Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6837/2024 23.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 464-cü maddəsi ilə tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, məhkəmə lakin nümayəndə məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir.
3. Məhkəmə iclasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparıldığını, yoxlama zamanı səhvə yol verdiklərini, hüquqi şəxsin Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçdiyi üçün VÖEN nömrəsinin qarşısında yazılan rəqəmin diqqətdən yayındığı və bu səbəbdən də yoxlama aparmadıqlarını zənn edib səhvən protokol tərtib etdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin təqdim edilməsi xahiş olunmuşdur.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditi aparılmamışdır.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təqdim edilən Azərbaycan Respublikası Auditorlar Palatasının yoxlamasının nəticələrinə dair təqdim etdiyi çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli 2020-2023-cü illərin audit yoxlamasını aparmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi
7. Məhkəmə, nümayəndəni dinləyib, iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparıldığı və səlahiyyətli orqan tərəfindən yoxlama zamanı səhvə yol verilməsi müəyyən edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının yoxlamasının nəticələrinə dair təqdim etdiyi çıxarışdan müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli 2020-2023-cü illərin audit yoxlamasını aparmışdır. Belə olan halda, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasında söhbət gedə bilməz.
8. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
9. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
10. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
11. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
12. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
13. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.
14. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
15. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Aytəkin İbrahimova