Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6658/2024 20.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, şikayət vermiş şəxsin vəkili X1, şikayət vermiş şəxs X3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Yaroslavl şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında X5 şikayətini onunla əsaslandırmışdır ki, oktyabr ayında 4 nəfər “Simfoniya” şadlıq sarayına yaxınlaşmışlar. Tüstünün qarşısını almaq üçün şadlıq sarayına 50 000 ABŞ dolları dəyərində aparat qoymuşlar. Bildirmişlər ki, guya kabab bişəndə tüstü çıxır. Şadlıq sarayında toy olur və bu zaman kababın bişməsi normaldır. Ekelogiya işçiləri ona ildə bir dəfə yoxlamanın aparıldığını və cərimələyib gedəcəklərini, nöqsanı aradan qaldırmasını demişlər. Daha sonra bantlı, nasaz aparatla yoxlama həyata keçirimişlər. “Simfoniya” şadlıq sarayının yaxınlığında başqa şadlıq sarayları və kafelər yerləşir. Həmin tüstünün “Simfoniya” şadlıq sarayına aid olması dəqiq deyildir. Belə ki, əllərində olan cihaz hardan bilir ki, bu tüstü “Simfoniya” şadlıq sarayına məxsusdur və ya yerdən bacaya çıxmadan bu tüstünü müəyyən etmək olarmı. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir.
3. Məhkəmə iclasında şikayət vermiş şəxsin vəkili X4 şikayəti müdafiə edib bildirmişdir ki, qeyd edildiyi kimi, ekologiya işçiləri tərəfindən nasaz aparatla “Simfoniya” şadlıq sarayında yoxlama həyata keçirilmişdir. Belə çıxır ki, gəlib qıraqdan şəkil çəkib getmişlər. Həmin aparatın işlək olması ilə bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Bilinmir həmin fotoşəkil kim tərəfindən çəkilib. Həmçinin tüstünün “Simfoniya” şadlıq sarayından çıxıb-çıxmadığını müəyyən etmək lazımdır. Ankat 64M3-03 markalı cihazı ilə bağlı məhkəməyə qərar təqdim etmişlər. Görünür ki, qurumun malik olduğu tək cihaz budur və hər yerdə yoxlamalar həyata keçirilərkən bu cihazdan istifadə olunur. İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində qeyd olunub ki, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Qeyd olunanlarla bağlı məlumat yoxdur. Həmçinin yoxlama həyata keçirilən zaman tüstü bacasından ölçmə həyata keçirilməmişdir. Həmin tüstünün “Simfoniya” şadlıq sarayına məxsus olduğunu necə müəyyən etdikləri bilinmir. “Simfoniya” şadlıq sarayının yaxınlığında başqa şadlıq sarayları və kafelər yerləşir. Yoxlama həyata keçirilən zaman şadlıq sarayının həyətindən ölçmə həyata keçirilmişdir. Həmçinin yaxınlıqda bir neçə başqa şadlıq sarayları və kafelər yerləşir. Həmin restoran və kafelərdən də tüstülər çıxır. Protokol fotoşəkil əsasında tərtib olunmuşdur. Məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, X11 Monitorinq İdarəsinin əməkdaşları ilə birlikdə xüsusi cihaz vasitəsi ilə reydlər həyata keçirmişlər. 13 oktyabr 2024-cü il tarixində reyd keçirilərkən “Simfoniya” şadlıq sarayından tüstü çıxması faktı müşahidə olunmuş və onlar yoxlama həyata keçirmək məqsədi ilə həmin şadlıq sarayına yaxınlaşmışlar. Yoxlama zamanı “Simfoniya” şadlıq sarayının inzibatçısı da iştirak etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, yoxlamalarda istifadə etdikləri cihazdan çıxarış əldə edə bilmirlər. COP29 ərəfəsində olduqları üçün Nazirlik tərəfindən ətraf mühitin mühafizəsi ilə bağlı yoxlama keçiriləcək ərazilərin dairəsinin genişləndirilməsi ilə bağlı qərar qəbul edilmişdir. X11 Monitorinq İdarəsinin əməkdaşları da yoxlamalarda iştirak etmişlər. Qarşı tərəfin iddiasına cavab olaraq bildirmək istəyirik ki, ölçmə cihazı tam standartlara cavab verir sertifikatlaşdırılmışdır və zəruri sənədi də məhkəməyə təqdim edilmişdir. O cihazın ölçmə xüsusiyyətinə münasibətdə isə qeyd etmək istəyirik ki, cihaz tüstünün miqdarını bacaya çıxmadan da müəyyən edə bilir. Cihazla yuxarıdan da, aşağıdan da ölçmə aparmaq mümkündür. Akt tərtib edilən gün isə şadlıq sarayının tüstü borusuna yaxın məsafədən ölçmə həyata keçirilmişdir. Ölçməni həyata keçirdikləri yerlə tüstü borusu arasındakı məsafə təqribi olaraq 15-20 metr təşkil etmişdir. Yaxın ərazilərdə şadlıq saraylarının olması əsasına münasibətdə isə bildirmək istəyirik ki, “Simfoniya” şadlıq sarayına bitişik yalnız bir kafe vardır. Onun da bacası bir xeyli uzaqdadır. Bu baxımdan tərəf məhkəmədən verilmiş şikayətin təmin olunmamasını xahiş etmişdir.
5. Məhkəməyə şahid qismində dəvət edilmiş X7 bildirmişdir ki, COP29 ərəfəsində X11 Monitorinq İdarəsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bütün iaşə obyektlərində, şadlıq saraylarında monitorinqlərin həyata keçirilməsi ilə bağlı rəsmi sənəd daxil olmuşdur. Rəhbərlik tərəfindən rayonlar üzrə yoxlamalar həyata keçirilməsi məqsədi ilə qruplar yaradılmışdır. Onlar “Simfoniya” şadlıq sarayından tüstü çıxması faktını müşhidə edib, həmin şadlıq sarayında monitorinq həyata keçirmişlər. Keçirilən monitorinq zamanı “Simfoniya” şadlıq sarayının nümayəndəsinin və müfəttişlərin işləri ölçmə əməliyyatı ilə həyata keçirilmişdir. Tüstünün normadan artıq olması qeydə alınmış və müvafiq olaraq akt tərtib olunmuşdur. Onlar “Simfoniya” şadlıq sarayının həyətində tüstü bacasından təxmini olaraq 10-15 metr məsafədən ölçməni həyata keçirmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, cihaz qeyd olunan məsafədən ölçməni həyata keçirə bilmək xüsusiyyətinə malikdir. Ətrafda olan şadlıq sarayları və kafelərlə “Simfoniya” şadlıq sarayı arasında kifayət qədər məsafə vardır. Başqa şadlıq saraylarından və kafelərdən çıxan tüstü onların apardığı yoxlamaya təsir göstərməmişdir. Səyyar formada yoxlamalar həyata keçirilir. Cihazı bir neçə müxtəlif məkanda yoxlamalardan keçirmişlər. Həmin cihaz dövlət qeydiyyatından keçirilib və müvafiq sertifikatları mövcuddur. “Simfoniya” şadlıq sarayının inzibatçısı orada iştirak edirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş
6. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Simfoniya” şadlıq sarayında sabit hava şəraitində tüstü borusuna yaxın məsafədə “ANKAT” markalı “64M3-03” modelli ölçmə cihazından istifadə edilərək keçirilmiş monitorinq zamanı şadlıq sarayının tüstü borusundan çıxan zərərli maddələrin miqdarının normadan artıq olması, yəni 12.3 mq/m3 (norma 5.0 mq/m3) olması müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “Simfoniya” şadlıq sarayından atmosfer havasına atılan zəzərli maddələrin miqdarının normadan artıq olması müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən “Simfoniya” şadlıq sarayından atmosfer havasına atılan zəzərli maddələrin miqdarının normadan artıq olmasına görə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsirli bilinib, 2500 manat məbləğində cərimə edilmişdir.
9. “X13” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli yerinə yetirilmiş işlərin təhvil aktından görünür ki, ünvan 2 ünvanında yerləşən “Simfoniya” şadlıq sarayındakı qurğular təmizlənmiş və istismar müddəti 3 ay olaraq müəyyənləşdirilmişdir.
10. "xxxx" MMC tərəfindən verilmiş Kalibrləmə Sertifikatından görünür ki, “ANKAT” markalı “64M3-03” modelli ölçmə cihazının sertifikatı mövcud olmuş və tövsiyyə edilən kalibrləmə tarixi xx.xx.2024-cü il olaraq müəyyən edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
11. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.
12. Belə ki, şikayətdə göstərilən dəlillər və şikayət vermiş şəxsin məhkəmə iclasında heç bir inzibati xəta törətməmələri, monitorinq zamanı istifadə edilmiş ölçmə cihazının istifadəyə yararsız olması, çıxan zərərli tüstünün “Simfoniya” şadlıq sarayına aid olmaması kimi məhkəmə iclasında səsləndirilən fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Qeyd edilməlidir ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən istifadə olunmuş ölçmə cihazının sertifikatı təqdim edilmiş və həmin sertifikata əsasən cihazın saz vəziyyətdə olması ilə yanaşı onun kalibrləmə tarixinin müddətinin yoxlama zamanı öz qüvvəsində olması müəyyən edilmişdir. Həmçinin çıxan zərərli tüstünün “Simfoniya” şadlıq sarayına aid olmaması ilə bağlı göstərilən dəlillər də, öz növbəsində tərtib edilmiş aktla təkzib olunur, belə ki, həmin akt tərtib edilərkən şadlıq sarayından da nümayəndə iştirak etmiş, lakin aktı imzalamaqdan imtina etmişdir. Ən əsası isə şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş təhvil aktları ilə müəyyən edilir ki, “Simfoniya” şadlıq sarayında olan qurğular üzrə 2020, 2022 və 2023-cü illərdə təmizlik işləri aparılsa da, 2024-cü ildə heç bir təmizlik işi aparılmamış, eləcə də buna dair məhkəməyə əlavə heç bir sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən X3 şikayətində gətirdiyi dəlillər və məhkəmə iclasında səsləndirdiyi fikirlər şəxsin inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını sübut edir.
13. Şikayət verənin xüsusi texniki vasitələrlə bağlı elektron qəbz verilməlidir iddiasına münasibətdə isə məhkəmə bildirmək istəyir ki, İXM-nin 81-ci maddəsi xüsusi texnika vasitələrin göstəriciləri adlanır. Həmin maddədə qeyd edilir ki, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları .... xüsusi texniki vasitələr adlanır.Qeyd edilən maddə xüsusi-texniki vasitələrin qəbzi elektron qaydada verməsi tələbini nəzərdə tutmur. Bundan başqa maddədə göstərilir ki, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməlidir. Tərtib edilmiş protokola baxdıqda da müəyyən edilir ki, onun göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasında keçdiyi vaxt, son dəfə müqayisəli dövlət yoxlamasında keçdiyini təsdiq edən sənədin nömrəsi, tarix və növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt qeyd edilmişdir.
14. Göründüyü kimi, X5 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
21. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova