Məhkəmə qərarları › İş №3(001)-6847/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6847/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6847/2024 11.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 206 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 izahatında göstərdi ki, 10 dekabr 2024-cü il tarixdə, saat 03:30 radələrində polis əməkdaşları ünvan 2 ünvanında narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli bilinən bir nəfər şəxsi müəyyən etmiş, həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmiş, bu zaman həmin şəxs özünü qeyri-adekvat aparmış, verilən suallara qeyri-səmimi cavablar verdiyi üçün polis əməkdaşları həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər. Bu zaman həmin şəxs polis əməkdaşlarına qarşı kobudluq etmiş, əl-qol hərəkətləri ataraq, polisin qanuni tələbinə tabe olmadığından, fiziki güc tətbiq olunaraq Polis Bölməsinə gətirilmişdir. Bölmədə müəyyənləşdirilmişdir ki, həmin şəxs Şəxsdur. Bundan sonra onun narkotik vasitə qəbul edib-etmədiyini müəyyənləşdirmək üçün Respublika Narkoloji Mərkəzdə tibbi yoxlama keçirilmiş, alınmış rəydə onun narkotikdən istifadə etdiyi müəyyənləşmişdir. Polis əməkdaşları tərəfindən tərtib olunmuş raport və alınış tibbi rəy əsasında hazırki protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sonda H.F.Abbasov Şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 10 dekabr 2024-cü il tarixdə gecə saatlarında yaşadığı evə gedərkən mülki geyimli şəxslər ona yaxınlaşıb qolundan tutmuşlar. Bu zaman o, həmin şəxslərin polis əməkdaşı olduqlarını bilmədiyi üçün onlara müqavimət göstərməyə çalışaraq əllərini çəkməyi tələb etmişdir. Nəticədə həmin şəxslər tərəfindən zorla polis bölməsinə gətirilmişdir. Narkotik vasitəni isə təxminən 1 ay əvvəl toy məclisində tanımadığı şəxsdən əldə etmişdir. Belə ki, o, həmin tanımadığı şəxsdən siqaret istəmiş, həmin şəxs siqaret əvəzinə ona narkotik vasitə vermişdir. O, siqaret kimi bildiyi maddəni çəkdikdə halı pisləşmiş, ürəyi bulanmışdır. Bədənindəki xəsarət izləri ilə bağlı isə bildirir ki, həmin izlər bu yaxınlarda öz məhlələrində dalaşması nəticəsində yaranmışdır. Sonda Şəxs özünü səmimi olaraq təqsirli bilməsini, əməlindən peşmanlıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmamış uşağının olmasını nəzərə alaraq, məhkəmədən barəsində inzibati həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin rəis müavini, polis mayoru X6 ifadəsində göstərdi ki, 10 dekabr 2024-cü il tarixdə, gecə saat 03:30 radələrində o, Bölmənin baş əməliyyat müvəkkili Rauf Əlizadə və əməliyyat müvəkkili Ümüd Səmədli xidmətdə olarkən ünvan 2 ünvanında bir nəfər şəxsin narkotik vasitələrin qanunsuz olaraq istifadəsində şübhəli olduğunu görüb ona yaxınlaşmış, özlərini təqdim etmiş, şəxsə suallar verərkən həmin şəxs özünü qeyri-adekvat aparmış, verilən suallara qeyri-səmimi cavablar verdiyi üçün Polis Bölməsinə dəvət edilmişdir. Bu zaman həmin şəxs onlara qarşı kobudluq etmiş, əl-qol atmış, Bölməyə getməkdən imtina etmiş, beləliklə polisin qanuni tələbinə tabe olmadığından, məcburi şəkildə Bölməyə gətirilmişdir. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyənləşmişdir. Saxlanılan zaman Şəxs üzündə xəsarət izləri olmuşdur, özünün deməsinə görə bir neçə gün öncə yaşadığı məhlədə kiminləsə dalaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları X7 və X8 şahid X3 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 10 dekabr 2024-cü il tarixli, Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən tərtib edilmiş raportda göstərilmişdir ki, “alınmış əməliyyat məlumatına əsasən xx.xx.2024-cü il tarixdə, saat 03:30 radələrində inzibati ərazidə xidmətdə olarkən, ünvan 2 ünvanında qanunsuz olaraq narkotik vasitələrin istifadəsində şübhəli bir nəfər şəxsi müəyyən etdik. Biz həmin şəxsə yaxınlaşaraq özümüzü təqdim etdik, onun özünü qeyriadekvat apardığı və verilən suallara qeyri-səmimi cavablar verdiyini görüb PB-yə dəvət etdik, lakin həmin şəxs bizə qarşı kobudluq edərək əl-qol hərəkətləri atdı, biz onu dəfələrlə qanuni tələbimizə tabe olmağa dəvət etsək də, o, öz hərəkətlərinə davam edərək nümayişkəranə tabesizlik hərəkətləri etdiyindən biz həmin şəxsə fiziki güc tətbiq edib PByə gətirdik. PB-də həmin şəxsin xx.xx.1988-ci il təvəllüdlü Şəxs olduğu müəyyən olundu...” - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X5- Narkoloji Tibbi yoxlamanın 10 dekabr 2024-cü il tarixli, 7745 nömrəli rəyində göstərilmişdir ki, tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində MOP (+), MET (+), THC (+), TML (+) aşkar olundu. Deməsinə görə, 10 ildir ki arabir narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə edir. Həmçinin, müəyyən müddətdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Müayinə zamanı Şəxs OPİOİDLƏRİN, Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - 10 dekabr 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 10 dekabr 2024-cü il tarixdə, saat 03:50-də inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını, şahid ifadələrini dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in həmin maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, şahid ifadələri, tibbi rəy ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmədə Şəxs törətmiş olduğu əməli səmimi etiraf etməsi, əməlindən peşmanlıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2020-ci il 2 sentyabr tarixli Qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, onun barəsində daha ciddi xəta olan İXM-nin 206-cı maddəsi ilə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 10 dekabr 2024-cü il tarixdə saat 03:50-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 dekabr 2024-cü il tarixdə saat 03:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar