Məhkəmə qərarları › İş №3(001)-6785/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6785/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6785/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 27 avqust 1980-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində 3 yaşınadək uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş 05 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol baxılması üçün 05 dekabr 2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 3(001)-6271/2024 saylı qərarına əsasən 500 manat inzibati cərimə edilməsinə baxmayaraq, həmin cəriməni ödəməmişdir. Məhkəmə iclasında icra məmuru izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 3(001)-6271/2024 saylı qərarına əsasən, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmiş, qərar 01 noyabr 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Lakin, hazırki tarixədək cərimə ödənilmədiyindən bu protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, o, işləmir, aylıq stabil qazancı yoxdur, buna görə də təyin edilmiş cəriməni ödəyə bilmir. Himayəsində 2,5 aylıq uşaq var. Bu halın nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 3(001)- 6271/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmiş, qərar 01 noyabr 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. xx.xx.2024-ci il tarixli qərardan görünür ki, Şəxs 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət ödənilməsi barədə verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 (on) gün müddətində ödəməsi barədə rəsmi bildiriş göndərilmiş, bildiriş 22 noyabr 2024-cü il tarixdə Şəxs tərəfindən qəbul edilmişdir. “Elektron icra” sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 20 sentyabr 2024-cü il təvəllüdlü uşaq vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 529.2-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 6271/2024 nömrəli qərarı ilə ona təyin edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi tarixdən hazırki tarixədək ödəməmiş, beləliklə İXM-nin 529.2-ci maddəsinin tərkib əlamətlərinin yaranması üçün tələb olunan 25 gün müddət buraxılmışdır. Bundan başqa, Şəxs adına həmin borcun yönəldilə biləcəyi qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları aşkar edilməmişdir. Bununla da Şəxs inzibati cərimə olunmasına dair barəsində olan qərarı qanunvericiliklə müəyyən edilmiş müddətə icra etmədiyindən icra məmuru tərəfindən şəxs barəsində İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, Şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-6271/2024 nömrəli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş qərarını qanunla müəyyən edilmiş əsaslar olmadan 25 gün müddətində icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 529.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmanlığını, himayəsində 2,5 aylıq uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, İXM-nin 28.4 və 28.4.3-cü maddəsinə əsasən, himayəsində üç yaşınadək uşağı olan qadınlara ictimai işlər cəzası tətbiq oluna bilməz. Həmçinin, İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Beləliklə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını, barəsində inzibati həbs və ya ictimai işlər cəzasının tətbiq edilə bilməməsini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXMin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 200 manat cərimə cəzası tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar