Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-681/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5 izahat verərək bildirmişdir ki, inzibati xəta haqqında protokol onun tərəfindən Binəqədi rayon Polis idarəsinin Dövlət yol polisi şöbəsinin əməkdaşlarının raportu əsasında tərtib olunmuşdur. Raportda bildirilmişdir ki, Şəxs müvafiq sənədlər olmadan avtomobil idarə etdiyi üçün ona avtomobilin duracağa aparılması zərurəti olduğu bildirilmişdir. Lakin, Şəxs buna etiraz etmiş, polis əməkdaşlarının ilə uca səslə danışmış, həmçinin telefonla çəkiliş aparmağa başlamışdır. Bundan sonra Şəxs xidməti avtomobilə əyləşdirilib, aidiyyəti üzrə Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, saxlanıldığı zaman zor tətbiq edərək onu vurmuşlar. O, avtomobil ilə hərəkətdə olan zaman DYP əməkdaşları ona saxla əmri vermişlər və o, avtomobilini saxlamışdır. Əməkdaş onun idarə etdiyi avtomobilə yaxınlaşaraq ad və soyadını soruşmuşlar. O öz növbəsində ad soyadını söyləmiş, həmçinin sürücülük vəsiqəsinin olduğunu da bildirmişdir. Ondan avtomobili idarə etmək üçün etibarnaməsinin olduğunu soruşmuşlar, o, isə etibarnaməsinin olmadığını bildirmişdir. Bundan sonra ondan avtomobili kənarda saxlamağı tələb edilmiş, o da qeyd edilən tələbə əməl edərək avtomobili kənarda saxlamışdır. Daha sonra onu öz avtomobillərinə dəvət etmişlər. Bundan sonra keçib avto-patrul avtomobilində əyləşmişdir. Ondan içki içdiyini soruşmuşlar, içkili olmadığını və müalicə aldığını bildirmişdir. O, avtomoildən düşmüş və ona zəng gəlmişdir. Avtomobilin duracağa gedəcəyi ona bildirilmiş, o isə heç bir etiraz etməyərək razılaşmışdır. Həmin zaman ona zəng gəlmiş və cavab verdiyi zaman polislər ona telefonla danışmağıma icazə verməmişlər. Ona yaxınlaşaraq dizi ilə vurmuşlar. Daha sonra onu itələyib, öz avtomobilərinin arxa oturacaq hissəsinə uzatmışlar. Onlara heç bir nəlayiq ifadə işlətməmiş, sadəcə etibarnamə olmamışdır. Avtomobilinin duracağa getməsinə də razı olmuş, sadəcə telefona zəng gəlmiş və cavab vermək üçün onlardan bir az aralaşmışdır. Bundan sonra polislər onu vurub, öz avtomobillərinə uzatmışlar. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin Dövlət yol polis şöbəsinin yol-patrul xidmətinin inspektoru, polis serjantı X1 bildirmişdir ki, 29 yanvar 2025-ci il tarixdə A.Məmmədov küçəsində hərəkətdə olduqları zaman “Opel” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düz hərəkət istiqamətində hərəkət edərkən onların patrul avtomobilini görərək geriyə manevr etmişdir. Bu isə onlarda şübhə doğurmuşdur. Buna görə sürücüyə “saxla” işarəsi verərək sürücünü saxlamışlar. Sənədlərin yoxlanılması zamanı sürücünün etibarnaməsinin olmadığı aşkar edilmişdir. Sürücüyə qanunun tələbləri izah edilərək avtomobilin duracağa təmin olunacağı bildirilmişdir. Şəxs həmin 2-3 dəqiqə gözləməklərini, telefonla danışmaq istədiyini, daha sonra gedə biləcəklərini bildirmişdir. Şəxs dedikləri ilə razılaşıb sonuncunu gözləmişlər. Lakin, bir müddət Şəxs gözləsələr də, Şəxs onlara yaxınlaşmamışdır. Bundan sonra onlar sürücüyə yaxınlaşıb, avtomobilə əyləşməyi və avtomobilin duracağa aparılmasını xahiş etmişlər. Lakin, sürücü aqresivləşərək bildirmişdir ki, onun avtomobili heç bir yerə getmiyəcəkdir. Onun avtomobilini duracağa aparmağı heç kim bacara bilməz. Bundan sonra səs-küy salmağa başlamış, ətrafdakı insanların fikrini özünə cəlb etməyə çalışmışdır. Onlar sürücünü öz avtomobillərinə mindirmişlər. Bununla bağlı video-görüntü də mövcuddur. Şəxs özü həmin video-görüntüləri orada olan obyektdən götürmüşdür. Dediyinin əksinə Şəxs heç kim vurmamışdır. Şəxs hətta onlara əl-qol ataraq avtomobilə minmək istəməmişdir. Şəxs avtomobilə əyləşdirildikdən sonra bölməyə təmin edilmişdir. Görüntülərdən də müəyyən olunur ki, Şəxs qarşı heç bir zorakılıq etməmişlər. Həmçinin Şəxs barəsində nəqliyyat vasitəsini etibarnamə hüququ olmadan idarə etdiyinə görə hadisə vaxtı dərhal inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin Dövlət yol polis şöbəsinin yol-patrul xidmətinin inspektoru, polis serjantı X4 bildirmişdir ki, 29 yanvar 2025-ci il tarixdə xidmət apardıqları zaman A.Məmmədov küçəsində sürücü onları görüb arxaya manevr etməyə başlamışdır. Bu zaman onlar sürücünü saxlayaraq sənədlərini yoxlamışlar və həmin zaman sürücünün avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığı müəyyən edilmişdir. Sürücüyə avtomobil duracağa yerləşdirilməli olmasını bildirmişlər. Bundan sonra həmin avtomobili idarə etmək hüququ olan istənilən şəxs yaxınlaşıb, oradan avtomobili götürə bilər. Lakin, sürücü bildirmişdir ki, atası 5 dəqiqəyə gələcəkdir, avtomobili duracağa aparmağa ehtiyac yoxdur. Onlar da bir müddət sürücünün xahişi üzrə gözləmişlər. Lakin Şəxs atası gəlməmiş, həmin vaxtı Şəxs onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Hadisə yeridə yaşayış yerinin önü idi, artıq onların qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd etmişdir, onlar sürücünü öz avtomobillərinə əyləşdirmişlər. Şəxs hər hansı bir güc tətbiq etməmişlər. Həmçinin sürücü öz telefonu ilə çəkiliş aparmağa başlamış, avtomobilin şüşəsinə yumruq vuraraq qışqırıq salmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 5 dəqiqə 58 saniyədən ibarət videogörüntü mövcuddur. Video-görüntüdə DYP patrul avtomobili “Opel” markalı avtomobilin yanında saxlayır. Həmin avtomobilin sürücüsü avtomobildən enərək DYP patrul avtomobilinə əyləşir. Bir qədər sonra isə avtomobildən enərək patrul maşınının arxasında dayanır. YPX əməkdaşları ona yaxınlaşsalar da, sürücü avtomobilə əyləşmək istəmir. Bir qədər sonra sürücü polis əməkdaşları tərəfindən patrul avtomobilə əyləşdirilir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs “Opel” markalı **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə olmadan idarə etmişdir. YPX əməkdaşları tərəfindən Şəxs nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etdiyi üçün avtomobilin duracağa təmin olunması zərurəti Şəxs bildirilmişdir. Lakin Şəxs avtomobilin duracağa aparılmasına etiraz edərək polis işçilərinin qanuni tələbinə mane olmağa çalışmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində məsuliyyət polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs yönələn tələbin qanuni olub-olmamasına münasibətdə qeyd edir ki, İXM-nin 96.1.1-ci maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Məhkəmə araşdırması zamanı Şəxs “Opel” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə olmadan idarə etməsi tərəflərin izahatına əsasən öz təsdiqini tapmışdır. Odur ki, Şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılması barədə yönələn tələb qanuni olmuşdur. Lakin Şəxs avtomobilin duracağa aparılmasına etiraz edərək polis əməkdaşları ilə aqressiv danışmış, səs-küy salaraq avtomobilin duracağa aparılmasına mane olmağa çalışmışdır Məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə olmadan idarə etdiyi avtomobilin duracağa aparılmasına etiraz edərək polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa məhkəmə Şəxs məhkəmə iclasında vermiş olduğu izahatına tənqidi yanaşaraq həmin izahatı qeyri-səmimi və özünümüdafiə xarakterli verilmiş izahat kimi qiymətləndirir. Belə ki, Şəxs ifadəsində YPX əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasını, döyüldüyünü, bununla yanaşı avtomobilin duracağa getməsinə razılıq verdiyini, heç bir etirazının olmadığını bildirmişdir. Lakin məhkəmə araşdırması baxış keçirilmiş video-görüntü ilə müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşları tərəfindən döyülməsi öz təsdiqini tapmamışdır. Qeyd olunan hal Şəxs yalan izahat verdiyinə dələalət edir. Odur ki, Şəxs izahatında olan ziddiyyətli məqamlar, həmçinin şahidlərin izahatları, təqdim edilmiş video-görüntülər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünümüdafiə məqsədi ilə işin faktiki hallarına uyğun olmayan izahat verdiyini təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beəliklə, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, şahid izahatları, tədqiq edilmiş video-görüntü ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuş, məhkəmə iclasına da polis əməkdaşlarının nəzarəti altında gətirilmişdir. Odur ki, Şəxs barəsində tətbiq ediləcək inzibati həbs tənbeh tədbirinin əvvəli xx.xx.2025-ci il tarixdə, saat 22:30-dan hesablanmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 29 yanvar 2025-ci il tarixdən, saat 22:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 29 yanvar 2025-ci il tarixdən, saat 22:30-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-681/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-681/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver