Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6657/2024 10.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Akhverdıeva Saıdanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24173411 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Akhverdıeva Saıda məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24173411 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:
3. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, həmin vaxt avtomobildə onun özü olmuşdur. Avtomobili saxladığı zaman heç bir maneəçilik yaratmamışdır. Sonuncu etibarnamə yoldaşının adına olduğuna görə cərimə onun adına getmişdir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 7-ci bəndində “yolun hərkət hissəsi”nin anlayışına aydınlıq gətirilərək qeyd edilir ki, yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir. Həmin maddənin 14-cü bəndinə görə ayırıcı zolaq – yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir. 15-ci bəndə görə hərəkət zolağı – yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır. Qanunun 1-ci maddəsində verilmiş anlayışların təhlilindən görünür ki, yolun hərkət hissəsi nəqliyyatın dayanması və durması üçün deyil, hərəkəti üçün nəzərdə tutulan hissədir. Yolun hərkət hissəsi ayırıcı zolaqla dürüst müəyyən edilməlidir. Təhlükəsiz şəhər kamerası tərəfindən qeydə alınmış görüntüdən aydın görünür ki, nəqliyyat vasitəsini saxladığı ərazi taksi duracağıdır. Nəqliyyat vasitəsini saxladığı ərazi yolun hərəkət hissəsi deyildir, çünki heç bir ayrıcı zolaqla ayrılmamışdır. Əksinə şəkillərdən göründüyü kimi həmin ərazidə qanunsuz taksi xidməti göstərən nəqliyyat vasitələri dayanmışdır. Yol isə taksi duracağından kənarda yerləşməklə, iki hərəkət zolağından, hər hərəkət zolağı isə iki hərəkət hissəsindən ibarətdir. O isə nəqliyyat vasitəsini heç bir hərəkət hissəsinin ikinci və ya sonrakı cərgəsində saxlamamışdır. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və ləğv edilməlidir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobilin içərisində olarkən heç bir avtomobilə və piyadaya maneə yaratmadığını görmüşdür. Həmin ərazidə qanuni parklanma üçün ayrılmış ərazi olmamışdır. Qanuni parklanma üçün ayrılmış ərazi “Kəmalə Nərmin” şadlıq sarayı yaxınlığında yerləşir. Əksinə rahat şəkildə giriş-çıxış etmək mümkündür. Dayandığı yerdə hərəkətə heç bir maneə yox idi. Məhəlləyə girişə də heç bir maneə yaratmamışdır. Orada reklam dirəyi var və maneə yaransa, ilk növbədə o yaradacaqdır. O, hər hansı nəqliyyat vasitəsinə və ya piyadaya maneə yaratsa idi, avtomobili orada saxlamazdı. Maneə yaransa belə nəqliyyat vasitəsinin içərisində olduğu üçün dərhal saxladığı yerdən maşınını götürərdi. Məhkəmənin əsaslandırması və mövqeyi
4. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, Akhverdıeva Saıda tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.
5. Belə ki, şikayətdə göstərilmiş və mübahisələndirilən hadisə ilə bağlı “Hyundai Santafe” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili inzibati xəta hadisəsi baş verən zaman idarə etmiş, şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında avtomobili saxladığı zaman heç bir maneəçilik yaratmadığını, həmin ərazinin yolun hərəkət hissəsi olmadığını və heç bir ayırıcı zolaqla ayrılmadığını, ərazidə nəqliyyat vasitəsini saxladığı ərazi taksi duracağı olduğunu, orada qanunsuz taksi xidməti göstərən nəqliyyat vasitələrinin dayandığını, yolun taksi duracağından kənarda yerləşməklə, iki hərəkət zolağından, eləcə də hər hərəkət zolağının iki hərəkət hissəsindən ibarət olduğunu, onun isə nəqliyyat vasitəsini heç bir hərəkət hissəsinin ikinci və ya sonrakı cərgəsində saxlamadığını bildirsə də, həmin dəlillər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən də müəyyən edilir ki, “Hyundai Santafe” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanqonşusu yoxdur və yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. Belə olduğu halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətdə göstərilən və eləcə də şikayət vermiş şəxsin nümayəndəsinin məhkəmədə səsləndirdiyi dəlillər şəxsin inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını sübut edir.
6. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə görə yolun hərəkət hissəsi yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir, yəni bu, yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər. Nəqliyyat vasitəsinin dayanması dedikdə adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi başa düşülür. Sözügedən qayda pozuntusuna gəldikdə isə qeyd edilməlidir ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması isə qadağandır.
7. Belə olduğu təqdirdə, Akhverdıeva Saıda tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasız olmaqla məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Akhverdıeva Saıda tərəfindən verilmiş şikayət üzrə xx.xx.2024-cü il tarixli, EQ 24173411 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
15. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən Akhverdıeva Saıdanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24173411 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 136-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Akhverdıeva Saıdanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24173411 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova