Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6852/2024 20.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 09 dekabr 2024-cü il tarixli, EQ24980066 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 09 dekabr 2024cü il tarixli, EQ24980066 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərar əsasında M.A.Quluzadə Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.3-cü maddəsi ilə təqsirli bilinərək ona 400 manat cərimə cəzası təyin edilmişdir. Həmin maddənin dispozisiyasında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi göstərilmişdir. Qərar **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı tərtib edilmişdir. Həmin avtomobil X2 atası X1 mülkiyyətində və faktiki istifadəsində olsa da, avtomobillə bağlı sonuncu etibarnamə onun adına verildiyi üçün cərimə ona təyin edilmişdir. Bundan başqa, atasına məxsus digər avtomobillərin onun tərəfindən idarə etmək hüququnu tanıyan etibarnamə olduğu üçün atası və qardaşı tərəfindən idarə edilən avtomobillər üzrə cərimələr də ona təyin edilmiş, nəticədə onun adına olan cərimə balları 20-yə çatmış və nəqliyyat vasitəsini idarəetmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və qərarından şikayət verilən orqana məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Şikayətçi məhkəməyə ərizə ünvanlayaraq, şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət əsaslı olduğundan təmin ediməlidir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 122.7-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. İş materiallarından görünür ki, “Lexus” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir və 29 avqust 2023-cü il tarixdə X3 həmin avtomobili idarə etmək hüququnu tanıyan etibarnamə verilmişdir. Bununla da, məhkəmə hesab edir ki, 09 dekabr 2024-cü il tarixli, EQ 24980066 nömrəli inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati xətanın törədildiyi zaman “Lexus” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin kim tərəfindən idarə edildiyi müəyyən edilmədiyindən, həmçinin qərarından şikayət verilmiş orqan buna dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, həmin qərar ləğv edilməli və həmin inzibati xətanın kim tərəfindən törədilməsi istiqamətində yenidən araşdırılma aparılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 09 dekabr 2024-cü il tarixli, EQ24980066 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xətanı törətmiş şəxsin müəyyən edilməsi istiqamətində əlavə araşdırma aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-6852/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6852/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver