Məhkəmə qərarları › İş №3(001)-6823/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6823/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6823/2024 10.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs Quliyeva (Zeynalova) Günay İlqar qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4743/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar Şəxs 3407 manat aliment borcu yaranmışdır. Şəxs sözügedən icra sənədi üzrə müəyyən edilmiş aliment pulunu aylıq olaraq tam şəkildə ödəmədiyindən borcu yığılmışdır. Şəxs həmin borcu tam şəkildə tələbkara ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs rəsmi qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrə yaranmış aliment borcu ödənilmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində olan icra işi üzrə aliment borcundan yayınmamış və mütəmadi olaraq aliment pulunu ödəmişdir. İmkanı olmadığı üçün icra sənədində qeyd olunan aliment pulunu tam şəkildə deyil hissə-hissə ödəyə bilmişdir. Bununla bağlı əvvəlcədən tələbkarla da razılığa gəlmişdir.

4. İcra sənədi üzrə ödənilməmiş olan 3407 manat aliment pulundan ödəniş etmişdir. Ona müəyyən qədər vaxt verilərsə borcunu tam şəkildə ödəyəcəkdir. Hətta sonuncu dəfə bu həftənin birinci günü 170 manat əmək haqqı almış və dərhal bu pulun 100 manatını övladlarına xərclənməsi üçün Quliyeva (Zeynalova) Günay İlqar qızına vermişdir. O axtarışda olduğu zaman da qətiyyən qaçmamışdır. Şuşada ehtiyat sürücü kimi işə düzəlmiş bu barədə Quliyeva (Zeynalova) Günay İlqar qızına bildirmək istəsə də Günaya zəng çatmamışdır (Günay ona zəng vura bilməsin deyə telefonunda İkramı əngəlləmişdir). Hətta bu müddət ərzində 1700 manata yaxın ödəniş də etmiş və bunu icra məmuru da təsdiqləyə bilər. O, uşaqlarını sevdiyini imkan daxilində hər zaman maddi mənəvi yanında olduğunu bildirmiş, ona görə də, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında zərərçəkmiş şəxs Quliyeva (Zeynalova) Günay İlqar qızı bildirmişdir ki, Şəxs ilə nikahlarına xitam verdildikdə hər uşaq üçün 196 manat olmaqla ümumilikdə hər ay cəmi 386 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Buna baxmayaraq Şəxs pulu hər ay tam deyil hissə-hissə ödəmiş və hazırda onun 3407 manat borcu qalmışdır. O, Şəxs qalan borcu tam şəkildə ödəməsini tələb edir. Borc tam şəkildə ödənilmədiyindən Şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 4743/2022 nömrəli icra sənədindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 13 iyul 2022ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşağa 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat alimentin sabit pul məbləğində tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir.

7. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4743/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

8. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4743/2022 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu X5 məlumat verilmişdir.

9. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə X7 barəsində barəsində axtarış elan edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

10. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

11. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir.

12. Məhkəmə iclasında Şəxs barəsində olan icra sənədi üzrə icra məmurunun tələblərini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmiş, habelə sonuncu hazırda baxılan inzibati xəta haqqında iş üzrə olan borcu qismən ödəmişdir.

13. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan X2 əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması müəyyən edilmişdir. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə yanaşı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında verdikləri izahatlarında X2 icra sənədi üzrə olan borcunu hər ay mütəmadi olaraq tam məbləğdə olmasa da, qismən ödədiyini bildirmişlər.

14. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.

15. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

16. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

17. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

18. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

19. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

20. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar