Məhkəmə qərarları › İş №3(001)-6882/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6882/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6882/2025 16.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru X2, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1975-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 227-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoruX6 oğlu tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş 16 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli, eləcə də, həmin Məcəllənin 206-cı maddəsi ilə tərtib olunmuş 16 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. Həmin protokollara əsasən, Şəxs 12 sentyabr 2025-ci il tarixdə, səhər saat 23 radələrində ünvan 2 ünvanında yerləşən “Araz” supermarketdən 01 ədəd 137 manat dəyərində “Kabrita” əmtəə nişanlı uşaq qidasını oğurlayıb, xırda talama inzibati xətasını törətmişdir. Bundan başqa, o, 13 sentyabr 2025-ci il tarixdə qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi narkotik vasitə olan marixuananı ünvan 3 ünvanında istifadə etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, Şəxs “Araz” supermarketdən 01 ədəd 137 manat dəyərində “Kabrita” əmtəə nişanlı uşaq qidasını tamah məqsədi ilə ələ keçirməklə, zərərçəkmiş şəxsə 137 manat maddi ziyan vurmuşdur. Saxlanıldıqdan sonra müəyyən edilmişdir ki, o, həm də 13 sentyabr 2025-ci il tarixdə ünvan 3 ünvanında narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Hər iki əməli Şəxs səmimi etiraf etmiş, əməllərində cinayət tərkibi olmadığından, 4-cü PŞ-nin təhqiqatçısı tərəfindən 15 sentyabr 2025-ci il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərar əsasında hazırki protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, "xxxx" MMC-də mağaza müdiri işləyir. ünvan 4 ünvanında yerləşən həmin marketdə olan hər bir məhsula cavabdehlik daşıyır. 12 sentyabr 2025-ci il tarixdə, saat 23:30 radələrində marketdə olan məhsullara baxan zaman uşaq qidaları bölməsində 1 ədəd “Kabrita” markalı uşaq qidasının yoxa çıxdığını görmüşdür. Həmin məhsulun satış qiyməti 137 manat təşkil edir. Mağazada olan müşahidə kameralarına baxan zaman məhsulun həmin tarixdə naməlum şəxs tərəfindən oğurlandığını bilmişdir. Hazırda zərər ödənilməmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, narkotik vasitələrin istifadəçisidir. Pulu olmadığından 12 sentyabr 2025-ci il tarixdə Cəfər Xəndan küçəsində yerləşən “Araz” supermarketi gəzib, “Kabrita” markalı uşaq yeməyinin qiymətinin baha olduğunu görüb onu sataraq pul əldə etmək qərarına gəlmiş və əlindəki sellofan torbaya qoymuşdur. Onu görən olmamış, marketdən sərbəst çıxmışdır. Sonra metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında həmin uşaq qidasını tanımadığı şəxsə 40 manat satmış, əldə etdiyi pulla narkotik vasitə alıb istifadə etmişdir. Soradan polis əməkdaşları tərəfindən saxlanılmış, törətdiyi əməlləri etiraf etmişdir. Hazırda məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. İş materiallarında olan: - Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Xanbaba Qasımzadə tərəfindən qəbul edilmiş 15 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarına əsasən, X4 ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227 və 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Bölmənin aidiyyəti əməkdaşlarına həvalə edilmişdir. - “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 15 sentyabr 2025ci il tarixdə, saat 09:30-da tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 sentyabr 2025-ci il tarixli, 5729 nömrəli rəyində göstərilmişdir ki, məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində AMP(+), OPİ (+) aşkar olundu. Müayinə zamanı öz deməsinə görə 14 yaşından narkotik vasitə olan marixuanadan istifadə edir. Müayinə zamanı Şəxs Kannabinaoidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar əsaslıdır. Şəxs məhkəmə iclasındakı izahatında törətdiyi əməlləri etiraf etmişdir. Beləliklə, Şəxs həmin inzibati xətaları törətməsi iş materialları və öz izahatı ilə tam sübuta yetirilmiş və törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 206 və 227-ci maddələrində göstərilən inzibati xəta hadisələrinin törədilməsi sübuta yetirilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətalara görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətaların xarakterini və İXM-nin 34.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan ictimai işlər tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə İXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 206 və 227-ci maddələri ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 227-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 227-ci maddəsinin sanksiyası həddində 02 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 sentyabr 2025-ci il tarixdən saat 09:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Qərarın icrası inzibati həbs hissəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar