Məhkəmə qərarları › İş №3(001)-6738/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6738/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6738/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Sabirabad rayonunun Xəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Sabirabad rayonunun Xəlfəli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədovun məktubu ilə baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 01 dekabr 2024cü il tarixdə Binəqədi rayonu, A.Məmmədov küçəsində polisin qanuni tələblərinə tabe olmamış, nəticədə İXM-nin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, 01 dekabr 2024-cü il tarixdə vətəndaş X3 burnunun sındırılması ilə bağlı polisə müraciət etmiş, hadisəni törədən şəxsin Şəxs olduğunu və sonuncunun Adil Məmmədov küçəsi, 87 ünvanında sexdə işlədiyini bildirmişdir. Polis əməkdaşları həmin ünvana gedərək Şəxs polis bölməsinə dəvət etsələr də, o, polisin qanuni tələbinə tabe olmamış, hətta güc yolu ilə onlardan yayınmağa çalışmış, ictiamiyyət arasında nümayişkəranə şəkildə polisin nüfuzuna xələl gətirəcək ifadələr işlətməyə davam etmişdir. Nəticədə o, məcburi şəkildə polis bölməsinə gətirilmiş, orada polisin tələbinə tabe olmadığı üçün peşmanlıq hissi keçirdiyini bildirərək, üzr istəmişdir. Nəticədə hazırki protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Sonda V.M.Həsənov məhkəmədən Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ifadəsində göstərdi ki, 01 dekabr 2024-cü il tarixdə onun həqiqətən də taksi sürücüsü olan Ruslan Əlizadə ilə mübahisəsi yaranmışdır. Lakin, o, sonradan ona yaxınlaşan şəxslərin polis əməkdaşları olduğunu bilməmişdir, çünki həmin şəxslər mülki geyimdə olmuşlar. Ona görə də, onların tələblərinə məhəl qoymamışdır. Lakin sonradan əraziyə post-patrul əməkdaşları yaxınlaşanda o, həmin şəxslərin polis əməkdaşları olduğunu başa düşmüş, onlarla birlikdə polis bölməsinə getmiş, orada polis əməkdaşlarından üzr istəmişdir. Sonda Y.Əlizada ailəsinin yeganə gəlir gətirən üzvü olduğunu, atasının müharibə veteranı, həm atasının, həm də anasının səhhətində problemlər olduğunu bildirib, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: - Binəqədi RPİ-nin 7-ci PB-nin rəis müavini, polis mayoru Şahin Osmanov və polis sahə inspektoru, polis baş leytenantı Amid Fərzəliyev tərəfindən tərtib edilmiş raportda göstərilmişdir ki, “01 dekabr 2024-cü il tarixdə X3 burnunun yumruqla sındırılması ilə bağlı müraciət etmişdir. Hadisəni törədən Şəxs Adil Məmmədov küçəsi, ev 87 ünvanında sexdə işlədiyi məlum olmuşdur. Həmin şəxsi işlədiyi ünvandan 7-ci PB-yə izahat verməsi üçün təmin etmək istədikdə, qanuni tələbimizə qəsdən tabe olmayaraq, nalayiq ifadələr işlətmiş və bizə qarşı zor tətbiq etməyə cəhd etmişdir. Şəxs biz dəfələrlə intizama dəvət etmək istəsək də, o, öz əməllərinə davam etmiş və dostu Kərimov Hörmət Fİrsət oğlunu ora çağırmışdır. Hər iki şəxs xəbərdarlıq etməyimizə baxmayaraq, qanuni tələbimizə qəsdən tabe olmadı və ictimaiyyət arasında nümayişkəranə şəkildə polisin nüfuzuna xələl gətirəcək ifadələr işlətməyə davam etdilər. Biz ÇPA əməkdaşlarının köməyi ilə həmin şəxsləri polis bölməsinə təmin etdik.”. - X8 Alayının 2-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şəhriyar Məmmədov və Kamran Zahidov tərəfindən tərtib edilmiş raportda göstərilmişdir ki, “01 dekabr 2024-cü il tarixdə, saat təxminən 13:35 radələrində inzibati ərazidə xidmət apararkən çağırışa əsasən 144 saylı tam orta məktəbin yaxınlığında olan “Araz” marketin yanına yaxınlaşmağımızı və orada əməliyyat qrupuna kömək etməyimiz bildirildi. Biz dərhal həmin ünvana yaxınlaşıb 2 nəfərə özümüzü təqdim edib 7-ci PB-yə təmin etdik. Bölmədə məlum oldu ki, həmin şəxslər X4, Şəxsdur.” - “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs 01 dekabr 2024cü il tarixdə, saat 15:30-da inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də iş materialları ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xəta üzrə özünü təqsirli bilərək, əməlindən səmimi peşmanlığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün müəyyən edilmiş cərimə cəzasının maksimum həddi 200 manat olduğundan, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq, hesab edir ki, Şəxs 100 manat məbləğində inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə Şəxs 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə, qərar şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar