Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6807/2024 24.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin 12 noyabr 2024-cü il tarixli, İXP ******* saylı protokolu və 19 noyabr 2024-cü il tarixli, TP ******* qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 334-1.1 və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş və 800 manat məbləğində cərimə edilmişdir. Tərtib edilmiş protokol və qərarla bağlı ona heç bir məlumat verilməmişdir. Cavabdeh orqanın vəzifəli şəxsi ona heç bir məlumat vermədən, bildiriş göndərmədən, hüquq və vəzifələri haqqında məlumatlandırmadan, inzibati xəta haqqında icraatın aparılmasını gizli şəkildə apararaq əsassız və qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən də o həmin qərarın nəyə əsaslandığından məlumatsız olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxs və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə bildiriş daxil olmamışdır. Məhkəmə iclasının şikayət vermiş şəxs və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 334-1.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. X8 Sistemindən sərhədkeçmə məlumatlarından çıxarışdan görünür ki, X5 27 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuşdur. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, verilmiş şikayət qismən təmin edilməli, 19 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən baxılması üçün inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana göndərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin 1-ci bəndinə əsasən-Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il qərarının 3.15-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay müddətində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Əsasnamənin 3.15-1 - 3.15-4cü bəndləri ilə müəyyən edilmiş qaydada dəyişdirməlidir. Həmin qərarın 3.15-6-cı bəndinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Əsasnamənin 3.15-1 - 3.15-4-cü bəndləri ilə müəyyən edilmiş qaydada dəyişdirməlidir. 3.15-7. Bu Əsasnamənin 3.15-5-ci və 3.15-6-cı bəndlərində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. İXM-nin 334-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında şikayətçi X2 şikayət ərizəsində göstərdiyi dəlillər materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edildi ki, şikayətçi X3 27 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazisinə giriş etmişdir. Yol Patrul Xidmətinin əməkdaşları isə onun barəsində hələ Azərbaycan Resublikasının ərazisində nəqliyyat vasitəsini xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında idarə etməsinin qanunvericiliklə icazə verilmiş müddəti yəni, 1 ay müddət bitmədən AR İXM-nin 334-1.1 və 327.1-ci maddələri ilə təqsirli bilərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Göründüyü kimi, X5 27 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş, onun barəsində 19 noyabr 2024-cü il tarixdə İXM-nin 334-1.1 və 327.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman onun əməlində İXM-nin 334-1.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, baş vermiş hadisədə X1 təqsirinin olub-olmaması dəqiq müəyyən edilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X3 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 327.1-ci maddələrinin dispozisiya şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən X5 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman onun əməlində İXM-nin 334-1.1 və 327.1-ci maddələrinin tərkibinin olub-olmaması araşdırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-6807/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6807/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver