Məhkəmə qərarları › İş №3(001)-6923/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6923/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6923/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Rəhimova Aynurə Şirzad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxxxx 1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortaixtisas təhsilli, işləməyən, Xocalı rayonu, Meşəli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində göstərilən inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 18 dekabr 2024-cü il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol baxılması üçün 19 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 18 dekabr 2024-cü il tarixdə, saat 14:00 radələrində Binəqədi RPİ-nin DYPŞ-nin inzibati binasında səs-küy salaraq iş rejimini pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs A.M.Musayev izahatında göstərdi ki, 18 dekabr 2024-cü il tarixdə, saat 14:00 radələrində bir nəfər şəxs Binəqədi RPİ-nin DYPŞ-nin xidməti otağına daxil olaraq orada səs-küy salmış, aqressiv hərəkətlər etmiş, polis əməkdaşları onu sakitliyə dəvət etsələr də, o, polisin qanuni tələbinə tabe olmamış, onların qanuni iş rejimini pozmuşdur. Nəticədə polis əməkdaşları tərəfindən raport tərtib edilmiş və o, həmin raport əsasında hazırki protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, 18 dekabr 2024-cü il tarixdə Binəqədi RPİ-nin DYPŞ-yə yaxınlaşmışdır. Səbəb o olmuşdur ki, yol-nəqliyyat hadisəsi törədən Rəşad Cabbarlı barəsində protokol baxılması üçün məhkəməyə göndərilməmişdir. O, 902 qaynar xətti ilə əlaqə saxladıqda ona Binəqədi RPİ-nin DYPŞ-nin nömrəsi deyilmiş, ora ilə əlaqə saxlamalı olduğu bildirilmişdir. O, dəfələrlə Binəqədi RPİ-nin DYPŞ-sinə zəng vursa da, telefona cavab verən olmamışdır. Buna görə də o, 18 dekabr 2024-cü il tarixdə özü DYPŞyə getmiş, növbətçi hissədən onu 5-ci otağa yönəltmişlər. O, həmin otağa daxil olub niyə telefonlara cavab verilmədiyini və Rəşad Cabbarlı barəsində niyə qanuni tədbir görülmədiyini soruşmuş, bu zaman otaqdakı 2 nəfər mülki geyimli şəxslərdən biri ona kobud cavab verərək “ə” deyə müraciət etmiş, o isə cavabında “ə deyil, Şəxsdur” dedikdə həmin şəxs yenə eyni ifadəni təkrarlayaraq onun üzərinə hücum çəkib onu itələmişdir. Bu zaman o, uca səslə öz hüquqlarını ifadə edərkən otağa özünü Binəqədi DYPŞ-nin rəisi kimi təqdim edən xidməti geyimli şəxs daxil olmuş, ona oturmaq əmri vermiş, o oturduqda nə baş verdiyini soruşmudşur. O isə, həmin xidməti geyimli şəxsə şikayətini bildirmiş, həmin şəxs otaqdan çıxandan sonra otağa bir nəfər mülki geyimli şəxs daxil olaraq yenidən ona “ə, nə məsələdir axı” demiş, o isə cavabında “ə deyil, Hüseyndir, vətəndaşla danışıq qaydalarına əməl edin!” dedikdə həmin şəxs sol əli ilə onun sağ yanaq nahiyyəsindən yumruqla vurmuş, bu zaman otaqda olan 8-10 nəfər mülki geyimli şəxs, biri də xidməti geyimdə olmaqla, onun üzərinə yığışaraq döyməyə başlamışlar. Sağ-sol qollarını əzmiş, burmuş, sonradan boğmağa başladıqda o, huşunu itirircəsinə bədəni boşalmış, bu zaman onu boğan şəxs əlini çəkmişdir. Özünü DYPŞ-nin rəisi kimi təqdim edən şəxs yenidən otağa daxil olmuş, “demişdim ki, polisi çağırın” deyib, yenidən otağ tərk etmişdir. Sonradan Post-Patrul Xidməti əməkdaşlarə gəlmiş və onu 5-ci Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları özləri qanunsuz olaraq vətəndaşa fiziki zor tətbiq etdikləri halda, barəsində hazırki əsassız protokolu tərtib etmişlər. Hazırki məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid adlı şəxs onu döyən şəxslərdən biridir, Asimin barmağının zədələnməsi ilə bağlı ekspertizanın keçirilməsinə etiraz etmir, buna o səbəb olmuşsa, qanuni şəkildə cəzasını çəkməyə hazırdır. Sonda Şəxs məhkəmədən polis əməkdaşları tərəfindən ona şər atıldığını bildirib, onların cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşıdır. 18 dekabr 2024-cü il tarixdə, saat 14 radələrində vətəndaş Şəxs DYPŞ-nin inzibati binasına daxil olmuş, ona yaxınlaşaraq aqressiv şəkildə əlaqə telefonunun işləməmə səbəbini soruşmuş, o isə, səbəbini bilmədiyini, texniki nasazlıq ola biləcəyini demiş, Şəxs başqa bir şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilməməsi, hansı səbəbdən məhkəməyə göndərilməməsini soruşduqda o, protokolun tərtib edilməsi ilə bağlı qanunvericiliyin müddəalarını Şəxs izah etməyə çalışsa da, sonuncu səs-küy salmış, aqressiv davranmış, polisin qanuni tələbinə tabe olmamış, hətta onun üzərinə hücum çəkmiş, onu itələməsi nəticəsində əl barmağı əzilmişdir. Hadisə zamanı otaqda bir neçə nəfər polis əməkdaşı olmuş, onlar tərəfindən vətəndaş Şəxs heç bir fiziki zor tətbiq edilməmiş, əksinə onu sakitliyə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 18 dekabr 2024-cü il tarixdə, saat 14 radələrində o, Binəqədi RPİ-nin DYPŞ-nin inzibati binasında xidməti otaqda olarkən bir nəfər şəxs xidməti otağa daxil olub, aqressiv şəkildə “niyə telefonlara cavab vermirsiz, niyə tapşırılan işin öhdəsindən gəlmirsiz” kimi ifadələr işlətmiş, polis əməkdaşları həmin şəxsin problemini anlamaq üçün onu sakitliyə dəvət etsələr də, həmin vətəndaş polis əməkdaşlarını itələmiş, onlara fiziki güc göstərməyə çalışmışdır. Nəticədə barəsində akt və raport tərtib edilmiş və PPX əməkdaşları tərəfindən 5-ci PB-yə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin DYPŞ-nin operatoru, polis serjantı Fərid Əhmədli digər şahidlərin ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşları və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 18 dekabr 2024-cü il tarixli aktda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində bir nəfər şəxs DYPŞ-nin xidməti otağına daxil olaraq “Nə üçün telefonlara cavab vermirsiniz? Niyə tapşırılan işin öhdəsindən gəlmirsiniz?” aqressiv şəkildə soruşmuş, əməkdaşlar onu sakitliyə dəvət etmiş və Şöbəyə gəlmə səbəbini soruşduqda, o, naməlum, adını bildirmədiyi bir şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunmaması və rayon məhkəməsinə göndərilməməsi səbəbləri barədə izahat tələb etmişdir. Həmin şəxs dəfələrlə sakitliyə dəvət edilmiş, lakin bunlara baxmayaraq, o, aqressiv hərəkətləri davam etdirərək Şöbənin normal xidməti iş rejimini müəyyən müddətdə pozmuş, polisin ünvanına təhqiramiz ifadələr işlərmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxs xx.xx.1995-ci il təvəllüdlü Şəxsdur. - 18 dekabr 2024-cü ilt arixli, AZA 019099 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 18 dekabr 2024-cü il tarixdə, saat 14:30-da inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri sübuta yetirilmədiyindən, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyət yaranır. Sübut kimi məhkəməyə təqdim edilmiş və məhkəmə iclas zalında nümayiş etdiyilmiş videogörüntülərdən Şəxs polisin qanuni tələbinə tabe olmaması halı müəyyən edilmir. Lakin, İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər bu maddə ilə məsuliyyət yaradır. İşin faktiki halları ilə Şəxs Binəqədi RPİ-nin DYPŞ-də ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri öz təsqidini tapdığından, o, həmin maddənin sanksiyası həddində inzibati xəta üzrə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Şəxs Xocalı rayonundan məcburi köçkün olması, habelə, “Vətən müharibəsi”nin iştirakçısı olmaqla, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 4 gün müddətində inzibati həbs edilməli, tutulmasının əvvəli 18 dekabr 2024-cü il tarixdən, saat 14:30-dan hesablanmalıdır. Həmçinin, Şəxs dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 3 (üç) saata görə 18 (on səkkiz) manat ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 04 (dörd) gün müddətə inzibati həbs edilsin. Şəxs həbsdə saxlanma müddətinin əvvəli 18 dekabr 2024-cü il tarixdən, saat 14:30-dan hesablansın. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta üzrə icraata xitam verilsin. Qərar dərhal icra edilsin. X1 məhkəmə iclası zamanı göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə olunsun. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar