Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-684/2022 04.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X2, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 22.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 22.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinin pozulması şəratində çıxarıldığı üçün ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən əsassız olaraq barəsində 22 aprel 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarda onun tərəfindən vəzifəli şəxs kimi epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə edilməsi göstərilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, həm protokol, həm də qərar qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Tərəfindən karantin rejimi qaydalarının pozulmasına yol verilsə də, fiziki kimi fəaliyyət göstərmiş və belə olan halda 100 manat miqdarında cərimə edilməli idi. O, əsassız olaraq vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunmalıdır ki, o, əvvəllər fiziki şəxs kimi fəaliyyət göstərmiş və 01.01.2010-cu il tarixdən 30.09.2019-cu il tarixədək və 01.07.2021ci il tarixdən 31.03.2022-ci il tarixədək olan dövrdə hesabat dövrləri üçün bəyannamə təqdim edilməmiş, dövriyyə müəyyən edilməmişdir. Belə ki, bu dövrlərdə fəaliyyəti dayandırılmış, fəaliyyətinin bərpa edilməsi barədə tərəfindən ərizə verilməmişdir. Göründüyü kimi, qərar qəbul edilərkən o, fəaliyyət göstərmədiyindən və hal-hazırda da göstərmədiyi üçün vəzifəli şəxs hesab edilmir. Bu barədə Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarə tərəfindən ona məlumat verilmişdir. Qərar tamamilə əsassızdır, araşdırılmadan çıxarılmışdır və onun əməlində vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkibi yaranmadığı halda vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunanlardan da görünür ki, onun əməlində inzibati xəta törədilməsi halı mövcud olsa da, əməli düzgün tövsif edilməmişdir. Həmçinin qanunvericliyin tələbləri kobud şəkildə pozularaq əsassız qərar qəbul edilmişdir. O, vəzifəli şəxs olmadığı halda vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilmiş və qərar ədalətli deyildir. Ona görə də, qeyri-qanuni və qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun çıxış edib əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən əsassız olaraq barəsində 22 aprel 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Çünki onun əməlində inzibati xəta tərkibi olsa belə, o, inzibati xətanı vəzifəli şəxs kimi törədə bilməz. Üstəlik barəsində icraatın aparılması haqqında ona heç bir məlumat verilmədən, yəni nədə təqsirli olması, cərimələnəcəyi və digər hallarla bağlı məlumatlandırmadan qərar qəbul edilmişdir. Belə olan halda onun hüquqları pozulur və özünü müdafiəsi üçün şərait yaradılmayaraq haqsız yerə cərimələnmiş olur. Əgər ona barəsində icraatın aparılması və qərar qəbul ediləcəyi haqında məlumat verilsə idi müvafq sübutlarını təqdim edib, pozuntunun qarşısını ala bilərdi. Ona görə də, məhkəmədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 22.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X6 bildirmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən X5 barəsində aparılmış icraat üzrə səhvə yol verilmiş və sonuncu vəzifəli şəs qismində inzibati məsuliyyətə cəlb olunmuşdur. Odur ki, məhkəmədən verilmiş şikayətin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 09.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 09.04.2021-ci il tarixdə saat 13:31-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Krisha” restoranında işçi hyətinin qoruyucu vasitədən, tibbi maskadan istifadə ilə bağlı qaydaların pozulması aşkar edilmişdir. X1 fiziki şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlinmişdir. 22.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qismində 300 manat məbləğində inzibati cərimə olunmuşdur. 10.02.2022-ci il tarixli Bakı Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin X4 unvanladığı məktubdan görünür ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 01.07.2009cu il tarixdən 31.12.2009-cu il tarixədək və 01.10.2019-cu il tarixdən 30.06.2021-ci il tarixədək olan hesabat dövrləri üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə X3 dövriyyəsi 73,56 manat təşkil etmişdir. 01.01.2010-cu il tarixdən 30.09.2019-cu il tarixədək və 01.07.2021-ci il tarixdən 31.03.2022-ci il tarixədək olan hesabat dövrləri üçün X5 tərəfindən bəyannamə təqdim edilmədiyindən dövriyyələri müəyyən olunmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X5 barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 22.04.2021ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və iş üzrə aparılmış natamam araşdırma hazırda X3 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki səlahiyyətli orqan tərəfindən araşdırma aparılan zaman X5 barəsində əvvəlcə fiziki şəxs qismində icraat aparılaraq sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra isə X5 həmin protokol əsasında qəbul edilmiş qərarla yanlışlığa yol verilərək vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilmişdir. Tənbeh vermə haqqında qərarın qəbul edilməsi zamanı yanlışlığa yol verilməsi məsələsi məhkəmədə səlahiyyətli orqanın nümayəndəsinin izahatı öz təsdiqini tapmışdır. Həmçinin müəyyən edilmişdir ki, X5 barəsində inzibati icraat aparılan zaman sözügedən obyekt fəaliyyət göstərməmişdir. Bununla bağlı iş materiallarında Bakı Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin müvafi məktubu vardır. Belə olan vəziyyətdə sözügedən obyektdə inzibati xəta hadisəsi olsa da, həmin xəta ilə bağlı X3 vəzifəli şəxs kimi əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkib əlamətlərinin olması az inandırıcıdır. Bundan başqa, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona hansı səbəbə barəsində icraat aparılması haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, habelə müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan şəxs barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Məhkəmə, yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 22.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 22.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-684/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-684/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver