Məhkəmə qərarları › İş №3(001)-6726/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6726/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6726/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Masallı rayonu, Gəyəçöl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Şikayət verən X4 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, sərxoşluqla bağlı DYP əməkdaşları tərəfindən aparılmış yoxlamanın və X3 rəyinin nəticələrinin araşdırılmasının təmin edilməsi və inzibati tənbehlə bağlı qərarın, protokolun və Binəqədi rayon Polis İdarəsinin cavab məktubunun qanunla müəyyən olunmuş formada təqdim edilmədiyindən, həmçinin müraciətində qeyd etdiyi məsələlərin Binəqədi rayon Polis İdarəsi tərəfindən ətraflı araşdırılmasının səbəblərinin aydınlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, barəsində polis tərəfindən xx.xx.2024-cü il tarixində protokol tərtib edilmişdir. Lakin o protokolla razı olmamışdır. Belə ki, o hadisə baş verən günü polislər tərəfindən saxlanılıb alko testdən keçirilsə də test heç bir nəticə əldə olunmamışdır. Buna baxmayaraq barəsində protokol tərtib edilmiş, maşını isə cərimə meydançasına aparılmışdır. O da həmin gecə sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibb müəsisəsinə getmiş və zəruri yoxlamadan keçərək sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə üçün protokolu əldə etmişdir. Və həmin protokoldan da göründüyü kimi onda alkoqol aşkar edilməmişdir. Səhəri gün polis şöbəsinə getmiş və o zaman barəsində verilmiş qərarla tanış olmuşdur. Bundan sonra lazımı araşadırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Polis İdarəsinə müraciət etsə də onun müraciətinə gec cavab verilmiş və qərar isə qüvvədə saxlanılmışdır. Buna görə də məsələnin daha ədalətli araşdırılması üçün məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

4. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 00:32-də Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində “Hyundai İX-35” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir.

5. xx.xx.2024-cü il tarixli, 2/51421 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X1 halının müəyyən edilməsi ilə bağlı 20 sentyabr 2024-cü il tarixdə saat 03:00-da müayinə olunmuş və müayinə nəticəsində şəxsin ayıq olması müəyyən edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir.

7. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X7 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə şikayətdən və şikayət vermiş şəxsin izahatından müəyyən olunur ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması X2 hüquqlarının pozulmasına və qanunvericiliyin tələblərinə riayət olunmadan araşdırma aparılmasına dəlalət edir. Çünki, şəxs tərəfindən həmin tarixdə sərxoşluq halının müəyyən edilməsi ilə bağlı müvafiq orqana müraciət edilərək səlahiyyətli orqanın gəldiyi nəticənin əksinə rəy alınmış olsa da, sonuncuya sərxoş vəziyyətdə olmasını sübut edə biləcək heç bir dəlil göstərilməmişdir. Halbuki müvafiq qaydalara əsasən eyni qəbildən olan inzibati xəta hadisəsi üzrə şəxsin sərxoşluğu xüsusi texniki vasitədən istifadə etməklə müəyyən edildikdə, səlahiyyətli şəxs tərəfindən həmin xüsusi texniki vasitədən əldə edilmiş müvafiq qəbz çıxarılır və şəxs həmin çıxarışla birməlı olaraq tanış edilir.

8. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

9. Bununla yanaşı, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X7 tərəfindən heç bir cavab verilməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

10. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci və 134.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir.

16. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli, qalan hissədə isə şikayət təmin edilməməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şikayət qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X6 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar