Məhkəmə qərarları › İş №3(001)-668/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-668/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-668/2025 13.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X8 katibliyi, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, O, ilk dəfə 1990-cu ildə sürücülük vəsiqəsi almışdır və həmin vaxtdan avtomobil idarə edir. Sonuncu dəfə yeni sürücülük vəsiqəsini xx.xx.2022-ci il tarixdə almışdır və hal hazırda özünə məxsus “Lexus LX 570” markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində, Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə idarə etdiyi avtomobil ilə hərəkət edərkən, dairəvi yolayrıcına daxil olmazdan əvvəl, avtomobilin surətini azaltmış və yolayrıcının boş olmasını və digər nəqliyyat vasitələr üçün maneə törətməyəcəyini görüb hərəkətini davam edib heç kimə maneə törətmədən dairəni keçəndən sonra, həmin yerdə xidmətdə olan DYPİ-nin əməkdaşının “saxla” işarəsinə tabe olaraq avtomobili saxlamışdır. Polis əməkdaşı onun sualına cavab olaraq bildirmişdi ki, o, avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. O həmin pozuntunun nədən ibarət olması, “Yol hərəkəti haqqında” qanunun hansı maddəsinin tələblərinin pozulması və əgər pozuntuya yol vermişsə, bu pozuntunun xüsusi texniki vasitələrlə videogörüntüdə əksini təqdim etməsini xahiş etmişdir. Lakin polis əməkdaşı suallara cavab verməmiş, videogörüntünü ona təqdim etməmişvə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib etmişdir. Bildirir ki, o, həmin protokol ilə razı deyil və şikayətçidir. Bu səbəbdən Azərbaycan Respublikası DİN-nin saytının müvafiq bölməsinə “onlayn” müraciət göndərib tərtib olunmuş protokolu mübahisələndirmişdir. Lakin, onun müraciəti heç bir nəticə verməmişdir, o, polisə dəvət olunmadan, Bakı şəhər DYPİ-nin əməkdaşı X5 tərəfindən barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar qəbul olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın onun tərəfindən törədilməsi təsdiq olunmuşdur. Hesab edir ki, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Buna görə qərardan narazı olduğu üçün hüquqlarının müdafiəsi üçün məhkəmə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, həmçinin məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən təqdim edilmiş videogörüntüdən məhz X2 ona məxsus “Lexus LX 570” markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 327.2-ci maddəsi ilə sürücüsü tərəfindən törədilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə təqdim olunmuş video-görüntünü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlər və şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X2 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. Şikayətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, tərtib edilmiş protokolun qanunun tələbinin pozulması ilə tərtib edildiyini göstərmişdir. İnzibati orqan xətanın mövcudluğunun videogörüntü ilə təsdiq edildiyini iddia etmiş, lakin sözügedən görüntüdən sürücünün təqsirini sübuta yetirmək mümkün deyildir. İş üzrə digər sübut olmamışdır. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar