Məhkəmə qərarları › İş №3(001)-6848/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6848/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6848/2025 03.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs nümayəndəsi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, "xxxx" X1 direktoru Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən "xxxx" X1 direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Binəqədi rayon icra şöbəsinin icraatında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi əsasında verilən icra sənədinə əsasən “Kjar 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlar cavabdehlər X4 və "xxxx" İKF-nin qanunsuz sahibliyindən alınaraq "xxxx" MMC-yə qaytarılmalıdır. Həmin qətnamə ilə bağlı icra sənədi icraatında xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuş, qurğunun tələbkara verilməsi yönündə çoxsaylı icra hərəkətləri aparılmış, lakin borclu tərəfin maneəçilik yaratması, süni əngəlllər yaratması ilə bağlı həmin qurğunun qarşı tərəfə verilməsi mümkün olmamışdır. Vəzifəli şəxs Şəxs sonuncu dəfə icra şöbəsinə dəvət edildikdən sonra izahatı alınmış, qarşısına bəzi suallar qoyulmuşdur. Şəxs izahatında bildirmişdir ki, həmin qurğunu qaytarmaq niyyəti yoxdur. Qarşı tərəfin birmənalı fikri budur ki, bu qurğu həmin qurğu deyil. Ancaq göstərilən bu iş materialları, eyni zamanda məhkəmə qərarının icrası ilə bağlı həmin qurğunun hazırda istismar müddətində olmasını belə borclu özü etiraf edir. İcra hərəkətlərinə açıq aşkar maneələr yaradır. Video görüntülər də var. İcra sənədinin icrasına qərəzli mane olur. Bundan əvvəl fiziki şəxs inzibati məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə 500 manat məbləğində cərimə eedilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, icra sənədinin icrası ilə bağlı 09 sentyabr 2025-ci il tarixdə qurğunun olduğu ünvana getmiş, həmin vaxt onları içəri buraxmamışlar. "xxxx" İKF-nin direktoru açıq aşkar icra sənədinin icrasından imtina etmişdir. Bundan əvvəl o, bir neçə dəfə qurğuya baxış keçirmiş, videoçəkiliş aparmışdır. Qərarın icra olunmamasının səbəbi borcludur. Borclu bildirmişdir ki həmin qurğunun qaytarılması böyük vəsait tələb edir, qurğu Rusiyadan gələn mütəxəssislər tərəfindən montaj edilimişdir. "xxxx" X1 direktoru Şəxs icra sənədləri üzrə icranı təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. "xxxx" X1 direktoru Şəxs Bakı Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borcunu icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu özü etiraf edir ki, qurğu istismar xəttindədir. 2025-ci ilin yanvar ayında onlar qurğunun çıxarılması üçün qurğunu söndürəndən bir neçə ay sonra borclu onların hərəkətlərindən şikayət etmişdir. Məhkəmə onun üzərinə konkret olaraq heç bir vəzifə qoymamışdır. Sadəcə hərəkətlərini qanunsuz hesab etmişdir. Qarşı tərəf bildirir ki, barışıq sazişi olduğu üçün işə xitam verilməlidir. Barışıq sazişi təsdiq olunmalıdır tərəflərin niyyəti varsa. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddənin də mahiyyəti məhkəmə qərarının icra olunmamısıyla bağlıdır. Özləri də etiraf edir ki, icra sənədini könüllü icra etmək niyyətləri yoxdur. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, icra məmuru işin hallarına tam olaraq qiymət verməmişdir. Necə ola bilər ki, 2018-ci ildə qəbul edilmiş qətnamə üzrə icra vərəqəsi 10 il olacaq ki, icra edilməsin. Bu borclunun günahından baş verən hadisə deyil. İcra məmuru öz vəzifələrini düzgün şəkildə yerinə yetirməyib. Buna dair məhkəmə qərarları var. İcra məmuru deyir ki, aktlar var, dəfələrlə getmişlər lakin icra sənədi icra edilməmişdir. Aktların əksəriyyəti borclu ilə tələbkarın razılığa gəlməsi ilə bağlı olmuşdur. Sonuncu akt tərtib edilərkən icra məmuru icra hərəkətlərinin təxirə salınması ilə bağlı borcluya ərizə yazmasını bildirmiş, sonuncu bundan imtina etmişdir. İcra məmuru tələbkarla qərəzli formada əlbirdir. Ona görə icra məmuru həmin aktı cırıb atmış, yeni bir akt tərtib etmişdir. Halbuki məhv edilmiş aktda onun da imzası olmuşdur. Şəxs icra sənədi üzrə borcunu icra etməkdən yayınmamış, qurğunun verilməsini təmin etməyəcəyini deməmişdir. Yalnız bir qurğu var. “Kjar 2-1” havaayrıcı qurğunun yalnız kompressoru borcluda mövcuddur. İcra məmurunun qeyd etdiyi digər avadanlıqlar borcluda deyil. İcra məmuru tərtib etdiyi aktda da göstərmişdir ki, servisə daxil olarkən yalnız kompressoru gözlə müəyyən edə bilmiş, digər qurğuların olduğunu müəyyən edə bilməmişdir. Həmin qurğuların eyniləşdirməsini həyata keçirmədən necə həmin qurğunu söküb aparmaq olar? İcraçı tədbirlərin heç birini həyata keçirməmişdir. Yalnız tələbkarla əlbirlikləri olanda "xxxx" X1 fəaliyyətini dayandırmışdır. İcra məmuru tələbkardan iltizam almışdır ki, məsuliyyəti üzərinə götürməklə söküntünü özü aparsın. Halbuki bu qaz istehsal edən, təhlükəli bir zavoddur. Onu tələbkar və özü gətirdiyi fəhlələr necə sökə bilər? Bu mümkün olmadığı üçün təbii ki, buna icazə verilməmişdir. Qurğunun sökülməsi üçün FHN-dən icazə alınmalıdır, layihəsi tərtib olunmalıdır. Qurğunun sökülməsi üçün fəaliyyətinin əvvəlcədən dayandırılması lazımdır. Bundan əvvəl fəaliyyət dayandırılanda bununla əsaslandırmışdır ki, təhlükəli bir zavoddur, fəaliyyəti əvvəlcədən dayandırılmalıdır ki, qurğunu sonradan sökmək olsun. Mütəxəssis rəyi alınmalıdır onu sökmək üçün. Bu tədbirlərin heç birini icra məmuru həyata keçirməmişdir. Bu ilin yanvar ayında icra məmuru "xxxx" X1 dayandırmışdır. Fəaliyyətin dayandırılmasının qanunsuz hesab edilməsiylə bağlı Binəqədi Rayon Məhkəməsinin 2 may 2025-ci il tarixli qərarı var. Həmin qərarda icra məmurunun mütəxəssis rəyi əlavə etməsi, qurğuların eyniləşdirilməsi barədə göstərişlər var. İcra məmuru deyir qərarda qeyd edilənlər onun üzərinə vəzifə kimi qoyulmamışdır. Həmin qərardan apelyasiya şikayəti verilmiş qərar qüvvədə qalmışdır. Tələbkarın borcluya 700.000 manat borcu var. Kompressorun maksimum 100-150 min manat qiyməti olar. İcra məmuru ekspertiza ilə kompressorun dəyərini müəyyən edə bilərdi. 10 ilə yaxın müddətdir ki, icra məmuru icra hərəkətlərini etmir. Eyni zamanda möhtərəm Ali Məhkəmənin 23 iyul 2025-ci il tarixli qərarı mövcuddur. Tərəflər arasında barışıq sazişi imzalanmış, sazişdəki öhdəliklər pozulduğuna görə aralarında mübahisə yaranmışdır. Tərəflərin biri-birinə borc münasibətləri mövcuddur. O qərarlardan birindən şikayət verilən vaxt Ali Məhkəmənin mövqeyi belə olmuşdu ki, bir tərəf artıq borclu deyil. Çünki artıq barışıq sazişi olmuşdur. Bu işə barışıq qaydasında xitam verilmişdir. Bununla bağlı o, Binəqədi Rayon İcra şöbəsinə müraciət etmişdir ki, Ali Məhkəmənin həmin qərarı nəzərə alınsın, həmin sənəd icra edilməyən icra sənədi kimi məhkəməyə qaytarılsın. İcra məmurunun bu ərizədən sonra da hər hansı hərəkət və ya hərəkətsizliyi barədə məlumat yoxdur. Binəqədi Rayon Məhkəməsinin konkret sizin üçün göstərişləri var icra hərəkətləri ilə bağlı. Axırıncı dəfə akt tərtib olunan zaman Etibar müəllim bəlkə də inzibati binada olmuşdur. Etibar müəllim çəkilişlərdə iştirak etməmiş və icra hərəkətlərinə maneçilik törətməyib. O, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsinin fikirləri ilə razı olduğunu bildirmiş, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-792/2018 nömrəli icra vərəqəsindən görünür ki, “Kjar 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlar cavabdehlər X4 və "xxxx" İKF-nin qanunsuz sahibliyindən alınaraq "xxxx" MMC-yə qaytarılması qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, "xxxx" X2 barəsində olan icra işi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" İKF, X6, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və Hacıyev Nizami Babaşah arasında barışıq sazişi imzalanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-325/2025 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Məmmədovun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-792/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı "xxxx" İKF-nin istehsal xəttini və qurğuların fəaliyyətini dayandırması ilə bağlı hərəkəti qanunsuz hesab edilmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmurları tərəfindən icra tədbirləri həyata keçirilərkən iş üzrə borclu X8 və “Çinar Servis” İKF “KJAr 2-1” havaayrıcı qurğu (əlavə 1- ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqların tələbkarın öz təşəbbüsü ilə sökülməklə geri qaytarılmasına maneəçilik törətmiş sexin giriş qapılarını bağlamaqla icra sənədinin icrasından yayınmış və icra sənədinin icra edilməməsi ilə bağlı barəsində protokol tərtib edilərkən izahat verməkdən imtina etmişdir. Bununla da icra sənədinin icrası təyin edilən vaxtda baş tutmamışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" X1 direktoru Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-792/2018 nömrəli icra sənədi üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X7 barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" X1 direktoru Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-792/2018 nömrəli icra sənədi üzrə öhdəliyini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, həmin icra sənədinə əsasən “Kjar 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlar cavabdehlər X4 və "xxxx" İKF-nin qanunsuz sahibliyindən alınaraq "xxxx" MMC-yə qaytarılmalı olduğu qeyd edilmiş, icra məmuru tərəfindən aparılan icra tədbirləri zamanı "xxxx" İKF-nin direktoru Şəxs icranın keçirilməsinə mane olmasının konkret olaraq hansı hərəkətlərdə ifadə olunması müəyyən edilməmiş, Şəxs əməllərində İXM-in 528.1-ci maddəsinin tərkib olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktla məhkəmə qeyd edir ki, həmin aktda qeyd edilmişdir ki, üzrə borclu X8 və “Çinar Servis” İKF “KJAr 2-1” havaayrıcı qurğu (əlavə 1- ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqların tələbkarın öz təşəbbüsü ilə sökülməklə geri qaytarılmasına maneəçilik törətmişdir. Hüquqi şəxs “Çinar Servis” İKF tərəfindən icra sənədinin icrasına maneçilik törədilməsinin mümkün olmaması ilə yanaşı, "xxxx" İKF-nin direktoru Şəxs icranın keçirilməsinə mane olması ilə bağlı aktda hər hansı qeyd göstərilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" X1 direktoru Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" X1 direktoru Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar