Məhkəmə qərarları › İş №3(001)-6867/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6867/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6867/2025 16.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X1, zərər çəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(041)-31/2025 saylı icra vərəqəsinə əsasən 2(041)-1766/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçı X2 xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmasına maneə törədilməsi cavabdehə qadağan edilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmış, xx.xx.2025-ci il tarixdə icra sənədi Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş, borclunun sərbəst görüşü həyata keçirməsinə maneçilik törətməsinə dair xx.xx.2025-ci il tarixli akt da tərtib edilmişdir. Şəxs görüşün onun iştirakı ilə keçirilməsini tələb edir, əvvəllər olan problemlərə əsasən uşaqların geri qaytarılmamasından qorxduğunu bildirir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, əvvəllər uşaqlar atasının himayəsində və yanında olmuşdur, təxminən bir il dörd aydır ki uşaqlar onun yanında qalırlar. Bu müddət ərzində o uşaqların ata ilə ünsiyyətinə heç bir maneə yaratmamışdır. O, qorxduğu üçün uşaqlar ataları ilə görüşən zaman görüşdə iştirak etmiş, lakin heç bir mane törətməmişdir. Uşaqlar özləri də görüşlərin onun iştirakı ilə keçirilməsini istəmiş və bunu dəfələrlə icra məmmuruna da söyləmişdirlər. O da uşaqların görüşündə iştirak edir, çünki uşaqlarının psixoloji vəziyyəti yaxşı deyil. Bundan başqa X6 uşaqlarlara heç bir maddi yardım göstərmir və aliment ödəmir. Uşaqların ata ilə yalnız görüşməsindən qorxduğu üçün özünün və ya anasının iştirakı ilə görüşməsini istəyir, heç bir zaman görüşə mane olmamış, istədiyi zaman Ülvi Babayev uşaqlarla görüşmüşdür. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəmə qərarının icrasını zəruri olduğunu dərk edir və uşaqların ataları ilə sərbəst görüşünü təmin edəcəkdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 bildirmişdir ki, təqribən 1 il 4 aydır uşaqlar analarının yanındadırlar. Həmin müddət ərzində o bir dəfə olsun belə, övladları ilə sərbəst şəkildə görüşə bilməmişdir. Sonda məcbur qalaraq məhkəmə müraciət etmiş və xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı icra etmir. Ancaq ona görüş şəraiti Şəxs və sonuncunun anasının iştirakı ilə yaradılmışdır. Lakin nə qədər o öz övladları ilə belə görüşəcəkdir? Ata kimi övladları ilə gəzməyə, restorana, parka, geyim mağazasına getmək istəyir. Onun uşaqları qaytarmamaq kimi niyyəti yoxdur, zərərçəkmiş şəxsin məsuliyyətə cəlb edilməsinin də tərəfdarı deyildir, sadəcə uşaqları ilə sərbəst görüşə şərait yaradılmasını xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(041)-31/2025 saylı icra vərəqəsindən görünür ki, 2(041)-1766/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçı X2 xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmasına maneə törədilməsi cavabdehə qadağan edilmişdir. xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin e-16(041)-31/2025 saylı icra sənədi üzrə icraata başlanmışdır. X2 məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Uşaqla görüşlə bağlı aralarında razılaşma əldə edilmişdir, buna görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(041)-31/2025 saylı icra vərəqəsinə əsasən 2(041)-1766/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçı X2 xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmasına maneə törədilməsi cavabdehə qadağan edilmişdir. Həmin icra sənədinin Şəxs tərəfindən qərəzli olaraq yerinə yetirilmədiyi məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Şəxs uşaqların ataları ilə görüşlərinə heç bir zaman mane olmadığını, sadəcə narahat olduğu üçün özünün və anasının da görüşlərdə iştirak etməsini bildirmişdir. Həmçinin ananın görüşdə iştirak etməsi uşaqların istəyi ilə olmuşdur. Bundan başqa Şəxs hazırda icra sənədinin icrasına şərait yaradacağını bildirmiş və zərərçəkmiş şəxs də Şəxs ilə aralarında razılıq əldə olduğunu bildirərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Belə olan halda icra sənədi üzrə tələbin Şəxs tərəfindən qərəzli olaraq icra edilməməsi istisna edilir. Məhkəmə göstərilənlərə ümumiləşdirməklə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyət yaranması üçün borclunun icra sənədini qərəzli olaraq icra etməməsi mühüm şərtdir. Məhkəmə iclasında isə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(041)-31/2025 saylı icra vərəqəsi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs uşaqların ana ilə ünsiyyətinə heç bir mane yaratmamış, sadəcə özü də görüşlərdə iştirak etmiş, onun görüşdə iştirak isə uşaqların istəyinə əsasən olmuşdur. Həmçinin o bundan sonrakı görüşlər barədə isə tələbkarla razılığa gəlmişdir. Qeyd olunan hal Şəxs icra sənədini qərəzli olaraq icra etməməsini istisna edir. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Odur ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, icra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar