabinetinə ödənişlə bağlı bildirişlər göndərilir. Şəxs müraciət etmiş və AQTİS informasiya sistemində mövcud olan kabinetinə bildirişlər göndərilmişdir. Lakin şəxs ödənişləri həyata keçirməmişdir. Həmçinin onlara 07 oktyabr və 16 oktyabr 2024-cü il tarixlərində iki məktub ünvanlamışlar. 07 oktyabr tarixli məktubda mallar barəsində məlumat verilməsini, 16 oktyabr tarixli məktubda isə 25 oktyabr tarixinədək məlumat verilməzsə, inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. Lakin bu məktubların heç birinə cavab verilməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, elektron qaimə təhvil-təslim olunduqdan sonra göndərilir. İdarə tərəfindən sahibkara kömək məqsədi ilə elektron qaimə göndərirlər. Bundan əvvəl onlara poçt vasitəsilə bildiriş göndərilmişdir. Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununda qeyd olunmuşdur ki, idxal olunan malların laborator analizləri başlamazdan əvvəl şəxs ödənişi həyata keçirməlidir. Protokol tərtib olunarkən şəxs iştirak etməmişdir. Məhkəmədən verilmiş şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş

4. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən idxal olunmuş qida məhsullarının nəzarət orqanından gizlədilməsi halı aşkar edilmişdir.

5. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC tərəfindən idxal olunmuş qida məhsulları nəzarət orqanından gizlədildiyinə görə cəmiyyətin direktoru X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsirli bilinib, 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.

7. Belə ki, şikayətdə göstərilən, eləcə də şikayət vermiş şəxsin səsləndirdiyi dəlillər məhkəmə iclasında səsləndirilən fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Çünki şikayət vermiş şəxs 25 oktyabr 2024-cü il tarixdə saat 17:51-də onlara qaimə-faktura göndərildiyini, saatla əlaqədar olaraq həmin gün ödənişi həyata keçirə bilmədiklərini və növbəti ügün ödənişin tam edildiyini göstərsə də, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, elektron kabinetdə elektron qaimə-faktura mövcud olmuş, həmçinin şəxsə səlahiyyətli orqan tərəfindən elektron qaimə-faktura barədə məlumat verilmişdir. Qeyd edilənlərə əsasən X1 şikayətində gətirdiyi dəlillər və məhkəmə iclasında səsləndirdiyi fikirlər şəxsin inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını sübut edir.

8. Məhkəməyə təqdim edilən ödəniş çekləri ilə bağlı sübutlara münasibətdə isə məhkəmə qeyd etmək istəyir ki, tam ödənişlə bağlı bütün çeklər sənədlərə əlavə edilməmişdir. Bununla da, məhkəmə qaimə-faktura üzrə tam ödənişlərin olmasına münasibətdə məlumatsızdır.

9. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.

16. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.

17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar