Məhkəmə qərarları › İş №3(001)-6845/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6845/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6845/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. X6 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə baş vermiş avtoqəza hadisəsi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə qərardan narazıdır. Baş vermiş avtoqəza hadisəsində onun avtomobili ciddi zədələndiyi halda qarşı tərəfin günahın özündə olduğunu söyləməsinə baxmayaraq Binəqədi rayon DYPŞ-nin polis leytenantı X4 heç bir araşdırma aparmadan avtoqəza hadisəsi ilə bağlı ona inzibati qaydada cərimə yazmışdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun izahat verərək, baş vermiş yol-nəqliyyat hadisəsində onun təqsirinin olmadığını, heç bir araşdırma aparılmadan qərar qəbul edildiyini nəzərə alaraq, barəsində qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ-nə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ-nin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 40 (qırx) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, verilmiş şikayət qismən təmin edilməli, 27 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən baxılması üçün inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, inzibati tənbehvermə haqqında qərar və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, 27 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X6 “KİA Sportage” minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Mərcanlı küçəsi, Dalan istiqamətində hərəkətdə olan zaman AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş və iş materiallarına əlavə edilmiş tərəflərin izahatlarından da görünür ki, şikayətçi vermiş olduğu izahatında da Mərcanlı küçəsində yolun düz olan hissəsi ilə hərəkət edən zaman sağ tərəfdən yolun kəsişmə hissəsindən keçən vaxt tam həmin hissəni keçən zaman həmin sağ tərəfdən çıxan maçın onun idarə etdiyi “Kia” markalı avtomobili sağ arxa qapısından yüksək sürətlə vurmuşdur. Sonra həmin şəxs avtomobildən düşəndə fikirli olduğunu, tələsdiyindən həyəcanlanıb tormoz əvəzinə qaza basdığını deyərək üzrxahlıq etdiyini, ciddi bir problem olmasa avtomobili öz hesabına təmir etdirəcəyini bildirərək yanında olan xanımı taksiyə mindirərək yola salmış,o isə öz növbəsində DİN 102 zəng xidməti mərkəzinə zəng etmişdir. İnspektor gəlmiş, hadisə yerinin şəkillərini çəkib getmişdir. Bundan əlavə ona verilən suallara cavab olaraq yol ayrıcını keçdiyini bildirmişdir. Göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi ətrafında kifayət qədər araşdırma aparılmamış, şikayətçinin izahatında qeyd etdiyi xüsusatlar, yol ayrıcını tamamilə keçməsi, sağ tərəfdən hərəkət edən nəqliyat vasitəsinin onun idarə etdiyi avtomobili sağ arxa qapısından vurmasını, avtomobili öz hesabına təmir etdirə biləcəyi xüsusatları araşdırılmadan, baş vermiş yol-nəqliyyat hadisəsində onun təqsirli olması tam olaraq müəyyən edilmədən barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, baş vermiş hadisədə X1 təqsirinin olub-olmaması dəqiq müəyyən edilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 327.1-ci maddəsinə əsasən ol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X2 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiya şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib edən DİN Binəqədi rayon DYPŞ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, DİN B Binəqədi rayon DYPŞ tərəfindən X6 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsiri olub-olmaması kifayət qədər araşdırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ-nə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Binəqədi rayon DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar