Məhkəmə qərarları › İş №3(001)-6788/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6788/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6788/2024 17.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-4449/2016 nömrəli icra sənədinə əsasən Məmməd-zadə Tamilla Teymur qızından və Şəxs müştərək qaydada 6200 ABŞ dolları əsas kredit borcu, 820.49 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 10 ABŞ dolları cərimə borcu olmaqla cəmi 7030.49 ABŞ dolları və 30 manat ödənilməmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi üzrə müəyyən edilmiş borc məbləği tam şəkildə ödənilməmişdir. Şəxs həmin borcu tam şəkildə tələbkara ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs rəsmi qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrə olan borc vaxtında ödənilmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində olan icra işi üzrə müəyyən edilmiş borcu ödəməkdən yayınmamış və mütəmadi olaraq hər ay 50-100 manat ödənişlər etmişdir. İş üzrə o, zamin olmuş, lakin krediti alan Məmməd-zadə Tamilla Teymur qızı ilə birlikdə əlindən gəldiyi qədər pul ödəmişdir. Bununla bağlı da bankla aralarında razılığa gəlmişlər ki, hissə-hissə də olsa borc məbləği üzrə ödənişlər olunsun. Bu ilin əvvəlindən dekabr ayınadək icra sənədi üzrə mütəmadi ödənişlər edilmiş, hətta 05 dekabr 2024-cü il üzrə borcdan 200 manat da pul ödənilmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 uzun müddət keçməsinə baxmayaraq icra sənədinin icra edilmədiyini, tələblərinin borclulardan icra sənədi üzrə müəyyən edilmiş borcun tam şəkildə ödənilməsi olmasını, borc da tam şəkildə ödənilmədiyindən Şəxs şikayətçi olduqlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 4449/2016 nömrəli icra sənədindən görünür ki, Məmməd-zadə Tamilla Teymur qızından və Şəxs müştərək qaydada 6200 ABŞ dolları əsas kredit borcu, 820.49 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 10 ABŞ dolları cərimə borcu olmaqla cəmi 7030.49 ABŞ dolları və 30 manat ödənilməmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

6. İcraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-4449/2016 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

7. Tələbin könüllü icrası haqqında xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-4449/2016 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir.

8. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Şəxs barəsində barəsində axtarış elan edilmişdir.

9. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, 2024-cü ilin əvvəlindən 05 dekabr 2024-cü il tarixədək icra sənədi üzrə müəyyən edilmiş borcdan mütəmadi olaraq qismən ödənişlər olunmuşdur. Məhkəmənin əsaslandırması və mövqeyi

10. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

11. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir.

12. Məhkəmə iclasında Şəxs barəsində olan icra sənədi üzrə icra məmurunun tələblərini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmiş, habelə sonuncu hazırda baxılan inzibati xəta haqqında iş üzrə olan borcu qismən ödəmişdir.

13. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması müəyyən edilmişdir. Belə ki, Şəxs məhkəmədə bildirmişdir ki, o axtarışda olduğunu təsadüfən yolda polislər tərəfindən saxlanılarkən bilmiş, ona 528-ci maddənin sanksiyası ilə inzibati qaydada tutulacağını daha sonra cinayət məsuliyyətini daşıyacağını bildirdikdə onda panik atak olduğu üçün halı pisləşmiş və dərhal cibində olan 25 manat pulu ödəniş etmiş və qalan məbləğləri digər borclu (əvvəlki əsas borclu) Məmməd-zadə Tamilla Teymur qızı ilə danışaraq ödəməyə çalışmışdır. Lakin Tamilla xanım yaşlı, o özü isə sağlamlığına görə işsiz olduğu üçün ancaq qismən ödənişlər edə bilirlər. Buna baxmayaraq hər ikisi borcdan qətiyyən boyun qaçırmırlar və iş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən edilir ki, 2024-cü ilin əvvəlindən 05 dekabr 2024-cü il tarixədək icra sənədi üzrə müəyyən edilmiş borcdan mütəmadi olaraq qismən ödənişlər olunmuşdur.

14. Digər tərəfdən qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

15. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun.

16. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.

17. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

18. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

19. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

20. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

21. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

22. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar