Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-687/2025 19.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 yanvar. 2025-ci il tarixdə saat 08:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində “HYUNDAİ Elantra” markalı, **-OK-*** dövlət nömrə nişanlı minik avtomobili ilə yolun sağ istiqamətində hərəkətdə olduğu zaman “X9” markalı , **-TT-*** dövlət nömrə nişanlı minik maşını onu sol tərəfindən getdiyi zolağa çıxmış, bu zaman həmin avtomobilin sağ qabaq buferi onun maşının sol tərəfdən arxa qapısından qabaq qapıya kimi sürtülmüşdür. O, maşını saxlamış, YPX əməkdaşları hadisə yerinə gələrək, onun sənədlərini almış və 18 yanvarda Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə yaxınlaşmağını tələb etmişlər. Ora getdiyi zaman günahın onda olduğunu bildirmişlər, o, isə bununla razılaşmayıb protokol tələb etmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi YPX baş inspektoru, polis baş leytenantı X3 protokol barədə SMS-in mobil telefonuna gələcəyini bildirmişdir. xx.xx.2025ci il tarixdə mobil telefonuna saat 10.28-də 40 manat cərimə olunmağı barədə SMS gəlmişdir. xx.xx.2025-ci il tarixdə protokolun surəti ona təqdim olunmuşdur. Yol-Patrul xidməti baş inspektoru polis baş leytenantı X3 tərəfindən barəsində İXP ******* nömrəli protokol və həmin protokolun əsasında İnzibati Tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Qərara əsasən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötınə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə ) törətdiyi və törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor etirazla razılaşmamış və barəsində heç bir qanuni əsası olmayan inzibati protokol tərtib edilmiş, heç bir əsaslandırma heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “Yol hərəkəti haqqında” qanununun tələbini pozmaqla 40 manat cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində dispozisiyasını Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi təşkil edir. YPX-əməkdaşı barəsində protokol tərtib edərkən o, hərəkət zolağında heç bir pozuntu etmədən hərəkət etdiyi halda digər qeyd etdiyi avtomobil yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi nəticəsində yaranmış qəza vəziyyətinə görə qeyd edilən maddəyə əsasən məsuliyyətə cəlb edilmişdir. Bu barədə o, DYP əməkdaşına bildirsə də heç bir nəticəsi olmamış, onun qayda hərəkətində pozuntunun olması DYP əməkdaşı tərəfindən israr edilmiş, guya əməlində pozuntu olması ilə bağlı barəsində qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərindən də göründüyü kimi onun barəsində tərtib olunmuş protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. Qərarda onun yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməyi qeyd olunsa da bununla bağlı ona heç bir sübut təqdim edilməmiş və barəsində tərtib olunmuş qərar formal mülahizələrə əsaslanır. Belə ki, o, yol nişanının tələblərini pozmamış və bu barədə ittiham tərəfinin heç bir mötəbər sübutu yoxdur. Odur ki, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun çıxış edib məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə 08:50-də Bakı şəhəri, Cəfər Xəndan küçəsində “Hyundai Elantra minik” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 müraciətində xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı yol-hərəkət qaydalarını pozmadığını, ol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etdiyini, yolnəqliyyat hadisəsinin iştirakçısı olmuş digər nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkət qaydalarının pozulması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyini, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmamasına baxmayaraq ona heç bir sübut təqdim edilmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki X2 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır və səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırmanın aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini istisna etmir. Digər tərəfdən səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur. Çünki inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-687/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-687/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver