Məhkəmə qərarları › İş №3(001)-6720/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6720/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6720/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, X1 Azərbaycan Respublikası DİN X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, EQ 24612935 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Şikayət verən X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24612935 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və məsələ ilə bağlı araşdırma aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, 5-10 noyabr tarixləri aralığında Rövşən Hüseynov küçəsindən keçmiş və 13 noyabr 2024-cü il tarixdə qardaşına Binəqədi Rayon Dövlət X3 zəng gəlmişdir ki, guya cəriməyə düşüb. O da bildimrişdir ki, həmin tarixdə dedikləri yerdən keçməmiş, başqa ünvanda olmuşdur. Bildirmişlər ki, Binəqədi Rayon Dövlət X6 getsinlər və orada aydınlaşdırsınlar. Başa düşür ki, cərimə yazılanda polis şöbəsinə getmirlər, çünki bu qanuna ziddir. Polisə bununla bağlı etiraz etdikdən sonra ona cərimə yazıldığını görmüşdür. Hətta tətbiqdən GPS koordinatlarına baxmış və ərazinin Binəqədi Rayon Dövlət X4 ərazisi olduğunu müəyyən etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, başqa tarixdə dedikləri yerdə olsa da, 13 noyabr tarixindən orada olmamışdır. Polisin dediyinə görə o, noyabrın 5-10 aralığında həmin ərazidə olmuşdur. Həmin ərazidə də, heç bir nişan xətti yoxdur. Cərimə ilə bağlı məlumatı “SMSRadar” tətbiqindən əldə etmişdir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

4. Azərbaycan Respublikası DİN X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24612935 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 12:02-də Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan 26a ərazisində “Chevrolet Malibu LT” markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

5. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir.

6. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN X7 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki məhkəmə iclasında şikayət vermiş şəxsin səsləndirdiyi fikirlər əsasında toplanmış sübutlarla müəyyən edilir ki, X2 barəsində Azərbaycan Respublikası DİN X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24612935 nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan xx.xx.2024-cü il tarixdə saat 12:02-də Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan 26a ərazisində olmamışdır.

7. Habelə şikayətdən və şikayət vermiş şəxsin izahatından müəyyən olunur ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X2 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması X1 hüquqlarının pozulmasına və qanunvericiliyin tələblərinə riayət olunmadan araşdırma aparılmasına dəlalət edir.

8. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

9. Bununla yanaşı, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası DİN X7 İdarəsi tərəfindən heç bir cavab verilməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

10. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci və 134.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir.

16. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24612935 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. xx.xx.2024-cü il tarixli, EQ 24612935 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar