Məhkəmə qərarları › İş №3(001)-6734/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6734/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6734/2024 20.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXMin 482.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00100-03236/24 nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

3. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Gürcüstan Respublikasından Şəxs ünvanına QP624PQ nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisində daxil olmuş, **********4702 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə, “İpək yolu” gömrük postunun anbarında keçirilmiş baxış zamanı bəyan olunmayan 2 yer, ümumilikdə 2250 ədəd “Humagotropin” adlı dərman vasitəsinin boş qutuları aşkar edilmişdir.

4. Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli xidməti qeydindən görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində “Humagotropin” adlı dərman vasitəsi Şəxs tərəfindən idxal edilmişdir.

5. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli, 184 nömrəli ekspert rəyindən görünür ki, Şəxs tərəfindən gömrük orqanına bəyan olunmayan 2250 ədəd “Humagotropin” adlı dərman vasitəsinin boş qutularının orta bazar qiyməti 450 manat təşkil edir.

6. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00100- 03236/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvanına Gürcüstan Respublikasından QP624PQ nömrəli nəqliyyat vasitəsi ilə gələn malların, yəni ümumilikdə 2250 ədəd “Humagotropin” adlı dərman vasitəsinin boş qutularının bəyan edilməməsi halı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

7. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 482.1-ci maddəsi ilə tövsif edilmişdir.

8. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxsnə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.

9. Belə ki, məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Gürcüstan Respublikasından Şəxs ünvanına QP624PQ nömrəli nəqliyyat vasitəsi ilə gələn və ölkə ərazisinə keçirilən mallar, yəni ümumilikdə 2250 ədəd “Humagotropin” adlı dərman vasitəsinin boş qutuları cəmiyyət tərəfindən bəyan edilməmişdir. Həmçinin müyyən edilmişdir ki, cəmiyyət tərəfindən bəyan edilməmiş 2250 ədəd “Humagotropin” adlı dərman vasitəsinin boş qutularının orta bazar qiyməti 450 manat təşkil edir. Göründüyü kimi, Şəxs tərəfindən onların adına ölkə ərazisinə daxil olan yuxarıda adı və sayları sadalanan mallar gömrük nəzarətinə bəyan edilməmişdir. Beləliklə də Şəxs tərəfindən İXM-in 482.1-ci maddəsinin tələbləri pozulmuşdur. 10 İXM-in 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir.

11. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.

12. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi.

13. Məhkəmə Şəxsnə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

14. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

15. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

16. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

17. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

18. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.

19. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

20. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

21. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

22. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

23. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş malların dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır.

24. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri olan – 450 (dörd yüz əlli) manat məbləğin 40% (qırx faizi) məbləğində, yəni 180 (yüz səksən) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar