Məhkəmə qərarları › İş №3(001)-6926/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6926/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6926/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X9, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 2024-cü ilin dekabr ayında müxtəlif vaxtlarda yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, məhəllə 3169, ev 59K, 162 nömrəli mənzilin yerləşdiyi bir neçə sakinin yaşadığı ümumi istifadədə olan dəhlizində sakinlərin ünvanına nalayiq ifadələr işlətmiş, habelə qonşu mənzilin çöl qapısı üzərində quraşdırılmış videomüşahidə kamerasının qarşısında qeyri-etik əl və barmaq işarələri göstərmiş, həmçinin öz səsi ilə hazırladığı müxtəlif qanunlardan və məcəllələrdən birgəyaşayış qaydaları ilə bağlı çıxarışları özünün yaşadığı 162 saylı mənzildən videomüşahidə kamerasının mikrofonu ilə ümumi istifadədə olan dəhlizə hərəkət sessoru ilə işə düşməklə yayaraq uzun müddət sakinlərin dincliyini pozmuş, daha sonra 2 xamyak-cunqariki (gəmiricilər dəstəsinin siçanlar fəsiləsinə aid məməli heyvan növü) ümumi istifadədə olan dəhlizdə qoyaraq onların qutudan dəhlizə çıxmalarına və orada yaşayan sakinlərin qorxu və təşvişinə səbəb olmaqla xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən 19 dekabr 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Həsənov X13 rayonu, M.Cəlal küçəsi, məhəllə 3169, ev 59K, 162 nömrəli mənzilin sahibi və sakinidir. Onunla eyni mərtəbədə yaşayan sakinlər ondan xeyli narazıdırlar və bu barədə ərizə ilə 7-ci PB-yə müraciət edərək barəsində tədbir görülməsini xahiş etmişlər. Belə ki, Şəxs 2024-cü ilin dekabr ayında müxtəlif vaxtlarda Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, məhəllə 3169, ev 59K, 162 nömrəli mənzilin yerləşdiyi bir neçə sakinin yaşadığı ümumi istifadədə olan dəhlizdə sakinlərin ünvanına nalayiq ifadələr işlətmişdir. Qonşu mənzilin çöl qapısı üzərində quraşdırılmış videomüşahidə kamerasının qarşısında qeyri-etik əl və barmaq işarələri göstərmişdir. Bundan başqa qanunlardan və məcəllələrdən səsli çıxarışlar hazırlayaraq özünün yaşadığı 162 saylı mənzildən mikrofonla ümumi istifadədə olan dəhlizə yayaraq sakinlərin rahatlığını pozur. Son dəfə 2 çöl siçanını gətirib ümumi istifadədə olan dəhlizə buraxaraq sakinlərin qorxu və təşvişinə səbəb olmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Onun daha ciddi tənbeh növü olan inzibati həbslə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Binəqədi rayonu, M.Cəlal küçəsi, məhəllə 3169, ev 59K, 162 nömrəli mənzilin sahibi və sakinidir. Onunla qonşuluqda yaşayan 164 və 165 nömrəli mənzillərin sakinləri ona şər və böhtan atırlar. Bu isə yaşayış binasının komendantlığından qaynaqlanır. Çünki kömendantlıq öz öhdəliklərini lazımınca yerinə yetirmir, onu qonşularla üz-üzə qoyur. Sakinlər onu söydükləri üçün onları dəhlizdə söymüşdür. Qeyri-etik əl və barmaq işarələrini də onlara cavab olaraq göstərmişdir. Həmçinin mərtəbənin dəhlizində natəmizlik olduğu üçün süni intellektlə öz səsi ilə hazırladığı müxtəlif qanunlardan və məcəllələrdən birgəyaşayış qaydaları ilə bağlı çıxarışları özünün yaşadığı 162 saylı mənzildən videomüşahidə kamerasının mikrofonu ilə ümumi istifadədə olan dəhlizə hərəkət sessoru ilə işə düşməklə yayaraq sakinləri maarifləndirmək məqsədi güdmüşdür. 2 xamyakcunqariki isə hədiyyə vermək üçün almış, 15-20 dəqiqəlik mənzilinin qabağında dəhlizdə qoymuşdur ki, çıxanda götürüb aparsın. Bu müddətdə xamyak-cunqariklər qutudan dəhlizə çıxmışlar və sakinlər onları görüb qorxmuşlar. Qonşuların müraciəti əsasında polis bölməsinə dəvət olunmuş, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Heç bir inzibati xəta törətmədiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Binəqədi rayonu, M.Cəlal küçəsi, məhəllə 3169, ev 59K, 164 nömrəli mənzildə ailəsi ilə birlikdə yaşayır. Şəxs eyni mərtəbədə yerləşən 162 nömrəli mənzilin sakinidir. Onun qanunsuz və özbaşına hərəkətlərindən xeyli narazıdırlar və bu barədə ərizə ilə 7-ci PB-yə müraciət edərək barəsində ciddi tədbir görülməsini xahiş etmişlər. Belə ki, Şəxs 2024-cü ilin dekabr ayında müxtəlif vaxtlarda Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, məhəllə 3169, ev 59K, 162 nömrəli mənzilin yerləşdiyi bir neçə sakinin yaşadığı ümumi istifadədə olan dəhlizdə sakinlərin ünvanına nalayiq ifadələr işlətmişdir. Qonşu mənzilin çöl qapısı üzərində quraşdırılmış videomüşahidə kamerasının qarşısında qeyri-etik işarələr göstərmişdir. Bundan başqa qanunlardan və məcəllələrdən səsli çıxarışları özünün yaşadığı 162 saylı mənzildən mikrofonla ümumi istifadədə olan dəhlizə yayaraq gecəgündüz bilmədən sakinlərin rahatlığını pozur. Son dəfə 2 çöl siçanını gətirib ümumi istifadədə olan dəhlizə buraxaraq sakinlərin qorxu və təşvişinə səbəb olmuşdur. Bundan başqa özbaşına dəhlizdə uzun-uzadı boyama işləri görür, istifadə etdiyi boyaların qoxusu mənzillərə yayılaraq səhhətə mənfi təsir edir. Astma xəstəsi olduğundan bu yaxınlarda boyanın qoxusundan xəstəliyi kəskin ağırlaşmışdır. Dəfələrlə ona bu barədə xəbərdarlıq etsələrdə, nəticə çıxarmır, qanunsuz və özbaşına hərəkətlərinə davam edir. Odur ki, Şəxs barəsində ciddi tədbir görülməsini xahiş edirlər. Məhkəmədə şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, Binəqədi rayonu, M.Cəlal küçəsi, məhəllə 3169, ev 59K, 165 nömrəli mənzildə ailəsi ilə birlikdə yaşayır. Şəxs eyni mərtəbədə yerləşən 162 nömrəli mənzilin sakinidir. Onun özbaşına hərəkətlərindən narazıdırlar və bu barədə ərizə ilə 7-ci PB-yə müraciət etmişlər. Şəxs müxtəlif vaxtlarda 162 nömrəli mənzilin yerləşdiyi bir neçə sakinin yaşadığı ümumi istifadədə olan dəhlizdə sakinlərin ünvanına nalayiq ifadələr işlətmiş, çöl qapısı üzərində quraşdırılmış videomüşahidə kamerasının qarşısında qeyri-etik işarələr göstərmişdir. Qanunlardan və məcəllələrdən səsli çıxarışları özünün yaşadığı 162 saylı mənzildən mikrofonla ümumi istifadədə olan dəhlizə yayaraq gecə-gündüz bilmədən onların dincliyini pozur. Bir neçə gün əvvəl 2 çöl siçanını gətirib ümumi istifadədə olan dəhlizə buraxaraq onları qorxutmaq istəmişdir. Bundan başqa özbaşına dəhlizdə boyama işləri görür, istifadə etdiyi boyaların qoxusu isə mənzillərə yayılaraq səhhətlərinə mənfi təsir edir. Özü faringit xəstəsi olduğundan boyanın qoxusu xəstəliyinin ağırlaşmasına səbəb olur. Dəfələrlə ona xəbərdarlıq edilsədə, nəticəsi yoxdur. Şəxs barəsində ciddi tədbir görülməsini xahiş edirlər. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X2 Binəqədi RPİ-in 7-ci PB-in rəisi Xəqani Behbudova yazdığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, qonşuluqda yaşayan Emin adlı şəxs yaşadıqları mərtəbənin dəhlizində mütəmadi olaraq nalayiq hərəkətlər edir, binada yaşayan sakinlərə hörmətsizlik edərək çöl siçovulunu özbaşına gətirərək dəhlizə buraxıb onları və azyaşlı uşaqlarını qorxudur, normal və təhlükəsiz yaşamaq hüquqlarını pozur. Həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. X1 Binəqədi RPİ-in 7-ci PB-in rəisi Xəqani Behbudova yazdığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, qonşuluqda yaşayan Emin adlı şəxs yaşadıqları mərtəbənin dəhlizində mütəmadi olaraq nalayiq hərəkətlər edir, söyüş söyür, binada yaşayan sakinlərə hörmətsizlik edərək çöl siçovulunu özbaşına gətirərək dəhlizə buraxıb onları və azyaşlı uşaqlarını qorxudur, normal və təhlükəsiz yaşamaq hüquqlarını pozur. Həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. 19 dekabr 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən məhkəməyə təqdim edilmiş foto və video materiallardan görünür ki, Şəxs bir neçə sakinin yaşadığı ümumi istifadədə olan dəhlizdə nalayiq ifadələr işlədir, qonşu mənzilin çöl qapısı üzərində quraşdırılmış videomüşahidə kamerasının qarşısında qeyri-etik əl və barmaq işarələri göstərir. Həmçinin ümumi istifadədə olan dəhlizdə 2 xamyak-cunqarik görünür. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi qismən öz izahatı ilə yanaşı, şahidlərin izahatları, foto və video materiallar, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə tənbeh təyin etməklə tənbehin tərbiyəedici və xəbərdaredici məqsədlərinə nail olmaq olar. Belə ki, Şəxs ali təhsillidir, deməsinə görə ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirmişdir, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır, bu mənada qərarın təsviri hissəsində sadalanmış hərəkətlərinin hüquqazidd olduğunun fərqinə vara və məhkəmə qərarından sonra qonşuluq hüququ qaydalarına riayət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Həmçinin qeyd edilməlidir ki, müdafiəçi X16 iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə cəmi 2 (iki) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclasda iştirak etmiş, işin materialları ilə tanış olmuş və onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərdiyi cəmi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X12 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 12 (on iki) manat ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar