Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6847/2025 26.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 375.0.1 və 375.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fərdi məlumatların mühafizəsi sektorunun müdiri X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC-yə məxsus onlayn bina idarəetmə sistemində fərdi məlumatların mühafizəsinin təmin edilməməsi və həmin sistemin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi aşkar edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs Məhdud Məsulliyyətli Cəmiyyətinin “Star Life” yaşayış kompleksində “Rahat Bina” rəqəmsal platformasından istifadə olunur. Həmin binanın komendantında, binada yaşayan sakinlərdə mobil tətbiq, həmçinin də platformaya giriş üçün istifadəçi adı və şifrəsi olan hesablar vardır. Sakinlər müxtəlif şikayətlərini bildirmək yaxud nəyisə müzakirə etmək, o cümlədən ödənişləri onlayn qaydada etmək üçün həmin platformadan istifadə edirlər. Platformada sakinlərin ad, soyad, ata adları, yaşadıqları mənzil, neçə mənzilə sahib olduqları və sair digər bütün məlumatlar vardır. Lakin həmin platformadan sızma baş vermişdir. Belə ki, inzibatçının giriş məlumatları sızdığından istənilən şəxs həmin platformaya daxil olaraq sakinlərin məlumatları ilə tanış ola bilmişdir. Halbuki, sistem təhlükəsizlik tələblərinə tam uyğun olmalı, təhlükəsizliyin yoxlanılması üçün bir sıra testlər həyata keçirilməlidir. Əsas məsələ isə ikili identifikasiya məsələsidir ki, ikili identifikasiya tətbiq olunması həmin sistemin təhlükəsizliyi üçün kifayət qədər önəm daşıyır. Səlahiyyətli orqan olaraq onlar araşdırmanı vətəndaş müraciəti əsasında aparmışlar. Belə ki, müraciət edən şəxs bildirmişdir ki, “Dark Web”-də həmin admin hesabın şifrə və parolu açıq şəkildə göstərilmişdir. Bundan sonra onlar həmin şəxsin göndərdiyi məlumatları yoxlamışlar və verilmiş məlumatın düzgünlüyü təsdiqini tapmışdır. Araşdırma zamam cəmiyyətin İT rəhbəri və hüquqşünası da dəvət edilmiş, onlar müvafiq tədbirlər görürləcəyini və çatışmazlıqların aradan qaldırılacağını bildirmişlər. Bundan başqa həmin platforma dövlət qeydiyyatından da keçməmişdir. Odur ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsulliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsulliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Şəxsnə məxsus internet informasiya ehtiyatında müştərilərə dair fərdi məlumatların əldə edilməsinin mümkün olduğu görünmüşdür. xx.xx.2025-ci il tarixli, 3-27-101/2-894/2025 nömrəli məktubdan görünür ki, Şəxsnə məxsus fərdi məlumatların informasiya sisteminin (https://rahatbina.starliferesidence.az) fərdi məlumatların informasiya sistemlərinin dövlət reuestrində qeydiyyatı mövcud deyildir. Beləliklə də, Şəxsnə məxsus müştərilərin fərdi məlumatlarının toplanıldığı və işlənildiyi informasiya sisteminin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmaması müəyyən edilmişdir və Şəxs MMC-yə məxsus “https://rahatbina.starliferesidence.az” internet informasiya sistemində onun müştərilərinin fərdi məlumatlarının mühafizəsinin təmin olunmaması faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 375.0-cı maddəsinə əsasən fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni: 375.0.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə; 375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 1.3-cü maddəsinə əsasən fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. “Fərdi məlumatlar haqqında’’ Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən, fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır, habelə Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir. Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən fərdi məlumatların informasiya sistemləri, o cümlədən bu Qanunun qüvvəyə minməsinə qədər mövcud olan informasiya sistemləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməlidir. Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair tələblərə'' əsasən informasiya sistemlərində fərdi məlumatların işlənilməsi zamanı mülkiyyətçi və operatorlar fərdi məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, fərdi məlumatlara qanunsuz müdaxilənin, surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, fərdi məlumatların işlənilməsi zamanı onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və bunun əsasında ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən fərdi məlumatların mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi, informasiya mühafizə vasitələrindən istifadə edən şəxslərə həmin vasitələrlə işləmə qaydalarının öyrədilməsi və onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair təlimlərin keçirilməsi ilə bağlı texniki-təşkilati tədbirlər görməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, 01 ədəd diskdə olan videogörüntü və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC-yə məxsus sifarişlərin idarə olunması sistemində (internet ünvanı: https://rahatbina.starliferesidence.az) fərdi məlumatların mühafizəsi təmin edilməmiş və həmin informasiya sistemi dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-6847/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6847/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver