Məhkəmə qərarları › İş №3(001)-6812/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6812/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6812/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 2003-cü il tarixdə Cəbrayıl rayonunun Qumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Cəbrayıl rayonunun Qumlaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, mədən 1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxıb, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Şəxs 08 dekabr 2024-cü il tarixdə, saat 01:15 radələrində “Heydər Məscidi”nin yaxınlığında Yol- Patrul Xidmətinin əməkdaşlarına qarşı tabesizlik etməklə, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 izahatında göstərdi ki, 08 dekabr 2024-cü il tarixdə, saat 01:15 radələrində metronun “Nəsimi” stansiyasının yaxınlığında, “Heydər Məscidi”nin yanında yol polisi əməkdaşları Şəxs avtoxuliqanlıq hərəkətləri etməsinə görə saxlamış, bu zaman o və avtomobilində olan 2 nəfər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, səs-küy salmışlar. Hadisə yerinə Post-Patrul Xidməti əməkdaşları çağırılmış və həmin şəxslər Polis Bölməsinə gətirilmişlər. Təqdim edilmiş raport əsasında hazırki protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs saxlamış yol polisi əməkdaşlarından eşitdiklərinə görə polis əməkdaşlarının qanuni tələblərinə əsasən Şəxs deyil, onunla birgə saxlanılmış digər şəxslərdən biri tabe olmamış, həmin şəxs bundan əvvəl də dəfələrlə sosial şəbəkələrdə yol hərəkəti qaydalarını pozması ilə bağlı çəkilişlər yerləşdirmişdir. Şəxs polis bölməsində inzibati qaydada tutulduğu müddətdə onlara hər hansı tabesizlik göstərməmişdir. Həmçinin, Şəxs atası müharibə iştirakçısıdır. Sonda H.F.Abbasov məhkəmədən Şəxs barəsində qanunauyğun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, barəsində tərtib edilmiş hazırki protokolla razı deyildir. Belə ki, o, 08 dekabr 2024-cü il tarixdə gecə saatlarında avtomobilini idarə edərkən yol polisi əməkdaşları onu saxlamışlar. Həmin vaxt avtomobildən ondan başqa 2 nəfər dostu da olmuşdur. Bu zaman hadisə yerinə Post-Patrul Xidməti əməkdaşları da yaxınlaşmış və onları 7-ci Polis Bölməsinə aparmışlar. Nə o, nə də dostları tərəfindən polisə qarşı heç bir etiraz edilməmiş, səs-küy salınmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlində 08 dekabr 2024-cü il tarixdə polis əməkdaşının qanuni tələbinə tabe olmamasında təqsirli olması öz təsdiqini tapmamışdır. Çünki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs 08 dekabr 2024-cü il tarixdə Baş Dövlət Yol Polisi İdarəsində polisin qanuni tələbinə tabe olmaması, polisin iş rejimini həmin tarixdə pozması göstərilsə də, həmin halın baş verməsi məhkəmədə sübuta yetirilə bilmir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs polisin qanuni tələbinə tabe olmamasına dair məhkəməyə heç bir mötəbər sübut və iş üzrə ziddiyyətli halları aradan qaldırmağa yönələ biləcək dəlil təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli törədilməsidir. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliyi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliyi sübuta yetirilmədiyindən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar