Məhkəmə qərarları › İş №3(001)-6727/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6727/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6727/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24628305 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24628305 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətdən görünür ki, X1 yaşayış yeri (yazışmaların aparılması üçün ünvan) şikayətdə natamam olaraq göstərilmiş, yəni ünvan Binəqədi rayonu, Sulutəpə qəsəbəsi olaraq göstərilib. İnzibati xəta hadisəsi isə Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində baş vermişdir. Şikayət vermiş şəxsin məhkəməyə verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsində baxılması üçün əlavə etdiyi ərizədə də konkret olaraq ünvan göstərilməmiş və şikayətçinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yaşaması göstərilərək işə Binəqədi Rayon Məhkəməsində baxılması xahiş edilmişdir. Qeyd edilməlidir ki, şikayətçi tərəfindən göstərilən yaşayış yerinin ünvanı natamamdır və həmin yerdə yaşaması ilə bağlı iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Bu hal isə işə baxılarkən ərazi aidiyyəti məsələsinin düzgün həllini şübhə altına alır. Digər tərəfdən qeyd edilməldir ki, qanun hakimin üzərinə icraatında olan inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına inzibati xəta haqqında iş üzrə sənədlərin (qərarlar, qərardadlar, protokollar, bildirişlər) sifarişli poçt göndərişi ilə çatdırılması və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilməsi vəzifəsini qoymuşdur. Çünki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Məhkəməyə müraciət etmiş inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısının yaşayış yerini (yazışmaların aparılması üçün ünvanı) şikayətdə natamam göstərməsi və yaşadığı yerin sənədlərdə qeyd olunan yer olmasını təsdiq edən sübutu əlavə etməmiş olması isə bu vəzifəni həyata keçirməyə, yəni inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısına inzibati xəta haqqında iş üzrə sənədlərin sifarişli poçt göndərişi ilə çatdırılması və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilməsini mümkünsüz edir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24628305 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24628305 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar