Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-688/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis leytenantı X3, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, X17 küçəsi, ev 1B, mənzil 138 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs barəsində epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozduğuna görə Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB tərəfindən İXM-in 211.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis leytenantı X6 izahat verərək bildirmişdir ki, 21.02.2022-ci il tarixdə, saat 20 radələrində xidmətdə olan polis əməkdaşlarına Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən “Red Klub” adlı iaşə obyektinə baxmaları bildirilmişdir. Polis əməkdaşları “Red Klub” adlı iaşə obyektinə getdikdə orada epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozularaq qəlyandan istifadə edildiyini aşkar etmişlər. Bundan sonra polis əməkdaşları orada olan administratoru və iki nəfər müştərini Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Bölmədə həmin şəxslərin şəxsiyyəti müəyyən edilərək izahatları alınmış və Şəxs barəsində isə İXM-in 211.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o əvvəllər müxtəlif iaşə obyektlərində ofisiant kimi işləmiş və pandemiya dövründə işsiz olmuşdur. 21 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən “Red Klub” adlı iaşə obyektinə ofisiant kimi işə düzəlmişdir. Belə ki, o, qeyd edilən obyektə yaxınlaşaraq iş axtardığını demiş və orada olan Sabir adlı şəxs ona ofisiant kimi işləyə biləcəyini demişdir. Həmin günü o, işə başlamış və Sabir adlı şəxs obyekti ona tapşıraraq çıxıb getmişdir. Qeyd edilən tarixdə “Red Klub” adlı iaşə obyektində ondan başqa işçi olmamışdır. 21 fevral 2022-ci il tarixdə saat 19 radələrində obyektə olan zaman iki nəfər şəxs müştəri qismində gəlib otaqların birində əyləşmişdir. O, həmin şəxslərə qulluq edib onlara çay vermişdir. Bundan təxminən yarım saat sonra obyektə polis əməkdaşları gələrək ona obyektə qəlyan verilməsin demişdir. O, polis əməkdaşlarına obyektdə qəlyan verilmədiyini deməsinə baxmayaraq onu Binəqədi RPİ-nin 7-ci PB-nə aparmışlar və barəsində protokol tərtib edilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq Red Klub” adlı iaşə obyektin sahibinin kim olması barədə məlumatın olmadığını, onu həmin obyektə ofisiant kimi Sabir adlı şəxsin götürdüyünü, 21 fevral 2022-ci il tarixdə obyektdə ondan başqa heç kimin olmadığını və bütün işlərə özünün nəzarət etdiyini, işlədiyi müddətdə heç bir müştəriyə qəlyan verilmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında fərdi qaydada fəaliyyət göstərən X4 hüquqlarını müdafiə etdiyi Şəxs əməlində İXM-in 211.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını bildirərək sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş X5 izahat verərək bildirmişdir ki, 21.02.2022-ci il tarixdə, tanışı Elmina adlı şəxslə “Red Klub” adlı obyektə gəlmişlər. Orada istirahət edən zaman özünü administrator kimi təqdim etmiş və hazırda adını bildiyi Amin adlı şəxsdən və sonuncu onlara qəlyan vermişdir. Onlar qəlyandan istifadə edən zaman administrator onlara yaxınlaşaraq polis əməkdaşlarının gəldiyini bildirərək qəlyanı vermələrini demiş və o, buna etiraz etmədən qəlyanı təhvil vermişdir. Daha sonra polis əməkdaşları içəri daxil olmuş, onlardan qəlyan çəkdiklərini soruşduqda qəlyandan istifadə etdiklərini etiraf etmişdilər. Bundan sonra Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət edilmişlər və bölmədə izahatları alınmışdır. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X15 2-ci patrul bölüyünün əməkdaşı, polis serjantı X8 izahat verərək bildirmişdir ki, 21.02.2022-ci il tarixdə, saat 20 radələrində 2-ci patrul bölüyünün əməkdaşları X2 və X13 ilə birlikdə xidmətdə olan zaman Binəqədi RPİ-dən Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən “Red Klub” adlı iaşə obyektində qəlyan verilməsi və həmin obyektə gedərək baxmaları bildirilmişdir. Bundan sonra onlar qeyd edilən obyektə getmiş, lakin obyektin qapısı bağlı olmuşdur. Onlar qapını döysələr də qapı dərhal açılmamış və təxminən yarım saat orada gözlədikdən sonra özünü obyektin administratoru kimi təqdim edən Şəxs qapını açmışdır. Onlar özlərini Şəxs təqdim edib obyektdə qəlyan verilməsi barədə məlumatlarının olduğunu demiş, lakin sonuncu obyektdə qəlyan verilmədiyini bildirmişdir. Bundan sonra onlar obyektə baxaraq orada iki nəfər müştərinin olmasını aşkar etmişlər. Onlar həmin müştərilərdən obyektdə qəlyan istifadə edib-etməmlərini soruşmuş və sonuncular Amin tərəfindən onlara qəlyan verilməsini bildirmişdir. Bundan sonra onlar müştərilərin oturduğu otağa keçmiş və oradan masanın üzərində bir ədəd müştük olmasını, otaqdan qəlyan qoxusunun gəlməsini aşkar etmişlər. Daha sonra obyektin mətbəx otağına baxan zaman orada qəlyan olmasını və üzərindəki kömürlərin isti olmasını aşkar etmişlər. Bundan sonra orada olan administratoru və iki nəfər müştərini Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər və bölmədə həmin şəxslərin şəxsiyyəti müəyyən edilərək izahatları alınmışdır. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X15 2-ci patrul bölüyünün əməkdaşları X2 və X13 dindirilmiş digər şahid X8 ilə oxşar məzmunda izahatlar verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 21.02.2022-ci il tarixli raportdan görünür ki, Şəxs ”Red Klub” iaşə obyektində xüsusi karantin rejimi qaydalarını pozduğu üçün saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmişdir. 21.02.2022-ci il tarixli, AZA 002692 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21.02.2022-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. Şəxs barəsində tərtib edilmiş 23.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 11.12.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ”Red Klub” iaşə obyektinin sahibi X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qisminə 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.01.2022-ci il tarixli, 3(001)-76/2022 nömrəli qərarından görünür ki, ”Red Klub” iaşə obyektinin sahibi X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib və o, 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 7-ci PB tərəfindən İXM-in 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci tarixli, 336 nömrəli qərarının 1.1.11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektlərində qəlyan avdanlıqlarından istifadə qadağan olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci tarixli, 336 nömrəli qərarının tələbini pozmuşdur. Belə ki, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-688/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-688/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver