Məhkəmə qərarları › İş №3(001)-6829/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6829/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6829/2025 04.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X3, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi X9i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi X9i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 03 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx manat) AZN məbləğində inzibati cərimə edilmişdir. Belə ki, “OMİD" MMC-nin mülkiyyətində olan və etibarnamə əsasında X2 istifadəsində olan 77JX571 dövlət qeydiyyat nişanlı HYUNDAİ HD 35 yük markalı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Zəngəzur küçəsi istiqamətində hərəkətdə olan zaman nəqliyyat vasitəsinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyi polis əməkdaşı tərəfindən qeydə alınmış və X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə İXP7398154 nömrəli protokol tərtib edilərək 40 (qırx manat) AZN məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Hadisə üzrə təqdim olunmuş şəkil və videogörüntülərin təhlili nəticəsində müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin əks istiqamətli hərəkət zolağına çıxması faktı ümumiyyətlə mövcud olmamışdır və bu maddənin tətbiqi əsassızdır. Hadisənin mahiyyətinə uyğun olaraq aydın görünür ki, nəqliyyat vasitəsi müəyyən olunmuş hərəkət zolağı üzrə hərəkətdə olmuş, digər nəqliyyat vasitəsi isə hərəkət qaydalarını pozaraq gözləmə öhdəliyini yerinə yetirməmiş və nəticədə yük maşınının arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsinə səbəb olmuşdur. Buna baxmayaraq, İnzibati orqan X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gələrək onu inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Odur ki, məhkəmədən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur.” Məhkəmə iclasında X4 bildirmişdir ki, 30 avqust 2025-ci il tarixdə Zəngəzur küçəsində “HYUNDAİ HD 35 yük” markalı, 77JX571 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman bir avtomobil onun idarə etdiyi avtomobilin arxa sağ təkərinə dəymişdir. Məhkəməyə təqdim etdiyi şəkillərdən də görünür ki, yolda maneə, yəni tramplin olmuş və o avtomobilin sürətini azaltmışdır. Daha sonra onu Binəqədi Rayon Polis İdarəsi X9i Şöbəsinə çağırmışlar, izahat yazmış və daha sonra günahın onda olmasını bildirmişlər. Lakin heç bir manevr etməmiş və qayda pozuntusuna yol verməmişdir. Yol ayrıcını keçdikdən sonra avtomobil gəlib onun idarə etdiyi avtomobilə dəymiş, o yolayrıcını keçməzdən əvvəl sağdan hər hansı avtomobilin gəlib-gəlməməsinə baxmış və hər hansı avromobil olmamışdır. Hesab edir ki, qeyd edilən həmin avtomobil surətlə gəldiyindən onun avtomobilinin arxa sağ təkərinə dəymişdir. Əgər o yol ayrıcını keçməzdən əvvəl həmin avtomobil sağ yoldan gəlsəydi onun avtomobilinin arxa sağ təkərinə deyil, qabaq hissəsi ilə toqquşmuş olardı. Qeyd edilənlərə əsasən də onun barəsində tətbiq edilmiş tənbeh tədbirinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, YPX-nin əməkdaşının bildirdiyinə görə hər 2 avtomobil eyni vaxtda yol ayrıcına daxil olmuşlar, daha sonra “HYUNDAİ HD 35 yük” markalı, 77JX571 dövlət qeydiyyat nişanlı avtomobil sağdan gələn avtomobil ilə toquşacağını ehtimal etdiyindən sürəti artırmış və sürətini artırdığına görə bu hadisə baş vermişdir. Odur ki, məhkəmədən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində, 09:30-da “Hyundai HD 35 yük” markalı, 77JX571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünun İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməis barədə protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində, 09:30-da “Zəngəzur küçəsi” ərazisində X4 “Hyundai HD 35 yük” markalı, 77JX571 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da, o 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş diskdə olan video-görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi ərazidə yolda hərəkət istiqamətlərini bir-birindən ayıran zolaqlar yoxdur. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş X9i İdarəsinə göndərilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda şikayətçinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi qeyd edilsə də, hadisənin baş verdiyi ərazidə hərəkət zolaqlarının olması məhkəmə tərəfindən şikayətçinin təqdim etdiyi diskə baxış keçirilməsi zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda, şikayətçinin əks hərəkət zolağına çıxmadan manevr etməkdə təqsirləndirmək tamamilə absurdur. Belə ki, hərəkət zolağı olmayan bir yolda nəqliyyat vasitəsinin sürücüsünün əks hərəkət zolağına çıxması mümkün deyildir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 327-ci maddəsinin dizpozisiyasında “əks istiqamətli hərəkət zolağına çıxmadan” ifadəsi sadəcə ötmə hərəkətinə aiddir, manevr etmə qaydalarının pozulması hər bir halda həmin maddə ilə məsuliyyət yaradır. Lakin hazırki halda məhkəməyə təqdim edilmiş sübutlarla X2 manevr qaydalarını pozmasını yam müəyyən etmək mümkün deyildir. Belə ki, sonuncu hərəkətə başlayan zaman onun avtomobilinin arxa sağ təkirinə dəymiş avtomobilin sağ yolda olmadığını, buna görə də hərəkətini davam etdirərək yol kəsişməsini keçdiyini, lakin önündə trampilin olduğu üçün surətini bir qədər azaltdığını, həmin avtomobilin yüksək sürətlə gəldiyi üçün onun avtomobilinin arxa sağ təkərinə dəydiyini bildirmişdir. Videonun tədqiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, toqquşma yeri, trampilinin yolda yerləşdiyi yer və yük avtomobilinin uzunluğu nəzərə alındıqda şikayət vermiş şəxsin izahatında bildirdiyi hallar həqiqətə uyğun görünür. Eyni zamanda baş vermiş yol nəqliyyat hadisəsi üzrə ekspertiza keçirilmədiyindən inzibati tənbeh tətbiq edilmiş şəxsin təqsirli olub-olmamasını dəqiq müəyyən etmək mümkün deyildir. Halbuki, müvafiq ekspertiza təyin edilməli və sürücülərin hərəkətlərində yol-hərəkəti haqqında qanunun tələblərinə uyğunsuzluq olub-olmaması müəyyən edilməli idi. Bununla yanaşı, yol-nəqliyyat hadisəsinin sxemində “Ford” markalı avtomobilin yola bitişik ərazidə hərəkətdə olması, “Hyundai HD 35 yük” markalı, 77JX571 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə yolda hərəkət etməsi təsvir edilmişdir. Hadisənin sxemdə göstərilən şəkildə baş verməsi qəbul edilmiş qərarla uzlaşmır. Belə ki, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin İV bəndinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. Göründüyü kimi qanunun tələbi imperativ olmaqla sürücünün yolabitişik ərazidən yola çıxdığı hallarda digər nəqliyyat vasitəsinə yol verməsini müəyyən etmişdir. Səlahiyyətli orqan tərəfindən qərar qəbul edilən zaman bu ziddiyyətli məqam da araşıdırlmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqandan tərəfindən X2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmiş və sonuncu barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati xətanın X4 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi X9i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, hadisə anını əks etdirən video-görüntünün olub-olmaması araşdırılmalı və olduğu təqdirdə götürülməli, tərəflərin izahatları ətraflı şəkildə alınmalı və hadisənin baş vermə mexanizmi dəqiq müəyyən edilməli, müvafiq ekspertiza təyin edilməli, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi X9i Şöbəsi tərəfindən Qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi X9i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi X9i Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar