Məhkəmə qərarları › İş №3(001)-6731/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6731/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6731/2025 12.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİnin 5-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X7 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşları xidmətdə olan zaman qayda pozuntusu ilə bağlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” əmri vermişdir. Bundan sonra, sürücü Şəxs idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyi olması və buna görə avtomobilin duracağa təmin olunmalı olduğu bildirilmişdir. Lakin sürücü avtomobili duracağa təmin etməkdən yayınmış və polisin qanuni fəaliyyətini həyata keçirməsinə mane olmuşdur. Odur ki, sürücü Şəxs bölməyə dəvət olunmuş və barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, yeganə qazanc mənbəyi taksi fəaliyyətidir. xx.xx.2025ci il tarixdə, təxminən saat 01:00 radələrində istifadəsində olan “BYD” markalı avtomobillə Binəqədi rayonu, Cəfər Xəndan küçəsində hərəkətdə olan zaman Yol Polis Xidməti əməkdaşları ona avtomobili saxlamağı bildirmişdir. Daha sonra əməkdaşlar ona yaxınlaşaraq avtomobilin arxa hissəsindəki yayların qızdırıldığını, istismara yararlı olmadığını və avtomobilin duracağa getməli olduğunu bildirmişlər. O isə yayların işlək vəziyyətdə olduğunu, avtomobili servisə aparıb yoxlatdırdıqdan sonra duracağa təmin edilməsini, əks halda duracağa getməkdən imtina etdiyini bildirmişdir. Buna görə də, hadisə yerinə polis əməkdaşları cəlb edilmiş və sonuncu Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilmişdir. Qeyd etdiklərinin nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 01:15 radələrində Binəqədi rayonu, Cəfər Xəndan küçəsində “BYD” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi vizual olaraq müşahidə olduğundan tərəflərindən saxlanılmışdır. Saxladıqdan sonra sürücüyə törətdiyi qayda pozuntusu izah edilərək avtomobilin mühafizə olunan duracağa getməli olduğu və narazılığı olduğu halda məhkəmə qaydasında şikayət verə biləcəyi izah edilmişdir. Lakin sürücü razılaşmayaraq avtomobilin heç bir yerə getməyəcəyini bildirmişdir. Sürücü dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq sonuncu polisin qanuni tələblərinə tabe olmamağa davam etmişdir. Daha sonra hadisə yerinə X9 əməkdaşları cəlb edilmiş və əməkdaşlar tərəfindən həmin sürücünün Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid Binəqədi RPİ-nin DYPŞ-nin operatoru, polis baş serjantı X6 digər şahid X4 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün, saat 01:55-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 5-ci PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahat ilə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6-cı maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1.-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Azemis” elektron-məhkəmə informasiya sistemində edilmiş sorğulara əsasən məlum olur ki, xx.xx.2025-ci il təvəllüdlü X1 Fərid Faiq oğlunun övladıdır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini, inzibati qaydada tutulmasını və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar