Məhkəmə qərarları › İş №3(001)-6816/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6816/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6816/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2, İcra sənədi üzrə tələbkarın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli, 2(001)-3324/2014 saylı icra sənədi üzrə borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında icra məmuru A.İ.Cəbiyev izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli, 2(001)-3324/2014 saylı icra sənədinə əsasən, Şəxs ümumilikdə 4777,65 ABŞ dolları məbləğində borcun ödəniş anında Azərbaycan manatına olan məzənnə üzrə tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın cavabdehə məxsus “Mercedes Benz 240” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi qərara alınmışdır. İcra sənədi 12 sentyabr 2014-cü il tarixdə İcra Şöbəsinə daxil olmuş, həmin tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Görülmüş icra tədbirləri nəticəsində icra sənədində göstərilən avtomobilin tapılması müəyyən edilməmiş, borclu da ödəniş etməmişdir. Buna görə də, barəsində hazırki protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. A.İ.Cəbiyev sonra Şəxs barəsində qanunauyğun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkarın nümayəndəsi Q.M.Qarayev izahatında göstərdi ki, borclu avtomobilin tapılmaması əsası ilə borcu ödəməkdən yayınır. Halbuki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur və bu qətnamə icrasız qalmamalıdır. Avtomobil tapılmırsa, borc digər əmlaklar hesabına ödənilməlidir. İcra sənədinin verildiyi vaxtdan 10 ildən çox vaxt keçmiş, bu müddət ərzində ödəniş olunmadığından o, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə maddənin sanksiyası həddində sərt cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, o, borcu ödəməkdən yayınmır. Lakin, maddi imkanı yoxdur. Məhkəmə qətnaməsinə göstərilən avtomobillə bağlı o, ilk öncə öz qohumuna etibarnamə vermiş, həmin qohumu avtomobilin pulunu özü ödəyəcəyini bildirmişdir. Sonradan isə ödəniş edə bilmədiyindən avtomobili üçüncü şəxslərə satmışdır. O, avtomobilinin tapılması ilə bağlı dəfələrlə Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi müraciət etsə də, müsbət cavab almamışdır. Hazırda bir daha bildirir ki, avtomobil tapılan kimi banka olan borcunu tam ödəyəcək, ya da avtomobili satılması üçün hərraca təqdim edəcəkdir. Sonda Şəxs mhəkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli, 2(001)- 3324/2014 saylı icra sənədinə əsasən, Şəxs ümumilikdə 4777,65 ABŞ dolları məbləğində borcun ödəniş anında Azərbaycan manatına olan məzənnə üzrə tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın cavabdehə məxsus “Mercedes Benz 240” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi qərara alınmışdır. - 12 sentyabr 2014-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, yuxarıda göstərilən icra sənədi ilə bağlı Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov tərəfindən icraata başlanmış, həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. - İcra şöbəsinin 15 sentyabr 2014-cü il tarixli məktubu ilə BDYPİ-yə müraciət olunaraq “Mercedes Benz 240” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtmobilin saxlanılaraq cərimə meydançasına qoyulması xahiş olunmuşdur. İcra şöbəsi tərəfindən eyni məzmunlu məktub 07 mart 2018-ci və xx.xx.2020-ci il tarixlərdə təkrarən BDYPİ-yə göndərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, borclu icra vərəqəsi üzrə müəyyən edilmiş tələbi icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, icra sənədi üzrə 2014-cü il tarixdə icra məmuru tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilməsinə baxmayaraq, 2024-cü ilədək, yəni hazırki tarixədək borclu tərəfindən icra sənədində göstərilən tələbin təmin edilməməsi ilk öncə tələbkarın hüquqlarını əhəmiyyətli dərəcədə pozmaqla, həm də Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qətnaməsinin icrasız qalması ilə nəticələnmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətmiş olduğu əməli etiraf etməsi, borcu maddi imkanının olmaması səbəbi ilə ödəyə bilməməsi, həmçinin avtomobili tapıldığı təqdirdə borcu ödəyəcəyini bildirməsini onun öz əməlinə tənqidi münasibətdə olduğuna dəlalət edir və məhkəmə onun bu cür davranışını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını, bununla belə, borclunun icra sənədini icra etmək niyyətini ifadə etməsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar