Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-678/2025 24.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 500000.00 məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 302699.85 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.
2. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Şəxs ilə “LLC RUSTAVİ STEEL” arasında müqavilə bağlanmış bu müqaviləni banka təqdim edərək qeyd edilən məbləği (302699.85 ABŞ dolları), “LLC RUSTAVİ STEEL” şirkətinə köçürmüşdür. Qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə əməliyyatlarının nəticəsini əks etdirəcək məlumatı banka təqdim etməli olduğu halda Şəxs bu məlumatı banka təqdim etməmişdir. Belə ki, 13002-01/01 nömrəli, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-dən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan müraciətdə ödənişin təyinatı və nəticəsi barədə məlumatın banka verilmədiyi bildirilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, Şəxs bu aktı Banka təqdim etmiş, lakin bank bəyannamələri sistemdə yerləşdirərkən qrafalarda texniki səhvlərə yol vermişdir. Bundan başqa, MMC iki bankla əməkdaşlıq edir ki, təqdim edilən bəyannamələr aidiyyatı üzrə hər banka deyil, bir banka təqdim edilmiş, o da bəyannamələri öz hesabatı kimi yerləşdirmişdir. Daha sonra mövcud problem Mərkəzi Banka rəsmi müraciətlə araşdırılmış, Mərkəzi Bankın icazəsi ilə o bəyannamələr Kapital Banka təqdim edilmiş və zəruri sənədləşmələr aparılmışdır. Bununla bağlı məhkəməyə zəruri sənədlər də təqdim edilmişdir. Belə olduğu təqdirdə Mərkəzi Bank olaraq tərtib edilmiş, protokolu müdafiə etməyərək, hüquqi şəxsin xeyrinə müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə araşdırılması zamanı zəruri sübutlar toplanılaraq məhkəməyə və Mərkəzi Banka təqdim edilmişdir ki, onların əməlində hər-hansı br inzibati xəta mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Şəxs ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən “LLC RUSTAVİ STEEL” şirkəti arasında müqavilə bağlanmışdır.
5. Şəxs "xxxx" ASC-də olan bank hesabından çıxarışdan görünür ki, Şəxs tərəfindən “LLC RUSTAVİ STEEL” şirkətinin hesabına köçürülmüş vəsaitlərdən 302699.85 ABŞ dolları məbləği hər hansı bəyannaməyə bağlı deyildir.
6. Kapital Bankın təqdim etdiyi 13002-01/01, xx.xx.2025 –ci il tarixli məktubdan müəyyən edilir ki, Şəxs ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən “LLC RUSTAVİ STEEL” şirkətinin xeyrinə ödənilmiş 50000 ABŞ dolları dəyərində məbləğ xx.xx.2025-ci il tarixində təqdim edilmiş **********0697, **********1631, **********20743, **********1428 nömrəli bəyannamələrə aiddir. Məhkəmənin əsaslandırması və mövqeyi
7. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
8. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022ci il tarixli müqavilə ilə Şəxs ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən “LLC RUSTAVİ STEEL” şirkəti arasında bağlanan müqavilə üzrə xx.xx.2022-ci il tarixdə Şəxs tərəfindən 500000.00 məbləğində vəsait “LLC RUSTAVİ STEEL” şirkətinin hesabına köçürülmüş lakin 302699.85 ABŞ dolları məbləğində vəsait hər hansı bir bəyannamə ilə bəyan edilməmişdir. Lakin məhkəməyə təqdim edilən 13002-01/01, xx.xx.2025 –ci il tarixli məktubdan müəyyən edilir ki, Şəxs ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən “LLC RUSTAVİ STEEL” şirkətinin xeyrinə ödənilmiş 50000 ABŞ dolları dəyərində məbləğ xx.xx.2025-ci il tarixində təqdim edilmiş **********0697, **********1631, **********20743, **********1428 nömrəli bəyannamələrə aiddir. Ona görə də, məhkəmə Şəxs əməlində İXMin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.
10. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
11. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
12. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
13. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
14. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
15. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.
16. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
17. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova