Məhkəmə qərarları › İş №3(001)-6682/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6682/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6682/2024 24.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi ilə, Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 16991.09 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində Şəxs ilə X2 fəaliyyət göstərən “COSTEX TRACTOR PARTS” şirkəti və Rusiya Federasiyasında fəaliyyət göstərən “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” üç tərəfli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilənin bağlanmasında məqsəd “COSTEX TRACTOR PARTS” şirkətindən alınmış malları “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” şirkətinə sataraq vasitəçilik etmək olmuşdur. Hal-hazırda iki ölkə arasında birbaşa iqtisadi əlaqələrin mövcud olmaması səbəbi ilə Şəxs iki şirkət arasında malların alqı-satqısında vasitəçilk həyata keçirir. xx.xx.2022-ci iltarixdə “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” şirkəti tərəfindən Şəxs hesabına 16991.09 ABŞ dolları vəsait köçürülmüş, həmin vəsaitdən 4 faiz komisyon haqq, bankın konvertasiya və digər xərcləri tutulduqdan sonra vəsait “COSTEX TRACTOR PARTS” şirkətinin hesabına köçürülmüşdür. Onu da qeyd etmək lazımdır ki, mallar ümumiyyətlə digər bir ölkə Türkiyə Respublikası ilə daşınmışdır. “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” şirkəti tərəfindən sifariş edilmiş mallar Şəxs nin vasitəçiliyi ilə “COSTEX TRACTOR PARTS” şirkəti tərəfindən Rusiya Federasiyasına göndərilmiş və gömrük bəyannamələri verilmişdir. Lakin "xxxx" ASC tərəfindən qeyd edilənlər nəzərə alınmamış, köçürülmüş məbləğ hesabına alınmış malların idxal edilməməsi və ya geri qaytarılmaması ilə bağlı Mərkəzi Banka məlumat göndərilmişdir. Hal-hazırda şirkət bu halların aradan qaldırılması məqsədilə partnyor bankını da dəyişmiş Turan Bankla əməkdaşlığa başlamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

4. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Şəxs ilə X2 fəaliyyət göstərən “COSTEX TRACTOR PARTS” şirkəti və Rusiya Federasiyasında fəaliyyət göstərən “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” üç tərəfli alqı-satqı müqaviləsı bağlanmışdır.

5. Şəxs "xxxx" ASC-də olan bank hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” şirkəti tərəfindən həmin hesaba 16991.09 ABŞ dolları vəsaiti köçürülmüş, həmin tarixdə vəsait “COSTEX TRACTOR PARTS” şirkətinin hesabına köçürülmüşdür.

6. Gömrük bəyannamələrindən görünür ki, Şəxs vasitəçiliyi ilə ABŞ-dən dəyəri 16991.09 mallar “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” şirkətinin ünvanına göndərilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

7. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

8. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022ci il tarixli müqavilə Şəxs ilə X2 fəaliyyət göstərən “COSTEX TRACTOR PARTS” şirkəti və Rusiya Federasiyasında fəaliyyət göstərən “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” arasında bağlanan üç tərəfli alqı-satqı müqaviləsidir. Şəxs "xxxx" ASC-də olan bank hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” şirkəti tərəfindən həmin hesaba 16991.09 ABŞ dolları vəsaiti köçürülmüş, həmin tarixdə vəsait “COSTEX TRACTOR PARTS” şirkətinin hesabına köçürülmüşdür. Mallar birbaşa “SPECİAL TECHNİCAL SOLUTİONS LLC ünvanına göndərilmiş, gömrük bəyannamələri verilmişdir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İXM-nin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”-nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, vasitəçiliklə bağlı işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olubolmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilənin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır.

11. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

12. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

14. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

15. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

16. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

17. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.

18. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

19. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar