Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6731/2024 24.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (MMC) vəkili Vəkil iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhəri İdarəsinin baş məsləhətçisi, baş əmək müfəttişi X5 tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci maddəsi ilə tərtib etdiyi 18 iyul 2024-cü il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 18 iyul 2024-cü il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol baxılması üçün 02 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş əraziyə giriş icazəsi alınmış X2 adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq altsistemində əmək müqaviləsi aşkar edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi izahatında göstərdi ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X2 adına Əmək və Məşğulluq altsistemində əmək müqaviləsi bildirişi aşkar edilməmişdir. Beləliklə, əmək müqaviləsi olmadan işçini işə cəlb etdiyi üçün Şəxs MMC barəsində 18 iyul 2024-cü il tarixli məlum protokol tərtib edilmişdir. Sonda nümayəndə MMC barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibait xəta haqqında protokola yazılı etirazını ünvanlayaraq, etirazda göstərmişdir ki, “İXM-nin 127-3-cü maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 127-4-cü maddəsində inzibati xəta müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə icraatın aparılması qaydası təsbit olunur. İnzibati orqan tərəfindən Cəmiyyətə ünvanlanan sorğu məktublarında və bildirişlərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında Cəmiyyətin işğaldan azad edilmiş ərazilərə fiziki şəxslər üçün iş icazəsi alındığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində iş icazəsi alınmış şəxslərin adına qüvvədə olan əmək müqaviləsi bildirişinin olmadığı və həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyinin müəyyən edildiyi bildirilmişdir. İnzibati orqanin MN1933435 nömrəli, 18 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemləri əsasında tərtib olunduğu qeyd olunmuşdur. İnzibati orqanın 3-17-5/2-82240/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, İnzibati orqan tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemləri üzərindən əldə olunmuş məlumatlar icraata başlamaq üçün əsasdır. İnzibati orqan 3-17-5/2-82240/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qanunvericiliyə riayət etmədən icraat apardığını və sahibkarlıq subyektinə qarşı özbaşınalıq etdiyini etiraf edir. Belə ki, İXM-nin 127-4-cü maddəsində inzibati xəta müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə icraatın aparılması qaydası təsbit olunur. İXM-nin 127-4.1 maddəsində təsbit olunur ki, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Belə ki, İnzibati orqanın 3-17-5/2-82240/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki: “... tərəfimizdən müəyyən edilmiş faktın əlavə araşdırılması ilə əlaqədar işəgötürənlərə rəsmi qaydada dəvət bildirişi göndərilmiş və işəgötürənlər tərəfindən sözü gedən məsələnin əksini sübut edəcək hər hansı əsaslandırma təqdim olunmadığı üçün işçi statusu ilə alınan icazələrə dair çıxarış təkzib edilməmiş sübut kimi qiymətləndirilmişdir.” Göründüyü kimi inzibati orqan tərəfindən ölkə qanunvericiliyinin bütün norma və prinsipləri kobud şəkildə pozularaq çoxsaylı pozuntulara yol verilmişdir. İlkin olaraq inzibati orqan tərəfindən İXM-nin 8-ci maddəsi ilə təsbit olunan təqsirsizlik prezumpsiyası prinsipi gözlənilməmişdir. Həmin prinsipə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Lakin, inzibati orqan 3-17-5/2- 82240/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda sahibkarlıq subyektlərinin borclu olmadığı sübutetmə öhdəliyinə görə məsuliyyətə cəlb etdiyini çəkinmədən ifadə edir. Cəmiyyət tərəfindən onlayn əmək müqaviləsi (əmək müqaviləsi bildirişi) hüquqi qüvvəyə minmədən fiziki şəxslər əmək fəaliyyətinə cəlb olunmur. O cümlədən, X3 Cəmiyyət tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb olunmamışdır. Cəmiyyət tərəfindən işğaldan azad olunmuş ərazilərə buraxılış icazəsi alınmış X3 əmək müqaviləsi əsasında əmək fəaliyyətinə cəlb olunmuşdur. Onun öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı inzibati orqana müvafiq cavab məktubları təqdim olunmuşdur. İnzibati orqan tərəfindən Cəmiyyətə inzibati xəta üzrə icraat haqqında və onun dəlilləri barədə hər hansı məlumat verilməmişdir. Bununla bağlı inzibati orqan tərəfindən Cəmiyyətə ünvanlanan bütün məktublar dəlil olaraq məhkəməyə təqdim olunur. Cəmiyyət tərəfindən bütün işə qəbul edilən fiziki şəxslərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada yazılı formada əmək müqaviləsi bağlanılır və əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi və 49-cu maddəsinin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra əmək fəaliyyətinə cəlb olunur. Bir qayda olaraq işğaldan azad olunmuş ərazilərdə icra olunan layihələrə işçi qüvvəsinin cəlb olunması həmin layihələr üzrə işə qəbul edilməsi hesabına tədarük edilir. İşğaldan azad olunmuş ərazilərə göndərilməsi planlaşdırılan (işçilər, mülki hüquq müqaviləsi əsasında işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb olunan vergi ödəyicisi olaraq qeydiyyata alınmayan fiziki şəxslər, yazılı əmək müqaviləsi bağlanmamışdan əvvəl əmək şəraiti ilə yerində tanış olmaq istəyən şəxslər, xidməti müqavilə ilə işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlbolunan fiziki şəxslər, icarə müqaviləsi üzrə əmlakını icarəyə verən fiziki şəxslər və sair... ) fiziki şəxslər (vətəndaşlar) üçün buraxılış icazəsi alınması layihənin Sifarişçisi tərəfindən həyata keçirilir. Belə ki, yuxarıda qeyd olunan kateqoriyadan olan şəxslərin məlumatları sifarişçi cəmiyyətə göndərilir. Cəmiyyət isə həmin məlumatlar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemi üzərindən həmin ərazilərə buraxılış icazələrinin alınmasını təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsində və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə əmək fəaliyyətinə cəlb olunması üçün “iş icazəsi” növündə bir icazənin alınması nəzərdə tutulmamışdır. Eyni zamanda “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi adlı portal və həmin portal üzərindən real vaxt rejimində gücləndirilmiş elektron imza ilə təmin edilən “iş icazəsi” növü mövcud deyil. İşğaldan azad olunmuş ərazilərə buraxılış rejimi bütün fiziki və hüquqi şəxslər üçün tətbiq olunur. Ona görə də, həmin ərazilərə buraxılış icazəsi alınmış şəxslərin işçi olaraq qəbul edilməsi, həmin icazələrin “iş icazəsi” adlandırılması və “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sisteminin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi olaraq adlandırılması qanunsuzdur. İnzibati orqan tərəfindən məqsədli şəkildə və qanunsuz olaraq işğaldan azad olunmuş ərazilərin bərpasına cəlb olunmuş sahibkarların kütləvi şəkildə inzibati qaydada cərimələnməsi prosesi gedir. Mövcud olmayan informasiya sisteminə, mövcud olmayan icazə növünə və baş verməyən inzibati xəta hadisəsinə görə inzibati orqan tərəfindən vəzifəli şəxslər barəsində inzibati tənbeh vermə haqqında qərar ilə 3000 (üç min) manatdan 5000 (beş min) manatadək cərimə tətbiq olunur. Bundan başqa İnzibati orqan eyni zamanda hüquqi şəxs barəsində protokol tərtib edərək 20000 (iyirmi min) manatdan 25000 (iyirmi beş min) manatadək cərimə tətbiq olunması üçün iş materialları baxılması üçün məhkəməyə göndərilir. Buraxılış icazəsi alınmış şəxslərin həmin ərazilərə gedib-getməməsi və həmin əraziyə gedənlərin həmin əraziyə hansı statusta getməsi və işləyib-işləməməsi faktını araşdırmamışdır. Belə ki, Cəmiyyət tərəfindən işğaldan azad olunmuş ərazilərdə layihələrə personal tədarükü üçün işə qəbul (uyğun kadrların axtarılması, seçilməsi və yerləşdirilməsi) proseduru tətbiq olunur. Bəzi hallarda işə qəbulun bütün mərhələlərini keçən şəxslər əmək müqaviləsi bağlamaqdan və ya əmək müqaviləsi bağladıqdandan sona işləməkdən imtina edir. Buraxılış icazələrinin alınması üçün 15 (on beş) gündən artıq vaxt tələb olunur. Bu müddət ərzində müxtəlif səbəblərdən buraxılış icazəsi alınmış şəxs Cəmiyyətdə çalışmaqdan imtina edir. İş üçün müraciət etmiş və ya işə qəbul prosedurununun bütün mərhələlərini keçmiş şəxslər əmək müqaviləsi imzalamamışdan əvvəl işləyəcəkləri yeri görmək, həmin ərazinin iqlim şəraiti ilə tanış olmaq və iş yerində əmək şəraiti ilə tanış olmaq hüququndan istifadə edir. Bir çox halda şərtlərlə razılaşmayan şəxslər əmək müqaviləsi bağlamaqdan və ya onunla əmək müqaviləsi bağlanılmış olsa belə işləməkdən imtina edir. Bununla yanaşı icarəyə götürülmüş texnikaların mülkiyyətçiləri, subpodratçılar, xidmət müqaviləsi ilə işləri-xidmətləri yerinə yetirən fiziki şəxslər üçündə buraxılış icazələri alınması üçün Cəmiyyət tərəfindən sifarişçi Cəmiyyətə müraciət olunur. Göründüyü kimi Cəmiyyət bir başa hər hansı qurumdan və informasiya sistemindən real vaxt rejimində gücləndirilmiş elektron imza vasitəsi ilə hər hansı icazə alınması və həmin icazələrin ləğv olunması üçün müraciət etməmişdir. Elektron sənəd və elektron imza haqqında qanunvericiliklə hər hansı məsuliyyət daşımır. İslaq imza və möhürlə təsdiq olunmuş kağız daşıyıcısı vasitəsi ilə hər hansı orqana iş icazəsi üçün müraciət etməmişdir. Dövlət orqanı buraxılış icazəsi olan şəxsləri iş başında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək fəaliyyətini icra edərkən aşkarlamamış və rəsmiləşdirməmişdir. Protokol mənbəyi məlum olmayan məlumatlar əsasında tərtib olunmuşdur. Ona görə də, inzibati orqan tərəfindən buraxılış icazəsi alınmış şəxslərin işğaldan azad olunmuş ərazilərə gedib-getməməsi və həmin ərazilərdə əmək fəaliyyətinə cəlb olunub-olunmaması dəqiqləşdirilməlidir. Məhkəmə tərəfindən oda nəzərə alınmalıdır ki, elektron informasiya sistemlərindən aşkarlanan inzibati xətalar üzrə protokolların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ciil 26 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-1 nömrəli əlavədə göstərilmiş elektron protokol şəkilində tərtib olunmasını nəzərdə tutur. Lakin, inzibati orqan yuxarıda qeyd olunanlara əlavə olaraq protokolu İXM-nin 127-4.1.-ci bəndinin tələbləri pozaraq elektron qaydada tərtib etməmişdır. İXM-nin 127-4.1-ci bəndinin tələblərində “Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir.” İnzibati orqan tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil omuş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə əməl olunmadan aparılmamışdır. İnzibati orqan tərəfindən iş üzrə bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamış, mötəbər dəlillərlə Cəmiyyətin və onun vəzifəli şəxslərinin təqsiri sübuta yetirilməmiş, cəmiyyətin işçi kimi təqdim olunan şəxslərin izahatı alınmamış, onunla Cəmiyyət arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmiş və yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək işi məhkəməyə göndərilmişdir. Bununla da, inzibati orqan tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli qərarından görünür ki, sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır. İXM-nin 6.1.-ci bəndinin “inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.” tələbləri pozulmuşdur. İXM-nin 8.3.-cü bəndinin “İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir” tələbləri pozulmuşdur.” Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi (vəkili) məhkəməyə ünvanlandırdıqları etirazda göstərilənləri müdafiə etdiyini bildirib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, ilk öncə o qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyət yaradır. Şəxs MMC-nin ilə X3 arasında əmək münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranması nəzərdə tutulurdu. Göründüyü kimi, Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün həmin MMC ilə onun işçisi arasında bağlanmış əmək müqaviləsi gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə daxil edilməməli idi. İş materialları ilə müəyyən edilir ki, Şəxs MMC-nin direktoru ilə X3 arasında 11 iyun 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, Sərxan İsmayılov MMC-də qabyuyan vəzifəsinə işə qəbul edilmiş, tərəflərin qarşılıqlı razılıqlarına əsasən, müqavilənin 17 iyun 2024-cü il tarixdən 16 iyul 2024-cü il tarixədək qüvvədə olması, işçinin 17 iyun 2024-cü il tarixdə işə başlaması nəzərdə tutulmuşdur. Şəxs MMC-nin direktorunun 10 iyul 2024-cü il tarixli, 034/2024 saylı əmrinə əsasən, X3 ilə bağlanmış əmək müqaviləsinə sonuncunun öz xahişi ilə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş, əmək müqaviləsindən, bildirişlərdən və əmrlərdən görünür ki, Şəxs MMC tərəfindən X2 işə qəbulu və işdən azad edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmişdir. Əmək müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış və xitam verilmiş şəxsin icazəsinin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində ləğv edilməməsi özüözlüyündə İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətin əsası ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta hadisəsi olmadığından, onun barəsində İXM-in 192.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 75-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibait xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. - 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallrdan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 53.2, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq tərtib edilmiş 18 iyul 2024-cü il tarixli, ******* saylı “inzibati xəta haqqında” protokol üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-6731/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6731/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver