Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6775/2024 04.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin nümayəndəsi, həmin Bölmənin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Masallı rayonunun Yeyənkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Masallı rayonunun Yeyənkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli, MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar və onların əsasında toplanmış material daxil olmuşdur. Tərtib edilmiş MN ******* nömrəli protokolda və toplanmış materiallarda göstərilmişdir ki, Şəxs 10 oktyabr 2024-cü il tarixdə X1 60 manat pul alıb, 6-cı mərtəbədə olan evinə qalxıb 100 manat gətirib qaytaracağı adı ilə aldadaraq sonuncunun 60 manatını ələ keçirmişdir. Tərtib edilmiş MN ******* nömrəli protokolda və toplanmış materiallarda göstərilmişdir ki, Şəxs 31 oktyabr 2024-cü il tarixdə 1 günlük kirayədə yaşadığı evdə yaşayan X2 məxsus 1 ədəd “Xiaomi Redmi” markalı mobil telefonu və 120 manat pulunu oğurlamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 470 manat maddi ziyan vurmuşdur. Tərtib edilmiş MN ******* nömrəli protokolda və toplanmış materiallarda göstərilmişdir ki, Şəxs 12 noyabr 2024-cü il tarixdə X6 aid “Mercedes Benz 190” markalı avtomobilin plastik kantlarını sökərək oğurlamış, nəticədə zərərçəkmiş şəxsə 100 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında MN ******* nömrəli protokolu tərtib etmiş X8 ifadəsində göstərdi ki, hər üç protokol üzrə zərərçəkmiş şəxslərin ərizələri daxil olarkən inzibati xətanı törətmiş şəxsin kimliyi məlum olmamış, aparılmış araşdırma nəticəsində həmin əməllərin Şəxs tərəfindən törədildiyi müəyyənləşmiş, 03 dekabr 2024-cü il tarixdə Şəxs 7-ci Polis Bölməsinə gətirilərək orada hər üç əmələ münasibətdə izahatı alınmış və o, hər üç əməli etiraf etmişdir. 03 dekabr 2024-cü il tarixdə, saat 20:00-da Şəxs inzibati qaydada tutulmuş, 04 dekabr 2024-cü il tarixdə isə hər üç əmələ görə ayrı-ayrılıqda inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs daimi yaşayış yeri, iş yeri yoxdur, oğurluğa, spirtli içkilərə meylli şəxsdir. Sonda Z.A.Şirəliyev məhkəmədən Şəxs barəsində inzibati tənbeh növündə inzibati həbs seçilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş Şəxs ifadəsində göstərdi ki, o, hər üç əməl üzrə özünü təqsirli bilir. 10 oktyabr 2024-cü il tarixdə kənd çolpası satan, adının Zaur Fərzəliyev olduğunu sonradan bildiyi şəxsə yaxınlaşıb ondan 60 manat pul istəmiş, yaxınlıqda yerləşən binanı göstərək 6-cı mərtəbədə olan evinə qalxıb 100 manat götürüb verəcəyini bildirərək onu aldatmış, Zaurun 60 manatını ələ keçirərək oradan uzaqlaşmış, həmin pulla özünə spirtli içki almışdır. Bundan başqa, 31 oktyabr 2024-cü il tarixdə qalmağa yeri olmadığından günlük kirayə ev axtarmış, nəticədə İskəndər Əkbərovun evinin bir otağında qalmışdır. Gecə İskəndərləspirtli içki qəbul etmişlər. Səhərə yaxın saatlarda İskəndərin yatdığını görüb onun mobil telefonunu oğurlayıb evdən çıxmışdır. Sonradan telefonun arxasında 30 manat pul olduğunu görüb götürmüş, telefonu tanımadığı şəxsə 60 manata satmışdır. Əldə etdiyi pula özünə yemək və spirtli içki almışdır. 12 noyabr 2024-cü il tarixdə isə pulu olmadığından yol kənarında dayana “Mercedes” markalı avtomobilin plastik hissəsini söküb 50 manata tanımadığı şəxsə satmışdır. Əməllərindən peşmandır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar: - Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı Surəc Niyazov tərəfindən qəbul edilmiş 20 oktyabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X7 10 oktyabr 2024-cü il tarixdə DİN-in 102 xidmətinə və həmin tarixdə Binəqədi RPİ-nin 7-ci PB-yə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində yerləşən 9-10 nömrəli binanın qarşısında olan zaman tanımadığı şəxsin müştəri kimi ona yaxınlaşaraq 60 manat alıb 6-cı mərtəbəyə qalxmasını və evindən 100 manat götürüb yanına gəlməsini istəmiş, yuxarı qalxdıqda aldadılmasını başa düşmüşdür. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 məxsus 60 manat pulu dələduzluq yolu ilə ələ keçirmiş naməlum şəxsin müəyyən edilərək İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PB-yə göndərilmişdir. - Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı Rəhim Yusubov tərəfindən qəbul edilmiş 08 noyabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan X5 xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-yə müraciət edərək, xx.xx.2024-cü il tarixdə təxminən saat 06 radələrində kirayə yaşadığı 1 otaqlı evdə ona məxsus “Xiaomi Redmi” markalı mobil telefonun və mobil telefonun qabının içərisində olan 120 manat pulun onunla birlikdə günlük evdə qalan tanımadığı şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 məxsus mobil telefonu və nağd pulu oğurlamış naməlum şəxsin müəyyən edilərək İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PB-yə göndərilmişdir. - Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı Rəşad İsmayılov tərəfindən qəbul edilmiş 21 noyabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 06:03 radələrində ünvan 4 ünvanında yaşayan vətəndaş X9 DİN-in 102 xidmətinə zəng edərək bildirmişdir ki, qardaşına məxsus ünvanda saxladığı “Mercedes 190” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlətini naməlum şəxs tərəfindən oğurlamağa cəhd etməsi onu görüb qaçması barədə məlumat vermişdir. Avtomobilə baxış zamanı avtomobilin arxa krelin aşağı kantlarının oğurlandığını aşkar etmişdir.. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Hadisəni törətmiş naməlum şəxsin müəyyən edilərək İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PByə göndərilmişdir. - 03 dekabr 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs 03 dekabr 2024-cü il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, Şəxs həmin inzibati xətaları törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmiş və törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 227-ci maddəsində göstərilən inzibati xəta hadisələrinin törədilməsi sübuta yetirilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətaların xarakterini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəməməsini, barışıq əldə olunmamasını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan ictimai işlər tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 03 dekabr 2024-cü il tarixdə saat 20:00-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 03 dekabr 2024-cü il tarixdə saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-6775/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6775/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver