Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6869/2024 13.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in sahə inspektoru, polis mayoru X4, Müdafiəçi Bakı şəhər 11 saylı vəkil bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Ermənistanda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, deməsinə görə əvvəllər cinayət və inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu Goradil qəsəbəsində Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in sahə inspektoru, polis mayoru X6 tərəfindən MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in sahə inspektoru, polis mayoru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu Goradil qəsəbəsində küçədə nalayiq söyüşlər söydüyünə görə 43-cü PB-in əməliyyat müvəkkili Fəqan Əliyev ona yaxınlaşmışdır. Özünü təqdim edən F.Əliyev Şəxs intizama dəvət etsə də, o polisin qanuni tələbinə məhəl qoymamış, söyüşlər söyməyə davam etmişdir. Buna görə o, 43-cü PB-yə dəvət olunmuşdur. 43-cü PB-in əməliyyat müvəkkili Fəqan Əliyev tərəfindən tərtib edilmiş raport əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Əvvəllər 20 ildən artıq polis orqanlarında xidmət keçmiş, xidmət illərinə görə təqaüdə çıxmışdır. 10 dekabr 2024-cü ildə Göradil qəsəbəsində yerləşən çimərliyin ərazisindən böyük yük maşınları ilə dəniz qumu daşındığını görüb DİN-in 102 zəng xidmətinə məlumat vermiş, qeyd olunan məsələnin araşdırılmasını xahiş etmişdir. Belə ki, həmin yük avtomobilləri yaşadığı ərazidən keçirlər,yükləri ağır olduğu üçün X9 tərəfindən abadlaşdırılmış ərazini və yolu yararsız hal salırlar. 102 zəng xidmətinə məlumat verərkən adını, soyadını, atasının adını, mobil telefon nömrəsini və yaşadığı ünvanı qeyd etmişdir. 12 dekabr 2024-cü ildə saat 09:45 radələrində Mehdiabad qəsəbəsində yaşadığı evdən çıxarkən məhəllənin baş tərəfində 43-cü PB-in xidməti avtomobilini görmüşdür. Əvvəllər polisdə işlədiyi üçün 43-cü PB-in avtomobilini tanımış və anlamışdır ki, polislər onu aparmaq üçün gəlmişlər. Yaşadığı evə daxil olmuş, üzərindəki mobil telefonu evə qoyaraq küçəyə çıxmış və polis əməkdaşlarına yaxınlaşmışdır. Həmin vaxt polislər 4 nəfər olmuş və çayxanada oturub çay içmişlər.Həmin yerdə təhlükəsiz şəhər kamerası da mövcuddur. Polislər onu görüb qalxaraq xidməti avtomobilə əyləşdirib 43-cü PB-yə aparmışlar. Həmin gün ərzində bir neçə dəfə 43-cü PB-dən Binəqədi RPİ-yə aparılmışdır. Orada onu müxtəlif vəzifəli şəxslərin yanına aparmışlar. Həmin şəxslər ondan qum daşınması ilə bağlı nə üçün 102 zəng xidmətinə məlumat verdiyini soruşmuş, onların məlumatı olmadan heç kimin qum daşınması ilə məşğul ola bilməyəcəyini demişlər. Başa düşmüşdür ki, 102 zəng xidmətinə məlumat verməsi kimlərinsə maraqlarına toxunmuşdur və buna görə onu saxlamışlar. Həmin gün 43-cü PB-də saxlanılmış, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, polisə tabesizlik göstərməmişdir. Bunu evinin yanında quraşdırılmış təhlükəsiz şəhər kamerasının qeydə aldığı görüntülərdən də görmək mümkündür. Hesab edir ki, 102 zəng xidmətinə Göradil qəsəbəsində yerləşən çimərliyin ərazisindən böyük yük maşınları ilə dəniz qumu daşındığı barədə verdiyi məlumata görə cəzalandırılır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X7 bildirmişdir ki, Binəqədi RPİ-in 43-cü PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığına dair raportu o, tərtib etmişdir. Belə ki, xx.xx.2024-cü ildə xidmətdə olduğu zaman Şəxs Goradil qəsəbəsində küçədə nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşmışdır. Özünü təqdim etdikdən sonra Şəxs intizama dəvət etsə də, o polisin qanuni tələbinə məhəl qoymamış, söyüşlər söyməyə davam etmişdir. Qeyd olunanlara əsasən Şəxs 43-cü PB-yə dəvət etmiş, onun barəsində raport yazaraq, qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, işdə iştirak edən şəxsi dinləyib hesab edir ki, inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in əməliyyat müvəkkili X7 tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goradil qəsəbəsində küçədə nalayiq söyüşlər söydüyünə görə ona yaxınlaşmışdır. Özünü təqdim etdikdən sonra Şəxs intizama dəvət etsə də, o, polisin qanuni tələbinə məhəl qoymamış, söyüşlər söyməyə davam etmişdir. Qeyd olunanlara əsasən Şəxs 43-cü PB-yə gətirilmişdir. İnzibati xəta haqqında MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in sahə inspektoru, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in sahə inspektoru, polis mayoru X6 tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi aşağıda göstərilənlərə əsasən kifayətedici aydınlıqla sübuta yetirilmir. Belə ki, Şəxs ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, xx.xx.2024-cü ildə saat 09:45-də yaşadığı evdən çıxarkən polis əməkdaşlarının gəldiyini görüb özü onlara yaxınlaşmış və oradan 43-cü PB-yə gətirilmişdir. Belə olan halda Binəqədi RPİ-in 43-cü PB-in əməliyyat müvəkkili Fəqan Əliyevin hansı əsasla xidməti ərazisinə aid olmayan Abşeron rayonunda xidmət aparması, bu zaman Şəxs küçədə söyüşlər söydüyünü görüb ona yaxınlaşması anlaşılan deyil. Bundan başqa məhkəmədə şahid qismində izahat vermiş 43-cü PB-in əməliyyat müvəkkili Fəqan Əliyev verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs küçədə hansısa şəxslə mübahisə etmiş, bir-birilərini söymüşlər. Buna görə onlara yaxınlaşmış və Şəxs 43cü PB-yə dəvət etmişdir. Mübahisənin digər iştirakçısı isə 43-cü PB-yə dəvət edilməmişdir. Məhkəmə hesab edir ki, 43-cü PB-in əməliyyat müvəkkili Fəqan Əliyevin izahatının bu hissəsi də inandırıcı deyil. Belə ki, küçədə bir-birilə mübahisə edən, bu zaman söyüşlər söyən 2 nəfər şəxsin mübahisəsini görüb onlara yaxınlaşan polis əməkdaşının onlardan birini PB-yə dəvət etməsi, digərini isə sərbəst buraxması anlaşılan deyil. Həqiqətəndə belə bir hal baş vermişdisə bu zaman hər 2 şəxs PB-yə dəvət olunardı. Bundan əlavə məhkəmədə araşdırma zamanı müəyyən edildi ki, Şəxs həqiqətəndə hadisədən 2 gün öncə DİN-in 102 zəng xidmətinə zəng edərək,Göradil qəsəbəsində yerləşən çimərliyin ərazisindən böyük yük maşınları ilə dəniz qumu daşındığını bildirib, məsələnin araşdırılmasını xahiş etmişdir. Halbuki, məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş sahə inspektoru və əməliyyat müvəkkili Şəxs DİN-in 102 zəng xidmətinə zəng edərək, Göradil qəsəbəsində yerləşən çimərliyin ərazisindən böyük yük maşınları ilə dəniz qumu daşınması barədə məlumat verdiyini inkar etmişlər. Təsvir olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, məhkəmədə dindirilmiş sahə inspektorunun və əməliyyat müvəkkilinin izahatları, tərtib edilmiş raport mahiyyət etibarilə işin faktiki halları ilə ziddiyyət təşkil etməklə, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq etmir və onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Yəni, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs yaşadığı Abşeron rayonu ərazisində yerləşən evinin qarşısında saxlanılması, bundan 2 gün qabaq DİN-in 102 zəng xidmətinə zəng edərək, Göradil qəsəbəsində yerləşən çimərliyin ərazisindən böyük yük maşınları ilə dəniz qumu daşındığına dair məlumat verdiyi hansı səbəblərə görə gizlədilmişdir? Həqiqətəndə Şəxs küçədə başqa bir şəxslə söyüş söyərək mübahisə etmişdisə, onunla mübahisə edən şəxs hansı səbəbdən PB-yə dəvət olunmamış, kimliyi yoxlanılmamış, onun barəsində də oxşar inzibati xəta haqqında protokol tərtib edilməmişdir? Məhkəmə hesab edir ki, qeyd olunanlar təqsirin sübut olunmasında yaranan ciddi şübhələrdir, həmin şübhələr protokolun əsasını təşkil edən sübutların, o cümlədən xx.xx.2024-cü il tarixli raportun, polis əməkdaşı olan şahidin ifadəsinin mötəbərliyini şübhə altına alır və həmin sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in sahə inspektoru, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi X3 iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə cəmi 2 (iki) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclasda iştirak etmiş, işin materialları ilə tanış olmuş və onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in sahə inspektoru, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərdiyi cəmi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 12 (on iki) manat ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6869/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6869/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver