Məhkəmə qərarları › İş №3(001)-6744/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6744/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6744/2024 13.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Rəhimova Aynurə Şirzad qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində polis sahə rəisi vəzifəsində işləyən X2 tərəfindən qəbul edilmiş 17 iyul 2024-cü il tarixli, EXP ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş 17 iyul 2024-cü il tarixli, EPQ ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində polis sahə rəisi vəzifəsində işləyən X2 tərəfindən qəbul edilmiş 17 iyul 2024-cü il tarixli, EXP ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş 17 iyul 2024-cü il tarixli, EPQ ******* saylı “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 80 manat cərimə cəzası təyin edilmişdir. X3 həmin protokol və qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Y.R.Osmanov izahatında göstərdi ki, o, 15 iyul 2024-cü il tarixdə, saat 16:50 radələrində “Biləcəri dairəsi” deyilən yerdə özünə məxsus “Mercedes” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı maşında dayanarkən Post-Patrul Xidməti əməkdaşı ona yaxınlaşaraq kobudcasına səslənmiş, bu zaman o, polis əməkdaşına özünü təqdim etməsini tələb etdikdə polis əməkdaşı onun haqlı tələbinə məhəl qoymayaraq zor tətbiq etməklə onu 6-cı Polis bölməsinə aparmışlar. Bölmədə o, öz hüquqlarını müdafiə etdikdə polis mayoru Toğrul adlı şəxs və tanımadığı başqa bir polis serjantı onun yanlışlıqla Polis Bölməsinə gətirildiyini bildirib, üzrxahlıq etmişlər. Hadisə ilə bağlı o, rəsmi qaydada şikayətini Daxili İşlər Nazirliyinə bildirmiş, aparılan araşdırma zamanı Bakı şəhəri Baş Polis İdarəsindən ona hazırki prokotol və qərar barədə məlumat verilmişdir. Halbuki, onun bu protokoldan ümumiyyətlə məlumatı olmamış, protokolun tərtib edilməsində iştirak etməmiş, ümumiyyətlə, protokolda göstərilən inzibati xəta hadisəsi mövcud olmamışdır. Buna görə də, o, hazırki şikayətlə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Y.R.Osmanov məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı Binəqədi rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin olunmamışdır. İXM-nin 133.2 və 133.2.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə, qərarından şikayət verilmiş inzibati orqana şikayətə baxılması ilə bağlı lazımi qaydada məlumat verilməsi nəzərə alınmaqla, şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, İXM-nin: 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 100.1 və 100.1.7-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Digər tərəfdən, İXM-nin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 111.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Hazırki, barəsində şikayət verilmiş inzibati xəta haqqında qərar və həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol nəzərdən keçirilərkən müəyyən edilir ki, protokolda İXM-nin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinin hansı faktlarla təsdiq edildiyi göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Y.R.Osmanovun izahatı alınmamışdır. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə almaqla məhkəmə hesab edir ki, Y.R.Osmanovun inzibati xəta üzrə təqsiri sübuta yetmədiyindən inzibati xəta haqqında protokol əsas olmadan tərtib edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alıb, İXM-nin 84, 128, 131-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş 17 iyul 2024-cü il tarixli, EXP ******* saylı protokol üzrə X1 təqsiri sübuta yetirilmədiyindən, həmin protokol əsasında qəbul edilmiş 17 iyul 2024-cü il tarixli, EPQ ******* saylı “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar