Məhkəmə qərarları › İş №3(001)-6903/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6903/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6903/2024 18.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 2001-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X5 izahat verərək bildirmişdir ki, Şəxs 12 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs kirayə yaxta verəcəyi adı ilə aldadaraq, sonuncunun 340 manat pulunu dələduzluq yolu ilə əldə edərək, aldatmışdır. 21 noyabr 2024-cü il tarixdə faktla bağlı Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı Emil Səfərli tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, həmin vaxt hadisəni törədənin kimliyi məlum olmamış, İXM-nin 227-ci maddəsi ilə inzibati xətaya dair icraat aparıldığı vaxt Şəxs kimliyi müəyyənləşdirilmiş, polis şöbəsində izahatında o, törətmiş olduğu əməli etiraf etmişdir. Buna görə də, hazırki protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, tanışı Nihat Azadov ilə birlikdə “instagram” sosial şəbəkəsində “yaxta icarəsi” adlı səhifə yaradaraq orada pul müqabilində yaxta icarəsi xidməti göstərmələrinə dair saxta məlumatlar paylaşmışlar. 13 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs həmin səhifə vasitəsilə onlara müraciət edərək, kirayə yaxta istəmiş və təqdim etdikləri bank kartına 340 manat pul göndərmişdir. Onlar isə pulu əldə etdikdən sonra Zərərçəkmiş şəxs əlaqə vasitələrini bloklaşdırmış, beləliklə, onun 340 manat pulunu ələ keçirmişlər. Lakin, hazırki məhkəmə iclasınadək Zərərçəkmiş şəxs pulu qaytarılmış, onunla barışıq əldə edilmişdir. Sonda Şəxs məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X2 inzibati xəta törətmiş şəxslə zərərçəkmiş şəxs arasında barışığı, həmçinin, zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsini nəzərə alaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Şəxs ilə barışıq əldə etdiyini, sonuncu tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini və ondan heç bir şikayətinin, tələbinin olmadığını qeyd edib, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə 4-cü PŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə “instagram” sosial şəbəkəsində “Yaxta icarəsi” səhifəsindən götürdüyü ***-***-**-** saylı telefonla “vatsapp”la əlaqə saxladığını, həmin şəxsin göndərdiyi bank kartına 140 manat və 200 manat olmaqla, cəmi 340 manat köçürdüyünü, lakin həmin şəxsin öz vədinə əməl etməyərək onu aldatdığını bildirmişdir. Həmin müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxsin əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından, onun müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü bu qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 dekabr 2024-cü il tarixdə, saat 23:40-da inzibati qaydada tutulmuşdur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışıq əldə edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs xırda talama yolu ilə Zərərçəkmiş şəxs 340 (üç yüz qırx) manat məbləğində maddi ziyan vurması ilə bağlı xüsusat, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi etiraf edici izahatı ilə yanaşı, məhkəmə iclasında toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Lakin inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, Şəxs tərəfindən xırda talama yolu ilə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tamamilə ödənilmiş və onlar arasında barışıq əldə olunmuşdur. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 114-115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar