Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6701/2025 15.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati tənbehvermə haqqında qərarından şikayət verilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 Yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı X2, şikayət vermiş şəxs X4 iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X6 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:
2. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X4 nümayəndəsi Nümayəndə şikayəti onunla əsaslandırmışdır ki i, xx.xx.2025 il saat 08-45 radələrində qardaşı Tahir Əliyev “Hunday İX35” markalı, dövlət qeydiyyat nişanı ** VB *** nömrəli avtomobillə Binəqədi sossesi ilə Bakı şəhəri istiqamətində hərəkət edərkən Baksol yolu ilə kəsişməni keçdikdən sonra arxadan gələn ** UV *** dövlət qeydiyyat nişanı olan “Kia” sedan markalı avtomobil sağ tərəfdən ötmə əməliyyatı edərək onun avtomobilinə xəsarət yetirməklə yol qəzası törətmişdir. Tahir Əliyev qəzanı törədən sürücünün sərxoş vəziyyətdə olduğunu görüb dərhal 102 xidmətinə zəng vurmuşdur. Bir neçə dəqiqədə sonra səyyar YPX əməkdaşları gələrək hadisəni araşdırmağa başlamışlar. Həmin vaxt qəza törətmiş sürücü kiməsə zəng edib təcili hadisə yerinə gəlməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra şəxsi avtomobildə hadisə yerinə gələn polis nəfəri sərxoş sürücü ilə öpüşüb görüşmüş, bir qədər söhbət edəndən sonra qəzanı törədən sürücü avtomobilinə oturub hadisə yerini tərk etmişdir. Polis nəfəri Tahir Əliyevə yaxınlaşıb sənədlərini almış, səyyar YPX əməkdaşlarına məsələ ilə özü məşğul olacağını demişdir. Onlar da hadisə yerini tərk etmişlər. Polis nəfəri Tahir Əliyevin “Kia” markalı sürücünün davranışına, emosional vəziyyətinə diqqəti çəkib onun içkili olduğunu, belə vəziyyətdə ona avtomobili idarə edərək hadisə yerini tərk etməsinə icazə verdiyini polisin nəzərinə çatdırıb, yol qəza hadisəsi baş verdiyinə görə hadisə iştirakçılarının tibbi müayinəyə cəlb olunmasının zəruriliyi barədə dediklərinə məhəl qoymayaraq “vaxtım yoxdur deyərək”, adının Fərid olduğunu, növbəti iş günü, yəni 17 iyunda DYP Binəqədi rayon şöbəsinə onun yanına gəlməsini tələb etmişdir. Növbəti gün Tahir Əliyev DYP Binəqədi rayon şöbəsinə gəlib növbə götürüb gözləsə də, qəbula düşə bilməmiş, növbətçi əməkdaşa telefon nömrəsini verib ki, imkan olanda Fərid Rzayev ona zəng etsin. İnspektor 18 iyunda Tahirə zəng edib axşam saatlarında onun yanına gəlməsini demiş, o isə ayın 19-da səhər gələ biləcəyimi bildirmişdir. Ancaq həmin gün axşam saat 8 radələrində Tahir Əlievin telefonuna barəsində 18.06.25-ci tarixli, İXP ******* saylı protokol tərtib edilməsi və 40 manat cərimə olunması barədə SMS gəlmişdir. Tahir Əliyev 19.06.25-ci il tarixində səhərdən DYP Binəqədi rayon şöbəsinə gəlmiş, inspektor Fərid orada olmamış, onunla telefon əlaqəsi saxlayaraq protokolun onun tərəfindən yazıldığını öyrənmişdir. Tahir məsələni araşdırmaq və sənədlərini geri almaq ücün görüşmək itədiyimi bildirmiş, inspektor “işdə yoxam başqa vaxt gələrsən” cavabını vermişdir. Bundan sonra Tahir Əliyev sənədlərini geri almaq üçün bir neçə dəfə DYP Binəqədi rayon şöbəsinə gəlmiş, inspektor Fərid iş yerində olmamışdır. Sonuncu dəfə Tahir elə oradan 102 xidmətinə zəng edib bu barədə xəbər vermişdir. Ona bir qədər gözləməsi, Fərid Rzayevi tapıb iş yerinə gətirəcəklərini demişlər. Bundan təxminən 20 dəqiqə sonra o, iş yerinə gedib Tahir Əliyevin sənədlərini qaytarmış, ancaq Tahir Əliyevin protokol və qərarın ona təqdim edilməsi tələbini rədd edərək, “başını qaranlıq işlərə soxma” demişdir. Beləliklə, Binəqədi Rayon DYP şöbəsinin polis leytenantı X3 16. 06 2025-ci il tarixdə Binəqədi şossesində baş vermiş yol- qəza hadisəsini ört basdır edərək, guya X5 Xətalar Məcəlləsinini 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı saxta protokol tərtib edərək onun əsasında inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar çıxarılmışdır. Sonra isə həmin sənədləri Tahir Əliyevə təqdim etməkdən boyun qaçırmışdır. Tahir Əliyev telefonuna SMS radar vasitəsi ilə daxil olmuş məlumata istinad edərək xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə TP ******* saylı Qərardan elektron qaydada şikayət vermişdir. Şikayət 3-13-44- 7/1-Ə-287xx/xx/2025 nömrə ilə qeydə alınaraq Bakı şəhər DYPİ-yə göndərilmişdir. Tahir Əliyev polis kapitanı Elnur Səfərov tərəfindən dəvət edilərək məsələ ilə əlaqadar izahat vermişdir. Ancaq bundan sonra şikayətin verilməsindən kecən 2 aya yaxın vaxt ərzində dəfələrlə mürciət olunsa da, Elnur Səfərov araşdırmaların nəticələri barədə rəsmi qərar qəbul edilmədiyni bildirərək, Fərid Rzayevin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın surətini Tahir Əliyevə təqdim etmişdir. Bakı şəhər DYPİ-dən əldə edilən Fərid Rzayevin xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət verilmişdir. Binəqədi rayon DYP şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru Fərid Rzayev tərəfindən Tahir Əliyevin “inzibatı xətanı törətməsi barədə” tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol inspektorun tanışı olan X7 tərəfindən törədilmiş sözügedən yol-nəqliyyat qəzasını ört-basdır etmək məqsədi ilə uydurulmuş və protokolun əsaslılığı heç bir fakt və subutla təsdiqlənməmişdir. Belə ki, inspektor Fərid Rzayev tərəfindən hadisədən iki gün keçəndən sonra tərtib edilmiş İXP ******* nömrəli “inzibati xəta haqqında protokola” baxanda protokolun “subutlar və şahid ifadələri” hissənin boş saxlanıldığı, “inzibatı xəta faktının təsdiq edəcək subutlar” barədə qeydlərin aparılmadığı görünür. Subutlarla əlaqədar qeyd olunmalıdır ki, hadisə Binəqədi şossesi- Baksol yolu kəsişməsində, çoxsaylı video-kameraların nəzarəti altında olan sahədə baş vermişdir və onun kameralarda qeydə alınmaması qeyri-mümkündür. Əslində hadisə yerinə dərhal həmin ərazidəki səyyar YPX əməkdaşları gələrək avtomobildə quraşdırılmış bort-kompüter vasitəsi ilə ətrafdakı video-nəzarət sisteminə qoşularaq hadisənin gedişatını araşdırmışdılar. X13 hadisə yerinə gələrək qəzanı törətmiş sürücü ilə “pıçıldaşmış”, səyyar YPX əməkdaşlarını oradan kənarlaşdırmış və bundan sonra da hadisə barədə yerində protokol tərtib etmədən oranı tərk etmişdir. Fərid Rzayevin vəzifə borcu idi ki, texniki vasitələrin köməyi videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla görüntülər əsasında hadisə barədə obyektiv protokol tərtib etsin. Ancaq inspektor Fərid Rzayevin tərtib etdiyi protokola hadisə barədə hər hansı video görüntülər qoşulmamışdır. Əslində inspektor Fərid Rzayev iş yerinə qayıdıb kabinetdə videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxmışdır, ancaq aşkarladığı faktlar və subutlar tanışının xeyrinə olmadığına görə onları İXP ******* nömrəli protokola tətbiq edə bilməmiş, protokolun “subutlar və şahid ifadələri” hissəsi bilərəkdən boş saxlanılmışdır. Hesab edirik ki, elə bu səbəbdən Tahir Əliyevin 21.06. 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə TP ******* saylı qərardan verdiyi şikayət üzrə hər hansı bir qərar çıxarılmamışdır. Hadisə 16 iyun tarixində baş versə də, inzibat xəta haqqında protokol 18 iyun 2025-ci il tarixdə tərtib edilmişdir. Protokolu tərtib etmiş polis inspektoru Fərid Rzayev qardaşı Tahirə zəng edib deyib ki, gündüz gəlmə, işdən sonra gələrsən, məsələyə baxarıq. Tahir də ona deyib ki, işdən sonra gələ bilməyəcək, ya indi gəlsin ya da ayın 19-da gəlsin. Belə aralarında razılaşıblar. Ayın 17-də axşam saatlarında Tahirin mobil nömrəsinə protokol tərtib edilməsi ilə bağlı sms gəlmişdir. Tahir də ayın 19-da şöbəyə gedib, lakin həmin vaxt Fərid orada olmamışdır. Tahir də Fəridə zəng edib demişdir ki, telefonuna cərimə gəlmişdir. Fərid müəllim də təsdiq edib ki, protokolu o tərtib etmişdir. Tahir də heç olmasa sənədlərini qaytarmasını istəmişdir. Tahir 102 xidmətinə də zəng edib bu barədə məlumat vermiş, daha sonra Fərid kabinetdə sənədləri Tahirin üstünə atıb “gör sənin başına nə oyun açacam” demişdir. Bundan sonra, onlar Baş Dövlət Yol Polis İdarəsinə şikayət etmişlər. 03 sentyabrda Tahirə məktubla cavab verilmişdir ki, şikayətə baxılmış və şikayətdə göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Ondan sonra da onlar məhkəməyə ərizə ilə müraciət etmişlər. Binəqədi Rayon Məhkəməsində isə şikayət təmin edilməmişdir. Ondan sonra apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq ərarı ilə Binəqədi Rayon Məhkəməsinin qərarı ləğv edilmişdir. Qəzanı törədən Cavid adlı şəxs protokolu tərtib edən Fərid Rzayevlə qohumdur. X14 hadisə yerinə gələndə Cavidlə öpüşüb görüşmüşdür. Məhkəmədən şikayətin təmin edilərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətini müdafiə edib izahatında bildirmişdir ki, guya bildirmişlər ki, o, latin qrafiki ilə sərbəst yazıb-oxuya bilmir, lakin o hər iki qrafika ilə də sərbəst yazıb oxuya bilir. İş materiallarındakı imzasız izahatın ona məxsus olmadığını, araşdırılmanın düzgün aparılmadığını, polis inspektorunun onun əvəzindən izahat yazaraq görüntü yaratdığını bildirmişdir. Onu sürücüyə yol verməməsi ilə ittiham etsələr də onun maşını xeyli qabaqda olmuşdur və verdiyi ifadədə də eyni ilə belə demişdir. Cəriməni ödəmişdir, çünki dəbbə pulu 64 manatadək yığılmış, bu müddət ərzində isə onun şikayətlərinə baxılmamış, maşınının texniki baxışının vaxtı çatmış və ona cəriməni ödəmədiyi təqdirdə avtomobili texniki baxışdan keçirə bilməyəcəklərini bildirdikdə isə məcbur qalaraq cəriməni ödəmişdir ki, avtomobili texniki baxışdan keçirə bilsin. Sonda məhkəmədən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında inzibati tənbehvermə haqqında qərarından şikayət verilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 Yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı X3 bildirmişdir ki, məhkəmədən şöbəyə daxil olmuş sorğuya 4-cü bəndində yazılı izahatda Tahir Əliyevin imzasının olmaması sualı qoyulmuşdur. Tahir Əliyev şöbədə izahat verərkən izahatı imzalamaqdan imtina etmiş və Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılmış və həmin idarənin rəisi Rəşid Piriyev tərəfindən hadisənin düzgün araşdırılması ilə bağlı cavab verilmişdir. Tahir Əliyev həmin idarədə təkrar izahat vermiş və izahatını öz imzası ilə də təsdiq etmişdir. Tahir Əliyevin şikayəti üzrə ilkin araşdırma idarədə aparılmış və izahatı alınmış, lakin izahatını imzalamaqdan imtina etmişdir. Bəzən elə vətəndaşlar olur ki, yazı yaza bilmir və ya latin qrafiki ilə yaza bilmirlər. Belə olan halda izahat yazamaq üçün orada bir-birilərindən kömək istəyirlər. Yol nəqliyyat hadisəsi baş verən zaman o, hadisə yerinə getmiş, tərəflərin sənədlərini götürmüş və tərəfləri izahatlarının alınması üçün şöbəyə dəvət etmişdir. Hadisə iyun ayının 16-da baş vermiş, ayın 18-də isə protokol tərtib edilmişdir. 48 saat ərzində inzibati xəta haqqında protokol tərtib olunmalıdır. Ona görə də, hər iki tərəfi izahatlarının alınması üçün şöbəyə dəvət etmişdir. Protokolu ayın 18-də tərtib etməyinin səbəbi Tahir Əliyevin izahat verməkdən imtina etməsi idi. Tahir Əliyevin özünün şifahi izahatı əsasında hesab etmişdir ki şəxs təqsirlidir. X15 Baş Dövlət Yol Polis İdarəsində verdiyi yazılı izahatında göstərmişdir ki, sağdan gələn nəqliyyat vasitəsi onunla eyni istiqamətdə, məndən sağda gələn nəqliyyat vasitəsi yerində olduğu üçün onu gözləməyi zəruri bilməmişdir. Amma X9 qanunun 42-ci maddəsinin 5-ci bəndində göstərilir ki, sağdan gələn eyni səmtə gedən nəqliyyat vasitələri sağ üstünlüyə malikdir. Sağdakı nəqliyyat vasitəsi buraxmalı, ondan sonra yerdəyişmə olunmalıdır. Burada 42.5-ci maddənin tələbi pozulmuşdur. Tahir Əliyev izahatında da göstərmişdir ki, o sağdan gələn nəqliyyat vasitəsini gözləməyi zəruri bilməmiş, yəni gözləməmişdir. Təhlükəsizlik şəhər kameralarına baxmış, lakin onların görüntüləri götürməyə icazəsi olmamışdır. Təhlükəsiz şəhər kameraları 30 gün görüntünü yaddaşda saxlayır. Hazırkı iş üzrə hadisənin üstündən 6 ay müddət keçmişdir. Tahir Əliyevin dediyi absurddur. Çünki o digər sürücüdən necə xeyli qabaqda olub ki, avtomobillər bir-birinə toqquşub? X9 Qanunun 85-ci maddəsinə görə şəxs özünü şübhəli apararsa, açıq aşkar büruzə verirsə, o halda şəxsi tibbi müayinəyə aparırlar. Gün ərzində 25-30 hadisə baş verir və hər kəsi avtomobillə müayinəyə apara bilməzlər. Texniki vasitə ilə sərxoşluğun yoxlanılması X9 Qanunun 85-ci maddəsinin tələblərinə ziddir, yalnız tibbi müayinədən keçmək lazımdır. X9 Qanunun 38.1-ci maddəsində görə qarşı tərəfi 3 ay müddətində inzibati məsuliyyətə cəlb edə bilərlər. Protokol dəyişiləcəksə, qarşı tərəfə inzibati qaydada protokol tərtib olunmalıdır. Şəxs yolda qayda pozmamışdır. Qərar ləğv olunduğu halda Tahir Əliyev günahsız, qarşı tərəf günahkar olmalıdır. Qanunun 38.1-ci maddəsinə görə isə 3 aydan sonra sürücünü inzibati məsuliyyətə cəlb edilə bilməz. Burada isə 6 aydan artıq müddət keçmişdir. Tahir Əliyev cəriməni də ödəmişdir. Məhkəmədən qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 (qırx) manat məbləğində cərimə edilmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 6701/2025 nömrəli qərarından görünür ki, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti təmin edilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-2920/2025 nömrəli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon DYPŞ-nin polis leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraat materialları X4 şikayətinin dəlillərinə münasibətdə hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:
8. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X6 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
9. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 3 (103)-2920/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarında göstərilmiş xüsusatlar üzrə məhkəmə araşdırma zamanı toplanmış sübutlardan müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X4 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki verilmiş şikayətdə və şikayət vermiş şəxsin məhkəmədə verdiyi izahatında baş vermiş hadisəsinin videogörüntüsü ilə tanış edilmədiyini, onun iştirakı olmadan barəsində icraatın aparılması, digər yol nəqliyyat hadisəsi iştrakçısının sərxoşluğunun yoxlanılmadan qanunsuz qərar qəbul edildiyini göstərmişdir. İlk növbədə qeyd edilməlidir ki, səlahiyyətli oqran tərəfindən şəxs barəsində inzibati xəta haqqında iş üzrə araşdırma aparılarkən yol nəqliyyat hadisəsi iştirakçıları dəvət edilərək hər iki şəxsin iştirakçı ilə videogörüntüyə baxış keçirilərək müvafiq araşdırma aparılmaqla izahatlar alınmalı və tərəflərdən hər hansı birinin sübutu və ya müraciəti olduqda tədiqiq edilməli idi. Lakin səlahiyyətli şəxs tərəfindən həmin xüsusatlar üzrə ziddiyyətli hala yol verilərək şikayətçi tərəf videogörüntü ilə tanış edilməmiş, barəsində aparılan inzibati xəta haqqında icraat üzrə sübutları olduğu təqdirdə təqdim etməsi üçün lazımi şərait yaradılmadan əsassız qərar qəbul edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən səlahiyyətli şəxs şikayət vermiş şəxsi videogörüntü ilə tanış edə bilməməsini hadəsinin videogörüntüsünün tərəfindən götürülməsinə icazənin olmaması ilə əsaslandırsa da, özünün həmin görüntüyə baxdığını və videogörüntü əsasında araşdırma apararaq müvafiq qərar qəbul etdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilməsi məqsədilə həmin görüntü Binəqədi Rayon Dövlət X10 Yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı X1 tələb edilsə də, səlahiyyətli şəxs hadisənin üstündən uzun müddət keçməsi əsası ilə hal-hazırda həmin görüntünün silindiyini bildirmişdir. Digər tərəfdən inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli şəxs tərəfindən şübhəli hal olduğu halda (hansı ki, şikayətçi qarşı tərəfin içkili olduğunu iddia edərək, hadisə günü müvafiq müayinənin aparılmasını tələb etmiş, səlahiyyətli orqanın nümayəndəsi isə vaxtının olmaması ilə əsaslandıraraq müayinəni aparmaqdan imtina etmişdir) yol nəqliyyat hadisəsi üzrə xüsusi texniki vasitədən istifadə etməklə və ya müvafiq həkim rəyi ilə sərxoşluq vəziyyətinin müayinəsi, yəni yol nəqliyyat hadisəsi iştirakçılarının sərxoş olub-olmaması vəziyyəti müəyyən edilməli, daha sonra müvafiq qərar qəbul edilməli idi. Lakin müəyyən edilmişdir ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən müvafiq yoxlama aparılmamış, nəticədə də qəbul edilmiş qərarın obyektivliyi şübha altına düşmüşdür. Bundan başqa, Binəqədi Rayon Dövlət X10 Yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı X3 məhkəmə iclasında verdiyi izahatında araşdırma zamanı verilmiş yazılı izahatda imzanın olmamasını şikayətçi Əliyev Tahirin latın qrafika ilə yaza bilməməsi və onun xahişi ilə digər şəxslər tərəfindən tərtib edilməsi ilə əsaslandırsa da, şikayətçi Əliyev Tahir qeyd edilənləri təkzib edərək bildirmişdir ki, o hər iki qrafika ilə də yazıb oxuya bilir, həmin izahatı nəinki yazmamış hətta onun varlığından sonradan şikayəti üzrə məsələ araşıdırılarkən məlumatlı olmuşdur. Bundan başqa şikayətçi onun şikayəti əsasında inzibati orqanda aparılan araşdırma zamanı verdiyi ifadəyə uyğun ifadə verərək bildirmişdir ki, hadisə yerinin sxemi düzgün təsvir edilməmişdir, belə ki, o hərəkətdə olarkən digər maşından xeyli qabaqda olmuş bu səbəbdən də digər sürücünün sağdan yola daxil olması zamanı ona yol verməyə zərurət bilməmişdir. Çünki o maşından xeyli qabaqda olmuşdur. Əksinə digər maşın sürətlə daralan yolda onun yoluna sağ tərəfdən daxil olaraq qəzaya səbəb olmuşdur. Beləliklə də qeyd edilən fakt üzrə də səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında hər hansı bir əsaslı dəlilə istinad edə bilməmişdir. Bütün bunlar isə öz növbəsində inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan tərəfindən araşdırmanın obyektiv və hərtərəfli aparılmadığına dəlalət edir. Təsvir olunanlar isə belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla X4 hüquqlarının pozulması ilə müşahidə olunan əsassız qərar qəbul etmişdir.
10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
11. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
12. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.
18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.
20. Beləliklə məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
21. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı: X6 tərəfindən verilmiş şikayət təmin edilsin. X6 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova