Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6752/2024 20.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 464-cü maddəsi ilə tərtib edilmiş 25 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir.
3. Məhkəmə iclasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ləğv prosesində olan hüquqi şəxs olmasını qeyd edib, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin təqdim edilməsi xahiş olunmuşdur.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 25 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditi aparılmamışdır.
6. Məhkəmənin “Şəxsi məlumatlara dair” portal çıxarışından görünür ki, ********** VÖEN nömrəli "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ləğv prosesindədir. Məhkəmənin əsaslandırması və mövqeyi
7. Məhkəmə, nümayəndəni dinləyib, iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
8. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ləğv prosesindədir. Mülki Məcəllənin 61-ci maddəsinə görə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir.
9. Kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) aralıq ləğvetmə balansını tərtib edərək təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir. Aralıq ləğvetmə balansına ən azı ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorların tələblərinin və debitor borcların siyahısı haqqında məlumatlar daxil edilir.
10. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. MM-nin 61.9-cu maddəsinə görə kreditorlar ləğvetmə balansı təsdiq edilənə qədər öz tələblərini irəli sürə bilərlər.
11. Beləliklə maddi hüquq normasının tələbi onu göstərir ki, ləğvetmə balansı tərtib edilmiş hüquqi şəxslər ancaq əvvəlcədən bu balansda nəzərdə tutulmuş kreditorlarla hesablaşmaları həyata keçirə bilərlər. Belə olduğu təqdirdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində inzibati tənbeh tətbiq etməklə bağlı tərtib edilmiş protokol üzrə qərarın qəbul edilməsi qeyri-mümkündür. Çünki, protokolu tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "xxxx" QSC-nin ləğv prosesində olduğunu bilməmiş və vaxtında kreditor kimi ləğvetmə balansında öhdəliklərlə bağlı icranın tələbini bildirməmişdir.
12. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
13. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
14. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
15. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
16. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
17. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.
18. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 25 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
19. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 25 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova