Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6846/2024 11.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Göyçay rayonu, Çərəkə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Show Baku” restoranında ofisiant işləyən, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5 izahat verərək bildirmişdir ki, 06 dekabr 2024-cü il tarixdə Amid Cəfərov adlı şəxs bölməyə müraciət edərək onunla birlikdə işləyən Şəxs restorana aid bank kartını verdiyini, sonuncunun həmin kartdan 310 manat pulu bankomatdan çıxarıb restorana qaytarmasını tələb etdiyini, lakin Şəxs onun pulunu mənimsəyərək geri qaytarmadığını bildirmişdir. Müraciətlə bağlı bölmə tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət təkibi olmadığından cinayət işinin başlanması rədd edilərək əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq bölməyə gətirilmişdir. İş üzrə Şəxs izahatı alınmış və o, törətdiyi əməli etiraf etmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 06 dekabr 2024-cü il tarixdə restorana məxsus kart ona verilmişdir ki, kartdakı pulu bankomatdan çıxarıb restorana qaytarsın. Lakin o, kartdakı pulu çıxarıb özünə götürmüş, kartı isə bankomatda qoyub getmişdir. Daha sonra çıxardığı 310 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda vurduğu maddi ziyanı ödəməyə imkanının olmadığını, eləcə də törətdiyi inzibati xətadan peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, onunla birlikdə işləyən Şəxs özünə olan bank kartını vermişdir ki, sonuncu həmin kartdan 310 manat pulu bankomatdan çıxarıb qaytarsın. Lakin Şəxs onun pulunu mənimsəyərək geri qaytarmamışdır. Kart ona məxsus olmuş, lakin içərisində olan pulu restorana verəcəkdi. Hazırda ona heç bir məbləğdə pul ödənilməmişdir və bu səbəbdən sonuncudan şikayətçidir. Ona görə də, məhkəmədən Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. xx.xx.2024-cü il tarixli, AZA 019099 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə saat 11:05-də inzibati tutmadan azad edilmişdir.
6. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, hadisə nəticəsində dəymiş maddi ziyan 310 manat olaraq müəyyən edilmişdir.
7. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Show Baku” restoranında işlədiyi vaxt X1 310 manat pulu mənimsəməklə İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
8. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz etriafedici izahatı ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə də öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 227-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
9. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir.
11. Məhkəmə, şəxsin məsuliyyətini yüngülləşdirən halla yanaşı, Şəxs şəxsiyyətini, onun talamaya meyilli olmasını, xırda talamaya görə bir neçə dəfə barəsində inzibati tənbeh tətbiq edilməsini, törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməməsini, barışıq əldə olunmamasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan ictimai işlər tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.
12. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
13. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
14. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
15. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
16. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
17. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.
18. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
19. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
20. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 11 dekabr 2024-cü il tarixdə saat 15:00-dan hesablanmalıdır.
21. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 11 dekabr 2024-cü il tarixdə saat 15:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova